Paşinyanın növbəti hədəfi- Təhlil

Məhəmməd Əsədullazadə: "Nikol Paşinyan çalışır ki, Qarabağdakı rejimi devirib öz adamlarını bura yerləşdirsin"

Ötən ilin sonlarından və cari ilin əvvəllərindən Dağlıq Qarabağ probleminin həlli istiqamətində artan diplomatik hərəkətlilikdə işğalçı Ermənistanın təxribatçı əməlləri səbəbindən bir müddət axsama hiss edilsə də, lakin ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfərləri deyəsən bu problemi aradan qaldırmağa müvəffəq olub. Yayılan qeyri-rəsmi xəbərlərə görə, vasitəçilərin regiona səfəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti görüşünün keçirilməsi barədə ümumi razılıq əldə edilib. Bəs görəsən, nəzərdə tutulan görüş problemin həlli istiqamətində nə dərəcədə əhəmiyyətli olacaq? Yaxud bundan sonrakı proseslər hansı məcrada davam edəcək? Bu və ya digər suallarla Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə ilə söhbətləşdik.

-Məhəmməd bəy, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfərlərinin nəticələrini necə xarakterizə edərdiniz?

-ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşünün keçirilməsi razılaşdırılıb. Nikol Paşinyan bu görüşün rəsmi deyil, ümumi görüş kimi olmasını istəyir. Ona görə ki, daxildə Nikol Paşinyana ciddi təzyiqlərin olduğu aydın sezilir. Bu təzyiqlər qarşısında Nikol  Paşinyanın siyasi nüfuzu aşağı düşür.

-Ancaq paralel olaraq Ermənistanın təxribatçı hərəkətləri də davam edir

-Əlbəttə. Maraqlı məqam ondan ibarətdir ki, bu görüş ərəfəsində Ermənistandan danışıqlar prosesinə zərbə vuran açıqlamalar verilir. Nikol Paşinyan və onun nazirləri Qarabağ separatçılarının danışıqlarda yer almasını xüsusi qeyd edirlər. Bu şərt birtərəfli qəbulolunmazdı. Onlar, həmçinin heç bir güzəştə getməyəcəklərini qeyd edirlər. ATƏT-in Minsk qrupunun həmsədrlərinin Nikol Paşinyanın bu təkliflərinə reaksiya verməməsi əsasən onların da belə bir təklifə isti baxdıığını göstərir. Amma, pərdəarxası müəyyən proseslərin getdiyindən rəsmi Bakının hələ Ermənistanla güc dilində danışmamasından aydın olur. Erməni separatçılarının danışıqlarda yer almasını Rusiya və Fransanın həmsədrləri də müdafiə edir.

Belə çıxır ki, həmsədrlər özləri də separatçıların danışıqlara cəlb edilməsinə şərait yaradırlar

-Həmsədrlər regiona daima səfər edərkən Xankəndinə gedib separtçılarla görüşür, onların mövqeyini öyrənirdilər. Həmsədrlər bu dəfə isə Xankəndinə getmədilər. Çünki, Nikol Paşinyan həmsədrlərin Xankəndinə getməsinin qarşısın alıb. Hazırda Xankəndindəki separatçıları Nikol Paşinyan siyasi izolyasiya edir. Buradakı rejim Serj Sərkisyanın komandasıdır və bu komanda ilə Nikol Paşinyan siyasi işbirliyinin əleyhinədir.

Bəs Paşinyanın planı nədədn ibarətdir?

-Nikol Paşinyan çalışır ki, Qarabağdakı rejimi devirib öz adamlarını bura yerləşdirsin. Özünün formalaşdırdığı erməni icması ilə Azərbaycan icmasının danışıqları baş tutsun. Məhz rəsmi Bakının Qarabağ icmasını aktivləşdirməsi bununla bağlıdır. Nikol Paşinyan çalışır ki, Bako Saakyanı devirib onu öz adamları ilə əvəzləsin. Hələ ki, buna nail ola bilmir. Çünki, Bako Saakyan birbaşa Moskvaya bağlı şəxsdir.

-Separatçılar necə, danışıqlarda iştiraka maraqlıdırlarmı?

