Azərbaycan və Gürcüstanı bir-birinə bağlayan tellər- Təhlil
28 Fevral 2019 17:21 SiyasətQarşılıqlı faydalı əməkdaşlıq, tolerantlıq və ərazi bütövlüyünün pozulması
Zaman-zaman bəzi təxribatçı qüvvələr Tbilisi ilə Bakı arasında yüksək səviyyədə mövcud olan münasibətlərə zərbə vurmağa, iki ölkə arasında gərginlik yaratmağa çalışsalar da, lakin hər iki ölkənin siyasi rəhbərliyinin uzaqgörən siyasəti və Gürcüstanla Azərbaycan arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq bu cür mənfi tendensiyaların qarşısını almağa imkan verib. Bu gün Azərbaycan yerləşdiyi coörafiyada, Qafqaz regionunda Gürcüstana nə qədər əhəmiyyətli yanaşır, onu özünün strateji tərəfdaşı vəı müttəfiqi sayırsa, eyni zamanda Gürcüstan da Azərbaycana qarşı eyni mövqeni sərgiləyir, eyni münasibət ortaya qoyur. Çünki bu iki qonşu ölkələri bir-birinə siyasi və iqtisadi əlaqələrlə yanaşı, dərin tarixi köklər, ortaq mədəniyyət bağlayır. Elə bu günlərdə Gürcüstanın yeni seçilmiş prezidenti xanım Salome Zurabişvilinin Azərbaycana rəsmi səfərə gəlməsi də bütün bu deyilənləri əyani şəkildə təsdiqləyir. Məlumat üçün qeyd edək ki, Salome Zurabişvilinin Qafqaz regionunda ilk olaraq Azərbaycana səfər etməsi heç də təsadüfi deyil. Xanım Zurabişvilinin regionda ilk olaraq Azərbaycanı seçməsini isə şərtləndirən amillər kifayət qədərdir. İlk növbədə Azərbaycanla Gürcüstan arasında mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bu münasibətlərdən dolayı xanım Zurabişvili regiona səfəri çərçivəsində ilk olaraq Azərbaycana gəlməyə üstünlük verib. Digər tərəfdən Salome Zurabişvili də gözəl bilir ki, onun sələfləri də hər zaman Azərbaycana xüsusi önəm verib. Bakı ilə münasibətləri inkişaf etdirməyə maraq göstəriblər. Təsadüfi deyil ki, xanım Zurabişvili elə azərbaycanlı həmkarı Cənab İlham Əliyevlə keçirdiyi görüşdə də bunu açıq şəkildə ifadə etdi və bildirdi ki, Gürcüstanda kimin prezident seçilməsindən asılı olmayaraq Tbilisi üçün Bakı hər zaman dost və qardaş ölkə olub və xanım Zurabişvili də bu ənənəyə sadiq qalır.
Qeyd etdiyimiz kimi Gürcüstanla Azərbaycanı birləşdirən bir sıra vacib elementlər var və hər iki tərəf bunu aydın şəkildə dərk edir. Bunların sırasında ən öndə gələni siyasi hakimiyyətlərin uğurlu və uzaqgörən siyasəti nəticəsində iqtisadi sahədə əldə edilən yüksək səviyyəli əməkdaşlıqdır.
Məlumdur ki, Azərbaycan və Gürcüstan irimiqyaslı enerji və nəqliyyat layihələrində birgə iştirak edirlər. Bakı-Tbilisi-Ceyhan neft. Bakı-Tbiulisi-Ərzurum qaz və Bakı-Tbilisi-Qars dəmiryolu layihələri bunların sübutudur. İki ölkənin iştirakı ilə çoxtərəfli formatda qurulan bu əməkdaşlıqlar və layihələrlə Tbilisi və Bakı Asiya və Avropanı birləşdirir və Avrasiya qitəsində nəqliyyat mərkəzi rolunda çıxış edirlər. Bundan başqa iki ölkə arasında iqtisadi-ticarət, informasiya-kommunikasiya texnologiyaları, mədəni-humanitar sahələrdə də yüksək səviyyəli əməkdaşlıq mövcuddur. Eyni zamanda qeyd etdiyimiz əlaqələri daha da inkişafı üçün böyük imkanlar var.
Xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, Azərbaycan-Gürcüstan əməkdaşlığı öz növbəsində Azərbaycan-Gürcüstan-Türkiyə formatında üçtərəfli əməkdaşlıq üçün də geniş imkanlar açıb. Müntəzəm olaraq hər üç ölkənin xarici işlər, eləcə də müdafiə nazirlərinin görüşlərinin keçirilməsi, adlarını qeyd etdiyimiz enerji və nəqliyyat layihələrində Bakı, Tbilisi və Ankaranın strateji müttəfiq şəkilində iştirakı deyilənləri təsdiqləyir. Bütün bunlar öz növbəsində həm də ölkələr arasında siyasi dialoqun və hərtərəfli əməkdaşlığın bariz nümunəsidir və Gürcüstan prezidentinin bu səfərinin münasibətlərin inkişafına mühüm töhfə verəcəyi danılmaz faktdır.
Azərbaycanla Gürcüstanı bir-birinə bağlayan amillərdən biri də hər iki ölkənin tolerant olmasıdır. Məlumdur ki, günümüzdə Gürcüstanda yarım milyondan artıq azərbaycanlı yaşayır və onlar qonşu ölkənin ictimai-siyasi, eləcə də sosial-mədəni həyatında fəal rol oynayırlar. Eyni zamanda Azərbaycanda da kifayət qədər gürcü yaşayır ki, bu da hər iki ölkənin çoxkonfessiyalı dövlət olduğunun göstəricisidir. Əminliklə deyə bilərik ki, regionda mövcud olan mono-etnik dövlətdən fərqli olaraq Azərbaycan və Gürcüstanın tolerantlıq ənənələri dünya üçün örnəkdir. Gürcüstanda yaşayan Azərbaycanlılar, Azərbaycanda yaşayan gürcülər isə ölkələrimiz arasında dostluğun və humanitar əlaqələrin inkişafında mühüm rol oynayırlar. Sahib çıxdığımız ortaq mədəni dəyərlər beynəlxalq ictimaiyyətə, o cümlədən YUNESKO-ya təqdim edilməlidir.
Nəhayət, iki qonşu ölkələri bir-birinə bağlayan məqamlardan biri də həm Azərbaycan, həm də Gürcüstanın separatizmdən əziyyət çəkməsi, ərazi bütövlüyünün pozulmasıdır. Elə bu səbəbdəndir ki, Azərbaycan və Gürcüstan beynəlxalq təşkilatlar səviyyəsində də yüksək səviyyəli əməkdaşlıq edərək bir-birinin ərazi bütövlüyü ilə bağlı məsələlərdə qeyd-şərtsiz dəstək nümayiş etdirirlər. Çünki hər iki ölkə ərazi bütövlüyünün pozulmasından əziyyət çəkir, bunun fəsadlarını yaşayır. Elə Gürcüstan prezidenti də Bakıda keçirdiyi görüşlərdə bunu açıq şəkildə ifadə edərək Tbilisinin Bakının ərazi bütpvlüyünü tanıdığını açıq şəkildə ifadə etdi. O, bildirdi ki, münaqişələr və ərazi bütövlüyünün pozulması hər iki ölkənin faciəsidir: "İşğal xətləri bizim üçün yara olaraq qalır. Ölkələrimiz işğalla yaşayır. Bu gün biz öz suverenliyimizin və ərazi bütövlüyümüzün tanınması və bərpası üçün BMT-dən YUNESKO-ya qədər beynəlxalq təşkilatlarda birlikdə mübarizə aparırıq. Arzu edirəm ki, birgə səylərimizlə, böyük və yaxud kiçik qonşularımızın müsbət yanaşmarı ilə ölkələrimizin ərazi bütövlüyünə nail olaq. Ərazilərində işğalın olmasına baxmayaraq, Azərbaycan və Gürcüstan bu gün sabitlik adasıdır".
S.İsmayılbəyli