Miroslaviç Layçak: “Azərbaycan ATƏT üçün önəmli ölkədir”
5 Mart 2019 16:16 SiyasətMartın 5-də Milli Məclisin Sədri Oqtay Əsədov ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya Respublikasının Xarici İşlər və Avropa naziri Miroslav Layçakın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. MM-dən "Olaylar"a bildirilib ki, qəbulda Spiker Miroslav Layçakla görüşlərini xatırlayaraq, qonağın ATƏT-in fəaliyyətdə olan sədri kimi ölkəmizə səfərini yüksək qiymətləndirdi. Bildirildi ki, Azərbaycan uzun illər bu nüfuzlu beynəlxalq qurumun üzvü kimi təşkilata üzv ölkələrlə əməkdaşlığın inkişafına böyük önəm verir. Biz ATƏT-in müxtəlif institutları ilə sıx əməkdaşlıq edir, nümayəndə heyətimiz təşkilatın müxtəlif tədbirlərinə qatılır. Biz belə hesab edirik ki, ATƏT-in səlahiyyətləri genişləndirilməli, onun maraq dairəsində olan məsələlərin həlli üçün lazımi şərait yaradılmalıdır. Bu, ATƏT məkanında mövcud münaqişələrin aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilər. Bildirildi ki, bu gün dinamik inkişaf edən Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində, sərhədlərin toxunulmamazlığı prinsipi əsasında həlli bölgənin gələcək tərəqqisinə böyük töhfə verər. Problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu hələlik bu sahədə ciddi nəticələrə nail ola bilməmişdir. Biz inanırıq ki, problem tezliklə öz ədalətli həllini tapacaq.
Səmimi qəbul üçün minnətdarlığını bildirən ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya Respublikasının Xarici İşlər və Avropa naziri Miroslav Layçak ölkəmizə səfərindən və burada aparılan danışıqlardan məmnun qaldığını söylədi. O, səfərdən əsas məqsədin bölgədəki vəziyyətlə yaxından tanış olmaq, ilk mənbədən lazımi məlumatları əldə etmək olduğunu dedi. Bildirildi ki, ATƏT-in fəaliyyətdə olan sədri kimi qonaq insan amilinə və sabitliyin qorunmasına böyük önəm verir. Təşkilatın fəaliyyət istiqamətlərinin ATƏT məkanında münaqişələrin aradan qaldırılması, təhlükəsizliyin möhkəmləndirilməsi, nüfuzlu qurumlarla qarşılıqlı əməkdaşlığın genişləndirilməsi olduğunu diqqətə çatdırdı. Bildirildi ki, Azərbaycan ATƏT üçün önəmli ölkədir. Qonaq dedi ki, onun təmsil etdiyi təşkilat Qafqazın bu bölgəsi ilə gələcəkdə də əlaqələri genişləndirmək niyyətindədir. Miroslav Layçak Dağlıq Qarabağ probleminin tezliklə aradan qaldırılması üçün təşkilatın mövcud imkanlarından maksimum istifadə edəcəklərini dilə gətirdi.