Gürcüstan prezidenti Azərbaycanda-
27 Fevral 2019 16:36 Siyasətİlham Əliyev: "Azərbaycan və Gürcüstan bütün sahələrdə uğurlu əməkdaşlıq edir"
Fevralın 27-də Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycanda rəsmi səfərə gəlib. Salome Zurabişvili Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək görüş keçirib. Görüşdə prezident İlham Əliyev bildirib ki, Azərbaycan və Gürcüstan bütün sahələrdə uğurlu əməkdaşlıq edir və bu əməkdaşlıq gündən-günə dərinləşir. Azərbaycan Prezidenti bildirib ki, siyasət, iqtisadiyyat, mədəniyyət, nəqliyyat, energetika sahələrində çox gözəl nəticələr var: "Əslində elə bir sahə tapmaq çətindir ki, biz o sahədə əməkdaşlıq etməyək. Əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bizim çox aydın fikirlərimiz var. Əminəm ki, səfər zamanı biz gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edəcəyik". Gürcüstan Prezidenti Salome Zurabişvili isə qeyd edib ki, Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm: "Şadam ki, regiona ilk səfərimi bizim dostumuz olan qardaş ölkəyə edirəm. Mən Azərbaycana dost ölkənin Prezidenti kimi səfərə gəlmişəm. Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və mən də bu ənənəni davam etdirirəm. Bizim münasibətlərimizin alternativi yoxdur və perspektivli əlaqələrimiz var". Prezident bildirib ki, bizim region üçün və dünya üçün yeni perspektivlər açılır: "Bu baxımdan əlaqələrimizi dərinləşdirmək daha da böyük əhəmiyyət kəsb edir. Əminəm ki, biz perspektivlərlə bağlı yeni təşəbbüsləri müzakirə edəcəyik".
Dövlət başçılarının geniş tərkibli görüşündə isə prezident İlham Əliyev qeyd edib ki, biz artıq təkbətək görüşdə bir çox məsələləri müzakirə etdik. Regional problemləri, bizim ikitərəfli və çoxtərəfli əməkdaşlığımızı müzakirə etdik. Bir daha gördük ki, bütün məsələlərlə bağlı bizim fikirlərimiz üst-üstə düşür: "Əminəm ki, bu səfər Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli addım olacaqdır. Biz bu günə qədər bir çox məsələləri birlikdə həll etmişik. Gürcüstan və Azərbaycan yaxın dost, qardaş ölkələrdir. Biz əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamışıq və bu gün uğurla inkişaf edirik. Bizim birgə həyata keçirdiyimiz layihələr həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir. Yəni, biz çox uğurlu əməkdaşlıq formatı yarada bildik. Əminəm ki, növbəti illərdə bütün sahələr üzrə əməkdaşlıq daha da dərinləşəcək və genişlənəcək. Bunu bizim siyasi iradəmiz diktə edir. Əminəm ki, biz bütün məsələlərdə hər zaman bir-birimizin yanında olacağıq, bir-birimizə dəstək göstərəcəyik, necə ki, bu günə qədər bütün məsələlərdə həmişə bir yerdə olmuşuq.Biz bu gün artıq həm xarici siyasət məsələlərini, həm də regiondakı vəziyyəti, bizim nəqliyyat, enerji layihələrinin icrasını müzakirə etdik. Əlbəttə ki, indi bu məsələləri geniş tərkibdə, daha geniş formada müzakirə edəcəyik. Əminəm ki, bu səfərin nəticələri çox müsbət olacaq və bizim əməkdaşlığımıza yeni töhfə verəcək".
***
Görüş başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti xanım Salome Zurabişvili mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bəyənatda qeyd edib ki, bizim əməkdaşlığımızın böyük hissəsi energetika sektoruna aiddir: "Bu gün bu məsələlər də geniş müzakirə olundu. Bildirməliyəm ki, bu əməkdaşlığın böyük tarixi var və biz birgə səylərlə çox önəmli böyük layihələri icra edə bilmişik. Əgər tarixə bir qədər nəzər salsaq görərik ki, hələ 1990-cı illərin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu, imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri ilə birləşsin. Ondan sonra əlbəttə ki, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikildi. Bütün bunları, biz, yəni, üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə birgə səylərlə həyata keçirdik. Bu gün bu layihələr bizim iqtisadi inkişafımızı böyük dərəcədə artırır. Bu marşrut üzrə bu gün Cənub Qaz Dəhlizi layihəsi uğurla icra edilir. Bu, bölgədə ən böyük infrastruktur layihəsidir. Cənub Qaz Dəhlizinin reallaşmasına az vaxt qalıb. Keçən il bu layihənin icrası ilə bağlı çox önəmli il olmuşdur. Keçən il Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi olmuşdur və onun əsas hissəsini təşkil edən TANAP layihəsi də istifadəyə verilmişdir. Artıq TANAP xətti ilə qazın nəqli təmin edilir. Bu layihələr ölkələrimiz üçün, bölgə üçün böyük əhəmiyyət daşıyır, geniş mənada əməkdaşlığı dərinləşdirir. Əgər layihələrin əvvəlində üç ölkə əməkdaşlıq edirdisə, bu gün bu ölkələrin sayı böyük dərəcədə genişlənir və yeni tərəfdaşlar bu layihələrə cəlb edilir. Biz bu gün, eyni zamanda, nəqliyyat sahəsində əməkdaşlığa böyük diqqət göstəririk və bu da danışıqların mövzusu olub. Bu layihələr də ölkələrimizə çox böyük fayda gətirir. İl yarım bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı nəticəsində indi ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və artacaqdır. Biz hələ bu layihənin icrasının birinci mərhələsindəyik, ancaq artıq bunun faydasını görürük və artan yükdaşımalar deməyə əsas verir ki, biz düzgün yoldayıq. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışından sonra Azərbaycan öz qonşuları ilə, Xəzərin şərq hissəsində yerləşən ölkələrlə çox fəal danışıqlar aparmışdır, razılığa gəlinmişdir. Əminəm ki, bu razılıq əsasında indi yükdaşımalar böyük dərəcədə artacaqdır. Bu, bizim ümumi layihəmizdir. Bu yeni dəhliz imkan verəcək ki, qitələr birləşsin. Yenə də burada Azərbaycan, Gürcüstan və Türkiyə - ənənəvi üçtərəfli əməkdaşlıq formatı əsas rol oynamışdır, indi isə əməkdaşlıq edən ölkələrin sayı artır".
Alim