“Paşinyan qorxduğu üçün danışıqlardan çəkinir”
4 Mart 2019 12:20 SiyasətElxan Şahinoğlu: Minsk qrupu bu problemin əbədiyyətə qədər uzanacağını düşünür.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tezliklə ATƏT-in Minsk Qrupu həmsədrlərinin təşkilatçılığı ilə görüşməyə razılıq veriblər. Bu barədə həmsədrlərin ötən həftə sonu verdikləri bəyanatda deyilir. Bildirilir ki, vasitəçilər fevralın 20-də İrəvanda Nikol Paşinyan və fevralın 21-də İlham Əliyevlə görüşüblər. Görüşdə liderlərin yaxın gələcəkdə keçiriləcək görüşü, müzakirə oluna biləcək məsələlər diqqət mərkəzində olub.
Bəs dövlət başçıları səviyyəsində planlaşdırılan bu kimi görüşlərdən xüsusi bir nəticə gözləmək olarmı?
Məsələ barədə politoloq Elxan Şahinoğlunun fikirlərini öyrəndik. O, əvvəlki görüşlərdə olduğu kimi bu görüşdən də real bir nəticə gözləmədiyini dedi:
"Ümumiyyətlə, Paşinyanla görüşdən heç bir nəicə gözləmirəm. O adam özü erməni əhalisi qarşısında açıqlama verir ki, görüşlərdə real nəticə yoxdur, bu danışıqlar Dağlıq Qarabağdakı separatçılarla aparılsın. Bu cür yanaşma ilə danışıqlardan irərliləyiş gözləməyə dəyməz. Amma əlbəttə görüşlər, müzakirələr davam etməlidir, sonra ATƏT-in Minsk qrupu deməsin ki, dialoqdan qaçırlar. Minsk qrupu düşünür ki, bu problem əbədiyyətə qədər uzanacaq. Amma anlamalıdılar ki, bu kövrək atəşkəsdir və danışıqlardan bir nəticə çıxmasa, müharibə ehtimalı güclənəcək".
Politoloqa görə, Paşinyanın çıxışları, məsələyə qeyri-ciddi yanaşması o deməkdir ki, bu adam görüşlərdə maraqlı deyil, təşəbbüskarlıq nümayiş etdirmək istəmir:
"Kənar basqılardan qorxur, düşünür ki, bir addım atsa, onu hakimiyyətdən devirərlər. Ona görə də bu görüşlər olsa belə, ondan xüsusi bir nəticə gözləmək əbəsdir".
Qeyd edək ki, sözügedən görüşün dəqiq harada keçiriləcəyi məlum deyil. Belə bir görüş niyyətini ötən həftə İranda səfərdə olarkən Nikol Paşinyan da təsdiqlədi. Lakin o dedi ki, bu, gündəmsiz bir təmas olacaq.
aznews