Tbilisi-Bakı münasibətləri yeni mərhələdə- Şərh

İlham Əliyev: "Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq gündən-günə dərinləşir"

Salome Zurabişvili: "Bizim münasibətlərimizin alternativi yoxdur və perspektivli əlaqələrimiz var"

Azərbaycan Ermənistanı çıxmaq şərtilə bütün qonşu ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq şəklində münasibətləri inkişaf etdirir, normal əlaqələr qurur. Bu sırada Gürcüstanla münasibətlərimiz də xüsusi qeyd edilməlidir. Bu bir danılmaz faktdır ki, Azərbaycanla Gürcüstanı dərin tarixi köklər, eyni zamanda siyasi, iqtisadi və mədəni əlaqələr birləşdirir.  Müstəqillik illərindən sonra iki qonşu ölkənin birgə iştirakı ilə həyata keçirilən mühüm regional layihələr Bakı ilə Tbilisini daha da yaxınlaşdırıb, iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə gətirib çıxarıb.  Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihəsi, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihələrini buna əyani sübut kimi göstərə bilərik.  Sözügedən layihələr iki ölkə arasında iqtisadi əlaqələri günümüzdə ən yüksək səviyyəyə qaldırmaqla yanaşı, siyasi əməkdaşlığı da inkişaf etdirib, dərinləşdirib. Elə bu səbəbdəndir ki, Gürcüstanda hakimiyyətə kimin, hansı siyasi qüvvənin gəlməsindən asılı olmayaraq rəsmi Tbilisi Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi önəm verir. Bu günlərdə Gürcüstanın dövlət başçısı  xanım Salome Zurabişvilinin Azərbaycana rəsmi səfərə gəlməsi bunun əyani sübutudur.  Elə xanım Salome Zurabişvilinin regionda ilk olaraq Azərbaycana rəsmi səfərə gəlməsi də onu deməyə əsas verir ki, rəsmi Tbilisi Bakı ilə münasibətləri daha da inkişaf etdirmək, onu yeni mərhələyə keçirməkdə niyyətlidir.  Çünki Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək günümüzdə Gürcüstanın özü üçün də olduqca sərfəlidir.  Çünki Azərbaycanla əməkdaşlıq Gürcüstana həm siyasi, həm də iqtisadi dividentlər gətirir. Gürcüstanda siyasi hakimiyyətdə təmsil olunan istənilən siyasi qüvvə, eləcə də sadə gürcü xalqı gözəl dərk edir ki, bu ölkənin iqtisadi cəhətdən inkişafında Azərbaycanın da rolu və payı az deyil. Yuxarıda adlarını qeyd etdiyimiz regional layihələrin Gürcüstanın iqtisadiyyatına müsbət təsirləri hər kəsə bəllidir.  Bu səbəb də əsas verir ki, Gürcüstanda Azərbaycana dost, qardaş ölkə münasibəti bəslənilsin. Təsadüfi deyil ki, elə xanım Salome Zurabişvili də Bakıda rəsmi səfərdə olarkən azərbaycanlı həmkarı Cənab İlham Əliyevlə keçirdiyi təkbətək görüşdə bunu açıq şəkildə ifadə edib.  xanım Salome Zurabişvili bildirib ki, Gürcüstanın bütün prezidentləri Azərbaycanın dostu olub və o da bu ənənəni davam etdirir: "Bizim münasibətlərimizin alternativi yoxdur və perspektivli əlaqələrimiz var. Bizim region üçün və dünya üçün yeni perspektivlər açılır. Bu baxımdan əlaqələrimizi dərinləşdirmək daha da böyük əhəmiyyət kəsb edir. Əminəm ki, biz perspektivlərlə bağlı yeni təşəbbüsləri müzakirə edəcəyik".

Həqiqətən də Türkiyə kimi Gürcüstanla da əlaqələrimiz böyük imkanlar yaradıb və irəlidə yeni  perspektivlər var. Elə son Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini nəzərə alaraq deyə bilərik ki, sözügedən layihə iki ölkə arasında həm nəqliyyat, həm də iqtisadiyyat, xüsusilə də turizm sahəsində əməkdaşlıq üçün yeni imkanlar açacaq. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə Avropanın bir sıra ölkələrinin də qoşulması məhz xanım Salome Zurabişvilinin əməkdaşlıəq üçün dediyi yeni perspektivləri özündə ehtiva edir.

Qeyd etdiyimiz kimi Gürcüstanla yanaşı Azərbaycan da Tbilisi ilə münasibətlərin inkişafından razıdır və bu əlaqələrin daha da irəliyə aparılmasında maraqlıdır.  Azərbaycanın təşəbbüsü olduğu bir sıra layihələrə Gürcüstanın cəlb edilməsi belə deməyə əsas verir.  Bütün bu göstəricilər iki ölkə arasında əlaqələri hər ötən gün daha da inbkişaf etdirir ki, bu da Bakıda məmnunluq yaradır. Elə gürcüstanlı həmkarı xanım Salome Zurabişvili ilə görüşündə də dövlət başçısı

Cənab İlham Əliyev bu məqama xüsusi diqqət çəkib və iki ölkə arasındakı əlaqələri yüksək qiymətləndirib: "Biz bütün sahələrdə uğurlu əməkdaşlıq edirik və bu əməkdaşlıq gündən-günə dərinləşir. Siyasət, iqtisadiyyat, mədəniyyət, nəqliyyat, energetika sahələrində çox gözəl nəticələr var. Əslində elə bir sahə tapmaq çətindir ki, biz o sahədə əməkdaşlıq etməyək. Əlbəttə ki, gələcək əməkdaşlıqla bağlı bizim çox aydın fikirlərimiz var. Əminəm ki, səfər zamanı biz gələcək əməkdaşlıq istiqamətlərini müzakirə edəcəyik". Dövlət başçısı əmin olduğunu bildirib ki,  gürcüstanlı həmkarının səfəri əlaqələrin daha da inkişaf etdirilməsinə töhfə verəcək: "Əminəm ki, Sizin səfəriniz Gürcüstan-Azərbaycan dostluq əlaqələrinin inkişafı üçün çox önəmli addım olacaqdır. Əminəm, aparacağımız müzakirələr bir daha təsdiqləyəcək ki, Gürcüstan və Azərbaycan bir-birinə çox yaxın ölkələrdir və birgə apardığımız işlər böyük nəticələr verir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31