Gürcüstanla münasibətlərdə yeni strategiya müəyyən ediləcək- Rəy
27 Fevral 2019 15:50 Siyasət"Zurabişvilinin prezident seçildikdən sonra region ölkələri arasında ilk rəsmi səfərini Azərbaycana etməsi mühüm göstəricidir."
Olaylar.az Gürcüstan prezidenti Salome Zurabaşvilinin Azərbaycana ilk rəsmi səfəri ilə bağlı siyasi ekspertlərin fikirləri ilə tanış olub.
Ceyhun Əhmədli bildirib ki, Zurabişvilinin prezident seçildikdən sonra region ölkələri arasında ilk rəsmi səfərini Azərbaycana etməsi çox mühüm göstəricidir: "Təsəvvür edin, yerləşdiyimiz regionda Rusiya, İran, Türkiyə kimi mühüm geosiyasi aktorlar ola-ola, Zurabişvili ilk olaraq məhz Azərbaycana gəlməyi vacib sayır. Bu, ondan xəbər verir ki, Azərbaycan Gürcüstan üçün həyati əhəmiyyətə malik ölkədir. Hər iki ölkənin iştirakı ilə ərsəyə gələn meqa layihələr də bunu deməyə əsas verir. Gürcüstan Azərbaycanla əməkdaşlıq etdiyinə görə həm özünün təbii qaza olan tələbatını böyük ölçüdə təmin edir, həm də tranzit statusuna görə əlavə iqtisadi dividentlər qazanır. Nəzərə alaq ki, Gürcüstan özünün təbii qaza olan tələbatının 95 faizdən də çox hissəsini Azərbaycanın hesabına ödəyir.
Azərbaycan və Gürcüstan təkcə ikitərəfli yox, həm də üçtərəfli və dördtərəfli əməkdaşlıq platformalarında çox uğurla iştirak edirlər. Azərbaycan-Gürcüstan-Türkiyə və Azərbaycan-İran-Gürcüstan-Türkiyə çoxtərəfli əməkdaşlıq formatları bunun ən yaxşı nümunəsidir. Azərbaycan bu 3 ölkə ilə eyni platformada əməkdaşlığa nail olmaqla həm də düşmən ölkə olan Ermənistanın geosiyasi təcridini təmin etmiş olur."
Ekspert qeyd edib ki, iki ölkə arasında tarixən dostluq və qardaşlıq əlaqələri mövcud olub: "Gürcüstanın ərazi bütövlüyü uğrunda onlarla azərbaycanlı şəhidlik zirvəsinə yüksəlmişdir. Gürcüstan dövləti çətinə düşdüyü anlarda Azərbaycan hər zaman öz kömək əlini uzatmışdır. 2008-ci ilin avqust ayında baş verən Rusiya-Gürcüstan münaqişəsində bu dəstəyin əyani şahidi olduq.
Bütün bu xoş məqamlara baxmayaraq, bu gün Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirə biləcək hallar da yaşanır. Gürcüstanda erməni terrorçuya abidənin qoyulması, Gürcüstan vasitəsilə Ermənitsanı Rusiya ilə birləşdirən dəmir yolunun çəkilməsi istiqamətində aparılan işlər bizi çox narahat edir və rəsmi Bakı müxtəlif kanallar vasitəsilə öz narazılığını bir neçə dəfə ifadə edib. Ümid edirəm ki, Zurabişvilinin səfəri həm də qeyd olunan problemlərin həllinə öz müsbət töhfələrini verəcək."
Rusif Məmmədsoy bildirib ki, Gürcüstan prezidentinin verdiyi açıqlamaları gözlənilən idi: İki ölkə arasında münasibətlər yaxın günlərdə korlanmağa doğru gedirdi. Bunun da əsas səbəbləri Gürcüstanda erməni cəlladının şərəfinə ucaldılmış büst və Rusiyadan qaz alınması ilə bağlı razılıqlar idi. Lakin, həmin büstə görə Gürcüstanda yaşayan azərbaycanlı əhali öz etirazlarını bildirdilər və nəticə əldə etdilər. Yəni, büst qaldırılacaq. Digər diqqət çəkən məqam isə Rusiyadan alınacaq qaz ilə bağlıdır. Çünki, Azərbaycan tərəfi uzun illərdir ki, Gürcüstana çox aşağı qiymətlərlə qazla təmin edir. Bəs belə olduğu halda Rusiyadan qaz idxalı məsələsi nəyə lazım idi? Xüsusilə iki ölkə arasında düşmənçilik münasibətləri hökm sürdüyü bir vaxtda?! Xanım Zurabaşvili ölkə başçısı İlham Əliyevlə görüşü zamanı qeyd edib ki, "Azərbaycan bizim həmişə yaxın müttəfiqimiz olub və bizim münasibətlərimizin alternativi yoxdur ".
Ekspert qeyd edib ki, Gürcüstanın hazırkı hökuməti yaxşı başa düşür ki, Gürcüstan ayaqda qala bildiyi üçün ilk növbədə Azərbaycana minnətdar olmalıdır: "Rusiya ilə razılaşmaları, Ermənistana edilən səfərləri və.s nəbz yoxlaması kimi qiymətləndirirəm. Çünki, hazırkı hökumətin ən böyük dəstəkçisi olan oliqarx İvanaşvili məhz Rusiyanın maraqlarına uyğun hərəkət edir. Hətta Gürcüstandakı son prezident seçkiləri zamanı, Salome Zurabaşvili məhz erməni vətəndaşlarla görüşür və onların maraqlarına uyğun açıqlamalar edirdi. Bunun da məntiqi nəticəsi kimi belə bir mənzərə ortaya çıxır. Lakin, hər şeyi yalnız İvanaşvili ilə bağlamazdım. Xanım Zurabaşvilinin Fransaya qeyri-rəsmi səfəri və Emmanuel Makronla görüşü də bu məsələdə katalizator rolunu oynaya bilər. Hansı ki, Fransa qondarma "erməni soyqırımı" nı matəm günü bu kimi elan edib. Hesab edirəm ki, Azərbaycan hökuməti bütün bunları nəzərə alaraq Gürcüstanla münasibətlərdə yeni bir strategiya müəyyən edəcək. Çünki, hakimiyyətdəki Mixail Saakaşvili deyil, məhz Fransa ilə arasında bağları olan və ermənipərəst bir ölkə başçısıdır. Düşünürəm ki, Azərbaycan bütün bunları nəzərə alaraq iki ölkə arasındakı münasibətlərə yenidən baxacaq və bir daha bu cür vəziyyətlə rastlaşmayacağıq."
Nigar Orucova

