Azərbaycanda iqtidar-xalq birliyi saat kimi dəqiq, rəvan işləyir
4 Mart 2019 15:05 SiyasətRafael Hüseynov: "Dövlət başçısının ziyalılara, mədəniyyət xadimlərinə münasibəti həmişə çox həssas olub"
Prezident İlham Əliyevin Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin böyük bir dəstəsi ilə növbəti görüşünün geniş, həm də xoş əks-səda doğurması təsadüfi deyil. Əslində dövlətimizin başçısının cəmiyyətin ən müxtəlif təbəqələri ilə səmimi görüşlərinin hər biri dərhal müzakirə mövzusuna çevrilirsə, bununla əlaqədar münasibətlər isti-isti həm xalq arasında, həm də kütləvi informasiya vasitələrində ifadə olunursa, bu, bir göstəricidir.
Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov qeyd edib ki, nailiyyətlərimizi görüb məmnunluq duyanlar da, ölkədə aparılan genişmiqyaslı işləri dəyərləndirən, xalqla ölkə rəhbərliyinin birliyinə sevinənlər də, əksinə, hər belə görüşün Azərbaycan cəmiyyətində yaratdığı yeni ruh yüksəkliyindən narahatlıq keçirənlər, əlüstü xəbis yozumlarla xoş təəssüratları soyutmağa cəhd edənlər də anlayırlar ki, əsas nailiyyətimiz olan iqtidar-xalq birliyi saat kimi dəqiq, rəvan işləyir. Hər belə görüş yenidən sübut edir ki, bu cür təmaslar qətiyyən formal səciyyə daşımır, ilk növbədə, daxili ehtiyacdan doğur, Prezidentin xalqın səsini daha yaxından eşidib duymaq istəyindən qaynaqlanır. Ən mühümü isə, hər belə ünsiyyət vasitəsilə Prezident İlham Əliyev yeni və daha güclü Azərbaycan quruculuğunda hansı məqamlara daha artıq diqqət yetirmək qənaətlərinə nə kimi korrektə və əlavələr etmək gərək olduğunu müəyyənləşdirir. Son Prezident seçkilərindən ötən müddət bir ilə yaxınlaşır. Arxada qalan aylarda biz dövlətimizin başçısının əhatəli və sıçrayışlı inkişafa əhəmiyyətli təkan verəcək islahatlar aparmaq səmtində bir sıra cəsarətli addımlarının şahidi olmuşuq. Həm ölkə rəhbərinin açıqca elan etdiyi, həm də şahidi olduğumuz təşəbbüslərdən hiss edildiyi kimi, bu islahat və yeniləşmələr Azərbaycanı yüksəliş və zənginləşmənin, irəliləyiş və rifahın büsbütün yeni, indiyəcən gördüklərimizdən qat-qat üstün mərhələsinə doğru aparır". Millət vəkili bildirib ki, əslində qaçqın və məcburi köçkünlərlə görüşüb onların səsini eşitməyi arzulayanda da, təhsil, ya səhiyyə sahəsinin mütəxəssisləri ilə üz-üzə dayananda da, kənd təsərrüfatı sahəsinin təmsilçiləri ilə fikir mübadilələrinə başlayanda da, təbiətin şıltaqlıqlarından əziyyət çəkmiş insanların yanına tələsib onlara hayan duranda da Prezident İlham Əliyevin nitqi, qaldırılan məsələlərə münasibəti bariz şəkildə nümayiş etdirir ki, dövlətimizin başçısı problemlərin ən geniş spektrinə incəliklərinə qədər bələddir: "Ölkənin sabahkı daha yüksək tərəqqisi naminə nəyi haradan başlamalı olmağın, islahatların daha səmərəli alınması üçün hansı yolların və həll üsullarının seçilməsinin də təfərrüatlarından yerli-yataqlı agahdır, bütün suallara dürüst, məntiqli, uzaqgörən cavabları hazırdır. Lakin hər belə görüş həm cənab Prezident, həm də qarşı tərəfdən ötrü qarşılıqlı inam və etibarın daha da güclənməsi, ümumi inkişafımız üçün mümkün variantlardan hansının seçilməsinin daha məqsədəuyğun olması, hansı işlərin birinci növbədə, təxirə salınmadan gerçəkləşdirilməsini aydınlaşdırmaq fürsətidir. Prezident mədəniyyət xadimlərini müzakirələrə dəvət etmək, onları sərbəstcə ürək açmaq, sözlərini açıq deməyə hazırlamaq üçün əvvəlcə özü giriş