Müvəkkilin Gəncə Regional Mərkəzinin rəhbəri Yunanıstanda konfransda iştirak edib
27 Fevral 2019 16:25 SiyasətAzərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, onun Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov bu günlərdə Yunanıstan respublikasının paytaxtı Afina şəhərində həmin ölkənin Ombudsman təsisatının yaranmasının 20 illiyinə həsr olunmuş "Dövlət və cəmiyyət: hüquq və azadlıqlara yönəlmiş çağırışlar" mövzusunda keçirilmiş konfransda iştirak edib. "Olaylar" xəbər verir ki, Beynəlxalq Ombudsmanlar İnstitutunun (IOI) üzvü olan Ombudsmanların və Ombudsman təsisatları nümayəndələrinin geniş iştirakı ilə keçirilmiş konfransın açılışında Yunanıstan Respublikası Parlamentinin spikeri Nikos Voutsis iştirakçıları salamlayaraq, bu ölkədəki ombudsman qurumunun iyirmi il ərzində çətin və uğurlu inkişaf yolu keçdiyini, ümumilikdə isə bu təsisatların cəmiyyətdə ədalət və qanunun aliliyinin təmin olunmasında vacib rol oynadığını bildirib.