Paşinyanın İlham Əliyevlə görüş istəyi atəşkəsin qorunmasına hesablanan addımdır
28 Fevral 2019 18:02 SiyasətErmənistan baş naziri Nikol Paşinyan qeyd edib ki, Azərbaycan prezidenti ilə görüşüb mövcud formatı danışmaq istəyir. Məsələ ilə bağlı "OLAYLAR"-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə deyib ki, Paşinyanın bu istəyi bəzi səbəblərdən irəli gəlir: "Birincisi, Azərbaycanın hərbi təzyiqlərindən sığortalanmaq və atəşkəsin maksimum qorunmasına hesablamaqdı. Çünki, danışıqlar formatında pauza yaranıb, Paşinyan separatçıları danışıqlar masasına gətirəcək absurd yanaşma ortaya qoyur. Bu da Azərbaycanın hərbi təzyiqlərini gündəmə gətirib. İkincisi, iqilabın bir ili yaxınlaşır, daxildə sosial islahatlar keçirilməyib, yenidən etirazlar formalaşa bilər. Belə olan təqdirdə Azərbaycanın hərbi təzyiqləri Paşinyanı çıxılmaz duruma sala bilər. Ona görə ki, Azərbaycanın hərbi təzyiqləri isə Ermənistanın itkiləri deməkdir. Bu da Paşinyana daxildə ciddi etiraz və təzyiqlərin baş qaldırmasına gətirər. Üçüncüsü, Paşinyan Qərbə göstərmək istəyir ki, danışıqlara sadiqdir. Dördüncüsü, Paşinyan Rusiyanın iştirakı olmadan birbaşa Bakı ilə danışıqlarda maraqlıdır. Ona görə ki, Kreml Qarabağ üzərindən Paşinyana nəzarət edir".
Politoloq deyib ki, Paşinyanın bu təklifi rəsmi Bakı tərəfindən qəbul edilməlidir: "Görüş keçirilsin, görək Paşinyanın mövqeyi nədən ibarətdir. Azərbaycan Paşinyana Bolton planına uyğun olaraq, əvvəlki aylarda olduğu kimi real irəlləyişə aparacaq danışıqlara başlamaq şərtini irəli sürsün. Əgər, Paşinyan maraqlı olmasa, hərbi variant masaya qoyulmalıdır. ABŞ-da bu istiqamətdə Azərbaycana dəstək verə bilər. Paşinyan ABŞ-ın siyasətinə zidd addımlar atmaqla Vaşinqtonu narahat edir".