nitqi ilə çıxış edir. Bu qəbil görüşlərdə dövlət rəhbərimizin belə nitqlərini ard-arda sıralayıb təhlil edəndə anlayırsan ki, bu çıxışların heç biri, sadəcə, uğurların sadalanması və qarşıdakı vəzifələrin çevrəsinin cızılması kimi qəbul edilməməlidir. Hər belə nitqi əslində Prezidentin hər gün içərisində gəzdirdiyi Azərbaycan quruculuğu düşüncələrinin ucadan səsləndirilməsi, müdrik bir şəxsiyyətin, ağlına, istedadına, səviyyəsinə inandıqlarına müraciətlə "bəs siz necə düşünürsünüz?" sualını verməsidir. Dövlət başçısının ziyalılara, Azərbaycan mədəniyyətini yaşadıb irəlilədən sənətkarlara, mənəvi və mədəni dəyərlərimizə, bu sərvətləri qoruyub təbliğ edən mədəniyyət ocaqlarına münasibəti həmişə çox həssas olub. Belə nəvazişkar münasibətin ən azı bir nümunəsinə ən yaxın məsafədən müşahidələrlə özüm canlı şahidəm. XIX əsrin ortalarında tikilmiş, onillər boyu sadəcə təmir adı ilə yüngülvari əl gəzdirilmiş Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi ağır durumda idi. Divarları çat-çat olmuş, döşəmələri dağılmış, tavanının suvaqları qopub tökülmüş bu nadir mədəniyyət və elm mərkəzi, söz məbədi miskin halı ilə ürək ağrıdırdı. Azərbaycan Prezidenti kimi fəaliyyətə başlayarkən dahi Nizaminin adı ilə bağlı muzeyə cənab İlham Əliyevin dəvət gözləmədən gəldiyi ilk ünvanlardan oldu. Gəldi və muzeyə yeni həyat verdi, aylarla bu və digər muzeylərdəki işlərin gedişini, yenidənqurmanın necə aparılmasını, əgər bina bönövrəsindən təzə tikilirsə inşaatın gedişini vaxt taparaq izlədi, tövsiyələrini verdi, işi ləngidən səbəblərin aradan qaldırılmasını təmin etdi. Belə canıyanan və səriştəli, peşəkar və həm də qətiyyətli yanaşma olmayanda isə öyünüləsi, fəxr edilə biləcək nəticələr də ortaya çıxmır". Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan mədəniyyət xadimlərinin iri bir dəstəsi və aparıcı yaradıcı təşkilatların rəhbərləri ilə son görüşü mənim xatirimə xeyli əvvəl baş vermiş ayrı bir görüşü saldı: "Böyük yolun başlanması ərəfəsi idi. 2003-cü ilin prezident seçkilərinin lap astanasında idik. Seçkilər oktyabrın 15-də keçiriləcəkdi, ayın 14-ü təbliğat-təşviqat mərasimlərinin yekunlaşması, sükut günü olmalı idi. Ayın 1-dək prezidentliyə namizəd İlham Əliyev o günədək çoxsaylı görüşlər keçirmişdi və Musiqili Teatrın tarixi binasında təşkil edilmiş son yığıncaq əslində seçkiöncəsi görüşlərin zirvəsi sayıla bilərdi. Prezident İlham Əliyevlə görüşə Azərbaycanın ən istedadlı, parlaq insanları, bütün Vətəninki olan şəxsiyyətlər - alimlər, pedaqoqlar, yazıçı və şairlər, incəsənət xadimləri, bir sözlə, ən seçmə ziyalılarımız toplaşmışdılar. İlham Əliyev niyyətlərini açıqlayırdı, Azərbaycanı daha böyük zəfərlərə və tərəqqiyə çatdırmaq üçün həyata keçirməyi düşündüyü layihələrdən danışırdı və sadədən-sadə, amma dərindən-dərin bir vəd etdi. Söylədi ki, etimad göstərilərsə, mən Azərbaycana yaxşı Prezident olacağam. 15 ili bitərək 16-cı ili başlanan möhtəşəm yolu ilə Prezident İlham Əliyev hər gün həmin vədini yerinə yetirməklə məşğul olub və nəticə belə qısa zaman ərzində bunca inkişaf etmiş, qüdrətlənmiş Azərbaycandır.İndi Azərbaycan dövlətinin inkişafındakı yeni və köklü islahatlara başlayarkən Prezident İlham Əliyevin keçirdiyi hər görüş, Azərbaycanın mədəniyyət xadimləri ilə olan son toplantı da bu istiqamətdəki böyük uğurlarımızın müqəddiməsi, anonsu kimi qavranılmalıdır".
Nurlan
Ardı var