Azərbaycan və İran gömrükçüləri arasında görüş keçirilib
28 Fevral 2019 13:52 SiyasətAzərbaycan və İran gömrük orqanlarının nümayəndə heyətləri arasında görüş fevralın 28-də İran İslam Respublikasının Astara şəhərində davam etdirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, görüşdə əsas məqsəd "BYD Kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımaları haqqında" Gömrük Konvensiyası (BYD Konvensiyası, 1975-ci il) ilə tənzimlənən prosedurlar çərçivəsində iki ölkə arasında tranzit əməliyyatlarının tam elektronlaşdırılmasını nəzərdə tutan "e-TIR Pilot" layihəsini müzakirə etmək olub.
Görüş zamanı iki ölkə ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərində beynəlxalq avtomobil daşımalarına gömrük nəzarətinin elektron platformalar üzərindən kompüterləşdirilməsi imkanlarının genişləndirilməsi, eləcə də müasir elektron metodların tətbiqi ilə beynəlxalq daşımaların gömrük tənzimlənməsi məsələlərinə baxılıb, bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə ikitərəfli icra planının hazırlanması nəzərdən keçirilib. Görüşdə "e-TIR Pilot" layihəsi üzrə müvafiq qanunverici çərçivənin, pilot layihədə iştirak edəcək gömrük orqanları və daşıyıcıların, eləcə də ilk pilot daşımaların başlanması üçün vaxt çərçivələrinin müəyyən edilməsi, texniki imkanların yaradılması, elektron sistemdən istifadə üzrə gömrük əməkdaşlarının hazırlığının təmin edilməsi üçün təlimlərin keçirilməsi məsələləri də müzakirə edilib.