“Bizim ən böyük bədbəxtçiliyimiz ondadır ki, Azərbaycan tarixini bilmirik”

Cahangir Hüseynov: "Azərbaycanda min illər ərzində böyük imperiyalar, dövlətlər olub"

Əvvəli 25 fevral tarixli sayımızda

Sabiq millət vəkili Cahangir Hüseynovun Dağlıq Qarabağ problemi, mövcud regional vəziyyət və digər məsələlərlə bağlı "OLAYLAR"-a müsahibəsi

-Cahangir müəllim, hazırda Dağlıq Qarabağ problemi ətrafında gedən prossləri necə dəyərləndirərdiniz?

-Düzdür, son illər bir sıra dövlətlərdə Xocalı soyqırımı tanınıb. Amerikanın bir sıra ştatlarında, Avropa ölkələrində, Cənubi Amerikada. Ancaq bununla kifayətlənmək olmaz. Bu son dövrün ən böyük cinayətidir. Necə olur ki, ermənilər Osmanlı sultanlarının zamanında öz xəyanətlərindən dolayı onların köçürülməsini soyqırım kimi qələmə verib onu dünyanın 100-ə yaxın ölkəsində tanıtdıra bilir, buna görə Türkiyədən kompensasiya tələb edir, torpaq iddiası irəli sürür, ancaq biz müasir dövürdə baş vermiş, üzərindən cəmi 27 il keçmiş bir faciəni dünyada tam mənada tanıda bilmirik. Bu nə qədər acınacaqlı bir haldır. Bu minvalla biz işğal altında olan torpaqlarımızı necə geri qaytara biləcəyik?.Baxmayaraq ki, Cənab Prezident bu istiqamətdə ciddi çalışır, danışıqlar aparır, ancaq bu günə qədər Ermənistandan bir nəfər siyasətçi etiraf etməyib ki, Azərbaycanın işğal edilmiş ərazilərini geri qaytaracağıq. İndiki baş nazir Nikol Paşinyan müntəzəm olaraq torpaqların işğaldan azad edilməyəcəyi barədə bəyanatıar verir. Ermənilər nəinki Dağlıq Qarabağı, hətta onun ətraf ərazilərini belə işğaldan azad etmirlər. 2008-ci ilin avqust ayında Abxaziya hadisələrində Gürcüstanda rus qoşunları Qoriyə qədər gəlib Tbilisinin yaxınlığında mövqe tutdular. Həmin dövrdə gürcü xalqı ciddi şəkildə fəaliyyət göstərək dünyanı Rusiyanın üzərinə qaldıra bildi. Rus qoşunları Abxaziya sərhədlərinə doğru geri çəkildilər. Bəs, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi üçün nə üçün beynəlxalq aləm tərəfindən belə bir səy göstərilmir? Tutaq ki, başa düşürük orada referendum keçirilib statusu müəyyən edilməlidir. Bəs digər işğal altında olan və Dağlıq Qarabağın ətraf əraziləri niyə işğaldam azad edilmir? Əgər düşünürüksə ki, Ermənistan işğal etdiyi əraziləri sülh yolu ilə azad edəcək, bu inandırıcı deyil. Birincisi, ermənilər heç də acından ölən deyil ki, buna məcbur qalsınlar. Digər tərəfdən bütün dünyanı Ermənistana qarşı qaldırmaq da mümkün deyil. Ermənistanın arxasında Rusiya Federasiyası və başqa böyük qüvvələr dayanıb. Burada bir məqamı da qeyd edim ki, bir müddət əvvəl Gürcüstanın Axalkalaki rayonunda Azərbaycanın ərazilərinin işğal edilməsində yaxından iştirak edən erməni terrorçu M.Avakyana abidə qoyulması da bir tərəfdən erməni diasporu və lobbisinin gücünün göstəricisidirsə, digər tərəfdən Ermənistanın Azərbaycanla Gürcüstan arasında münasibətlərə zərbə vurmaq cəhdidir. Hesab edirəm ki, Gürcüstan prezidentinin Azərbaycana səfəri zamanı bu məsələ qaldırılmalı və erməni terrorçuya ucaldılmış abidənin götürülməsinə nail olunmalıdır.

