Bakıda Azərbaycan və Səudiyyə Ərəbistanı arasında Müştərək Komissiyanın 5-ci iclası keçirilib

Martın 4-də Bakıda Azərbaycan Respublikası hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın 5-ci iclası keçirilib. Maliyyə Nazirliyindən "Olaylar"a verilən məlumata görə, iclasda komissiyanın həmsədrləri, maliyyə naziri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının Baş İnvestisiya Qurumunun rəhbəri İbrahim bin Əbdülrəhman əl-Ömərin başçılıq etdikləri nümayəndə heyətləri iştirak ediblər. Komissiyanın gündəliyinə iki ölkə arasında ticarət əlaqələrinin inkişafı və gücləndirilməsi, həmçinin ticarət dövriyyəsinin həcminin artırılması, yanacaq-energetika, kənd təsərrüfatı, qida təhlükəsizliyi, informasiya-kommunikasiya texnologiyaları, əmək və məşğulluq, səhiyyə, mədəniyyət, turizm, təhsil, gənclər və idman, islam məsələləri, təhlükəsizlik, hava əlaqəsinin genişləndirilməsi, meliorasiya və su təsərrüfatı, müqavilə-hüquq bazası və digər sahələrdə əməkdaşlığa dair məsələlər daxil edilib.

İclasda, həmçinin Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, Komissiyanın 4-cü iclasından sonrakı dövrdə görülmüş işlər və əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub. Gündəlikdəki məsələlərin müzakirəsinin yekunu olaraq Protokol imzalanıb. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə iki ölkənin biznes dairələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31