Mərakeşlə gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
4 Mart 2019 11:49 SiyasətGənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığında rəsmi səfərdə olub. "OLAYLAR"-a nazirliyin mətbuat katibliyindən bildirilib ki, səfər çərçivəsində Mərakeşin gənclər və idman naziri Rachid Talbi Alami, nazirliyin İdman direktorluğunun və Qadın, uşaq və gənclərlə iş üzrə direktorluğunun rəhbərləri ilə görüşlər keçirilib.
Görüşlər zamanı nazir müavini İntiqam Babayev ölkəmizin inkişafı, gənclərlə iş və idman sahəsində əldə olunan nəaliyyətlər haqqında geniş məlumat verib. Eyni zamanda, iki ölkə arasında qeyd olunan sahələrdə əməkdaşlığın gələcək perspektivləri və növbəti illər üçün müvafiq protokolun və tədbirlər planının hazırlanması məsələləri müzakirə edilib. Hər iki ölkənin gəncləri arasında mübadilənin genişləndirilməsi və iştirakı ilə yeni layihələrin işlənilməsinin zəruriliyi vurğulanıb.
Daha sonra nümayəndə heyətiKadrların Hazırlanması üzrə Kraliyyət İnstitutuna səfər edib, institutun fəaliyyəti ilə yaxından tanış olublar.