Ona görə də sabah Rusiya ilə münasibətləri gərginləşsə, o halda Ermənistan özünü atacaq ya Fransa, ya Amerika, ya da digər dövlətlərin qucağına. Bildiyimiz kimi erməni diasporu da dünyada çox fəaldır. Erməni diasporu da imkan verməyəcək ki, ermənilər acından ölsün. Bir sözlə, ermənilər işğal etdikləri əraziləri heç bir halda sülh şəraitində azad etməyəcəklər. Ona görə də konkret nəticəyə gəlmək lazımdır. Müharibə etmək lazımdırsa müharibə edək. Yaxud müharibə istəmiriksə, başqa variantlardan istifadə edək. Biz nəyə görə referenduma getməkdən ehtiyat edirik. Böyük Britaniya referendum yolu ilə Avropa Birliyini tərk edir. Baxmayaraq ki, Britaniya hökumətinin üzvlərinin böyük bir qismi və ingilis xalqı bu ölkənin Avropa Birliyindən çıxmasının əleyhinədir,  ancaq xalqın çoxluğunu  mövqeyi əsasında Böyük Britaniya Avropa Birliyindən çıxır. Biz də xalqa bilgi verməliyik ki, müharibə yolu hansı fəsadları gətirə bilər. Yaxud digər variantların bizim üçün üstün və ya mənfi cəhətləri hansılardır. Onu da qeyd edim ki, sonuncu əsərimdə qeyd etdiyim məsələlərə də toxunmuşam. Mərhum Heydər Əliyevin zamanında torpaq mübadiləsi ilə bağlı danışıqlar gedib və amürikalıə siyasətçi Pol Qoblun torpaq mübadiləsi ilə təklif vardı. Həmin təklifdə Zəngəzurun torpaq mübadiləsi məsələsi vardı  və Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan deyib ki, həmin təklifə razılıq vermək istəyirdik. Biz Dağlıq Qarabağın 1988-ci ilə qədər ermənilər yaşayan ərazilərini onlara veririk, ermənilər də öz növbəsində həmin ilə qədər azərbaycanlılar yaşayan Mehridən bizə ərazi verirlərlər. Beləliklə, Zəngəzuru ermənilərdən alırıq və Naxçıvanla da quru sərhədləri açılır. Həmçinin ATƏT-in də son dövrlərdə bir neçə təkliflər də var. Hər bir sadə Azərbaycan vətəndaşı bütün təkliflərlə tanış olmalı, mövqeyini ifadə etməlidir. Eyni zamanda mətbuatda bununla bağlı müzakirələr aparılıdır.. Sonda da referendum edərək xalq hansı məsələni qəbul etsə ona da getmək olar.

-Yəni deyirsiniz ki, əsas xalqın mövqeyidir?

-Əlbəttə. Azərbaycan xalqının mövqeyi əsasdır. Konstitutsiyada da qeyd edilir ki, Azərbaycan hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Ona görə də əsas xalqın istəyi və mövqeyidir. Xalq müharibə istəyəcək, silahlanıb torpaqlarımızı müharibə yolu ilə işğaldan azad edəcəyik. Başqa variantlar təklif edəcək, həmin variantlardan birini seçəcəyik. Ermənilərə müraciət edək, onlar da referendum etsinlər, görək Dağlıq Qarabağı qaytarmaq fikirləri var? Dağlıq Qarabağda yaşayan azərbaycanlılar və ermənilərin referendumu keçirilsin, nəticələr təhlil olunsun. Mən də bir Azərbaycanın sıravi bir vətəndaşıyam. Ancaq istəyirəm ki, bu məsələ XXİ əsrin il illərində həll olsun və gələcək nəsillərə qalmasın. Bu gün də İsrail-Fələstin problemi həll edilməyib və biz də həmin vəziyyətə düşməyək.  Gələcək nəsillər bunun fəsadlarını yaşamasınlar. Respublikamızın iqtisadiyyatının böyük bir hissəsini hərbi xərclər aparır. Müharibə ehtimalı olmasa, Azərbaycan bundan da güclü bir dövlət olar.

