Həmsədrlər tənzimlənməyə münasibətlərini, davranış maneralarını dəyişdirməli və yaxud vasitəçiliyi Avropa İttifaqına verməlidirlər

Mübariz Əhmədoğlu: "Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun  fəaliyyətinin davamı üçün problem yaradıb"

Görünən odur ki, Ermənistan öz ənənəsinə sadiq qalaraq yenə də Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə mane olmağa çalışır. Baxmayaraq ki, cari ilin əvvəllərindən problemin həlli istiqamətində diplomatik fəallıq artıb və bu məqsədlə bir neçə yüksək səviyyəli görüş keçirilib, ancaq İrəvan ciddi cəhdlə bu fəallığa əngəl olmağa çalışır. Hər halda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Münhen görüşünün məhz işğalçı ölkənin günahı ucbatından baş tutmaması belə deməyə əsas verir. Digər tərəfdən Ermənistanın baş nazirinin son günlər verdiyi bəzi açıqlamalar da onu deməyə əsas verir ki. Ermənistan danışıqlar prosesinə mane olmaq niyyətindədir. Elə Nikol Paşinyanın yenidən Dağlıq Qarabağ separatçılarının danışıqlar prosesində iştirakı məsələsini gündəmə gətirməsi də məhz buna hesablanıb. Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu da deyir ki, Ermənistan danışıqlar prosesinə mane olmaq üçün bütün vasitələrdən istifadə edir. Bu ərəfədə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona fevral ayındakı son səfərinə diqqət çəkən mərkəz rəhbəri deyir ki, bu səfər formatına görə əvvəlkilərindən fərqlənir. Politoloqun sözlərinə görə, birincisi, həmsədrlərin regiona səfəri qəfləti idi: "Vasitəçilər Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü gözləyirdilər. Ermənistan tərəfinin birbaşa və ya dolayısı bəhanəsi ilə Münhendə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutmadı və həmsədrlər başıalovlu regiona səfər etdilər. İkincisi,  Nikol Paşinyan da Almaniyada kansler Angela Merkellə birgə mətbuat konfransında ATƏT-in Minsk Qrupu həmsədrləri adından yöndəmsiz bəyanat vermişdi. Guya ATƏT-in Minsk Qrupunun həmsədrləri dəfələrlə bəyan ediblər ki, Dağlıq Qarabağ münaqişəsində 3 tərəf var və Dağlıq Qarabağ erməniləri də münaqişənin tərəfidir.Həmsədrlər onların adından yalan danışan Nikol Paşinyanı təkzib etmədilər və ya Nikol Paşinyanın bu yalanının təkzibini rəsmi Yerevandan tələb etmədilər. Üçüncüsü isə, Ermənistanın xarici işlə naziri Z. Mnatsakanyan axşamdan Yerevanda olan həmsədrləri səhər vaxtı qəbul etdiyi halda, Nikol  Paşinyan həmsədrləri yalnız axşam qəbul etdi. İş gününün sonunda həmsədrlərə özünün hazırladığı məlumatı çatdırdı. Həmsədrlərə müzakirə üçün "vaxt saxlamadı",  Z.Mnatsakanyanla yenidən görüşməyi tövsiyyə etdi. Nikol Paşinyan texniki bəhanə ilə görüşdən yayına bildi. Bunu Azərbaycanda görürdülər".Politoloq Mübariz Əhmədoğlu deyib ki,  Azərbaycan Respublikasının Prezidenti xarici işlər nazirinin iştirakı ilə həmsədrləri qəbul etdi və Azərbaycanın mövqeyini vasitəçilərə çatdırdı: "ATIT-in Minsk Qrupunun həmsədrlərin Dağlıq Qarabağa səfər etməməsi və Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşməməsi də diqqəti çəkir. Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşməməsinin əsas səbəbini həmsədrlərin yaranmış vəziyyətdən aldığı şokun təsiri ilə əlaqələndirmək olar. Bu şok həmsədrlərə son görüşləri barədə bəyanat yaymağa da maneçilik etdi. Həmsədrlərin son bir ildəki bəyanatlarından da görünür ki, Dağlıq Qarabağ münaqişəsinin ideya qurluşunda ciddi dəyişiklik var. Dəyişilməyən həmsədrlərin davranış manerasıdır. Həmsədrlər tənzimlənməyə münasibətlərini, davranış maneralarını dəyişdirməli və yaxud vasitəçiliyi Avropa İttifaqına verməlidirlər".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31