Azərbaycan-Çin əməkdaşlığı müzakirə edilib
1 Mart 2019 16:46 Siyasətİqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir. "Olaylar" xəbər verir ki, nümayəndə heyətinə İqtisadiyyat, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirləri, Xarici İşlər, Kənd Təsərrüfatı, Energetika nazirliklərinin, "Azərbaycan Dəmir Yolları" QSC-nin, Dövlət Gömrük Komitəsinin, Azərbaycan Dövlət Neft Şirkətinin, İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəhbər şəxsləri və sahibkarlar daxildir. Komissiyanın həmsədri, Çinin Kommersiya Nazirliyinin Avrasiya departamentinin rəisi Lu Veydonun rəhbərlik etdiyi Çin nümayəndə heyətində isə Çinin aidiyyəti dövlət qurumlarının rəhbərləri və iş adamları təmsil olunur. Səfərin ilk günü Azərbaycan nümayəndə heyəti Çinin "Huawei" və "Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd" (CNEEC) şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib, müzakirələr aparıb.
"Huawei" şirkətinin rəhbəri ilə görüşdə İKT sahəsində əməkdaşlığın inkişafı imkanları müzakirə edilib. Bildirilib ki, İKT-nin inkişafı Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir. Bu baxımdan Azərbaycan dünyada aparıcı şirkətlərdən olan "Huawei" ilə əlaqələrin genişləndirilməsində maraqlıdır. Görüşdə "Huawei" şirkətinin istehsalı olan və müxtəlif sahələri əhatə edən yeni texnoloji həllərin təqdimatı keçirilib. İqtisadiyyat naziri Şahin Mustafayevin "Çin Milli Elektrik Mühəndisliyi Ko. Ltd" (CNEEC) şirkətinin prezidenti Zanq Yanfey ilə görüşündə şirkətin ölkəmizdə fəaliyyətinə və əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb. Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət və digər sahələrdə Çin sərmayəli şirkətlərin fəaliyyət göstərdiyini qeyd edən nazir Şahin Mustafayev CNEEC-in Azərbaycanda müxtəlif layihələrin icrasında iştirak etdiyini vurğulayıb. CNEEC-in prezidenti Zanq Yanfey şirkətin Azərbaycanla əməkdaşlıqda marağını ifadə edib. Görüşdə Azərbaycanda avtomobil şinlərinin istehsalının təşkili müzakirə edilib.