Dünyanın ən böyük iki faciəsi, 20 Yanvar hadisələri və Xocalı faciəsi Azərbaycanda baş verib. Axı biz Suriya, İraq deyilik. Biz dünyanın ən inkişaf etmiş ölkələrindən biriyik. Bizim ən böyük bədbəxtçiliyimiz ondadır ki, Azərbaycan tarixini bilmirik. Azərbaycanda min illər ərzində böyük imperiyalar, dövlətlər olub. Maraqlanaq görək, bir dövlət qulluqçusunun Azərbaycan tarixindən xəbəri var. Hətta bəzi millət vəkillərimiz deyir ki, Azərbaycan XX əsrdən yaranıb. Azərbaycan İran areyasında olan çox böyük bir dövlət olub. Onun Şah İsmayıl, Şah Abbas, Nadir şah, Təhmasib şah kimi böyük sərkərdələri və dövlət xadimləri olub. IX əsrdən XX əsrin əvvəllərinə qədər İranda Türk imperiyası, böyük bir məmləkət olub.  Akademik Ramiz Mehdiyevin tarixlə bağlı çox böyük fundamental əsərləri var və həmin əsərlərin redaktorluğunu edib. Akademikin Nadir şahl, Şah İsmayılla bağlı əsərləri geniş oxucu kütləsinə çatdırılmalıdır. Həmçinin dövlət qulluqçuları da bu əsərləri oxumalıdırlar. O zaman Azərbaycan tarixini biləcəklər. Azərbaycan dövlət qulluqçularının demək olar ki, Azərbaycan tarixi ilə bağlı məlumatı yoxdur. Bunun da nəticəsidir ki, biz torpaqlarımızı ermənilərdən azad edə bilmirik.   Nə üçün kütləvi informasiya vasitələri ilə bu əsərlər Azərbaycan xalqına çatdırılmır?. Siyasət şahmatdır. Nə qədər maddi cəhətdən cibim dolu olsa və fiziki gücüm artıq olsa, yenə də şahmatı bilmirəmsə 10 yaşında şahmatı bacaran uşaq belə səni məğlub edəcək. Çünki siyasət böyük elmdir. Ancaq elementar hüquq elmlərindən belə xəbərimiz yoxdur. Siyasətçi həm iqtisadiyyatı, həm hüququ, həm də digər sahələri bilməlidir. İlk növbədə də tarixini kamil bilməlidir.

-Cahangir müəllim, yaradıcılıqla bağlı hansı planlarınız var?

-Mənim artıq sayca beşinci "Fikir, düşüncələrim və mülahizələrim" adlı kitabım çap olunmaq ərəfəsindədir. Ancaq onu da qeyd edim ki, Azərbaycanda oxumaq mədəniyyəti çox aşaıdır.  Ancaq müsbət elementlər də var. Mən bu əsərimi 2017-ci il il İslam Həmrəyliyi İli və 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ilinə həsr etmişəm. Həmçinin bu əsərimdə son illərdə Dağlıq Qarabağ problemi ilə bağlı səslənən fikirlər, təkliflərlə bağlı öz şəxsi mülahizələrim də var. "Fikir və düşüncələrim" əsərimi 2016-ci ilin aprel döyüşlərində şəhid olanlara həsr etmişdim. "Fikir, düşüncələrim və mülahizələrim" əsəri isə bunun davamı olaraq çap edilir. Sevindirici haldır ki, Azərbaycanda  yaxınlarda "Azərkitab" adlı yeni qurum yaradılıb və oradan mənə də zəng edib kitablarımın orada yer almasını istədilər. Mənim əsərlərimlə tanış olmaq istəyənlər "Azərkitab" vasitəsilə həmin ktabıları oxuya bilərlər.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31