-Hazırda Qarabağdakı erməni terrorçuları danışıqlarda maraqlı görünmür. Nikol Paşinyanın çarpaz açıqlamalarına baxmayaraq o, prezident İlham Əliyevlə görüşmək niyyətindədir. Növbəti danışıqlarda nəticə əldə olunması mümkün olmasa da, proseslərin indiki kimi davam edəcəyi gözlənilir. Nikol Paşinyan Xankəndində erməni icmasını öz adamları ilə əvəzələməsi üçün Bakıdan vaxt istəyəcək. Ona görə də rəsmi Bakının hazırkı durumda Paşinyan iqtidarına qarşı səthi açıqlamaları buradan qaynaqlanır. Qeyd edim ki, artıq həbsdə olan Robert Koçaryan bəyanat verərək Qarabağ anlaşmasına mane olacağını bəyan edib. Onun bu bəyanatı əsasən , Qarabağ klanının toparlanmasına və Nikol Paşinyana təzyiq edilməsinə hesablanıb.

-Bu arada İranın Ermənistanla bağlı siyasətini necə dəyərləndirərdiniz?

-İranın Azərbaycana qarşı siyasətində Ermənistana dəstək əsasən, Cənubi Azərbaycan məsələsindən qaynaqlanır. Tehran daima narahatdır ki, Azərbaycan Cənubi Azərbaycanın milli azadlığı üçün təkanverici qüvvə olacaq. Ona görə də çalışır ki, Qarabağ məsələsi həll edilməmiş qalsın. Ermənistana bütün parametrlərlə dəstək verməyə hazırdı ki, bu ölkə işğalçı siyasətindən əl çəkməsin. İranın Ermənistanla iqtisadi əməkdaşlığı yalnız işğalçı ölkəni ayaqda tutmağa hesablanıb. Burada İranın qazancı xərcindən azdır. Baxmayaraq ki, İranın Azərbaycanla iqtisadi əməkdaşlığı hər keçən gün yeni inkişaf mərhələsinə keçir. Ölkəmiz çalışır ki, Ermənistanla bu ölkənin iqtisadi əməkdaşlığı yüksək səviyyədə olmasın. Amma İran rejimi hər vəchlə işğalçını dəstəkləyir. İranın ali dini rəhbərinin ölkəmizdəki nümayəndəsi Ocaq Nicat öz xütbələrində buna aydınlıq gətirməlidir. Xütbə təkcə, 1400 il bundan əvvəl yaşananları danışmaq mərasimi deyil.

-Yaxınlarda Azərbaycandan İrana rəsmi səfər gözlənilir. Sizcə bu münasibətlərə həmin səfər zamanı aydınlıq gətiriləcəkmi?

-Bəli, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İrana rəsmi səfəri gözlənilir. Bu səfər çərçivəsində Elmar Məmmədyarov Tehranda, Təbrizdə və Ərdəbildə Xocalı soyqırım abidəsinin açılması ilə bağlı iranlı rəsmilər qarşısında məsələ qaldırmalıdır. Oradakı Azərbaycan ziyalıları ilə görüşməlidir. Təbrizdə Konsulluğumuzda da təbrizlilərlə görüş təşkil etməlidir. Ümumiyyətlə, Tehranın ölkəmizə Ermənistanın tərəfindən təzyiq göstərməsi aydın sezilir. Görünür, İran rəhbərliyi İsraillə dərinləşən əməkdaşlığımızdan narahatdır. Həmişə İran rəsmiləri Ermənistanla əməkdaşlıqlarını bizim İsraillə əməkdaşlığımıza nümunə gətirir. Amma, başa düşmək istəmirlər ki, İsrail İranın ərazisini işğal etməyib, iki ölkə siyasi ideoloji düşmənçilik aparır. İran rəhbərliyi İsraili müsəlman fələstinlilərə qarşı işğalçı siyasətinə görə sərt mövqe ortaya qoyur. Amma, Qarabağda müsəlman azərbaycanlılara qarşı işğalı və soyqırımı görməməzlikdən gələrək, Ermənistana dəstək verir. Demək, İran rejimi heç də müsəlman dünyası üçün çalışmır. Yalnız, öz maraqları konteksində bu kimi məsələlərə yanaşır.

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31