İnsanlıq əleyhinə cinayət cəzasız qalıb- RƏYLƏR

Ermənistanın Azərbaycana qarşı işğalçılıq və soyqırımı siyasətinin tərkib hissəsi olan, beynəlxalq hüququn norma və prinsiplərinin, insan hüquq və azadlıqlarının kütləvi şəkildə, kobudcasına pozulması ilə nəticələnən, bəşər tarixinə böyük qanlı faciə kimi daxil olan Xocalı soyqırımından 27 il ötür. Bu faciə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı uzun müddət davam edən etnik təmizləmə və soyqırımı siyasətinin daha bir dəhşətli nümunəsidir. Belə ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun Xankəndindəki 366-cı motoatıcı alayı ilə birgə törətdiyi cinayət beynəlxalq hüquq baxımından məhz soyqırımı kimi qiymətləndirilməlidir.

Etnik təmizləmə

Məhz həmin gün 366-cı motoatıcı alayın çoxsaylı ağır texnikası şəhərə yeridilib, cinayətkarlar vahimə içərisində şəhəri tərk etmək məcburiyyətində qalan dinc insanları amansızcasına qətlə yetiriblər, şəhər yerlə yeksan edilib, yaşayış evləri və sosial infrastruktur tamamilə dağıdılıb və yandırılıb. Xocalı soyqırımı zamanı 613 nəfər insanın, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyulub, yüzlərlə dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Həmin kütləvi qırğın həyata keçirilərkən 8 ailə bütünlüklə məhv edilib, 25 uşaq hər iki valideynindən, 130 uşaq isə valideynlərinin birindən məhrum edilib, əsir və girov götürülənlərə amansız işgəncələr verilib. Bu zaman soydaşlarımızın əsas insan hüquqları, ən başlıcası isə təməl hüquq olan yaşamaq hüququ kütləvi şəkildə pozulub.Bu faciəni törətməklə Azərbaycana qarşı hərbi təcavüzün miqyasını daha da genişləndirən və ölkəmizin ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın hüdudlarından kənara çıxaraq, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan rayonlarını işğal edən Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində 20 min soydaşımızın həyatına son qoyulub, torpaqlarımızın 20 faizi işğala məruz qalıb.

Genosid faktı

Xocalıda erməni qəsbkarları tərəfindən törədilən bu kütləvi insan qırğını ağlasığmaz qəddarlığı və işgəncələri ilə birmənalı olaraq, genosid faktıdır. Belə ki, beynəlxalq hüquqa əsasən genosid ən ağır cinayətlərdəndir. BMT Baş Məclisinin 1946-cı il 11 dekabr tarixli 96 (I) saylı qətnaməsində qeyd olunur ki, genosid insan qruplarının yaşamaq hüququnu pozmaqla insan mənliyini təhqir edir, bəşəriyyəti insanlar tərəfindən yaradılan maddi və mənəvi dəyərlərdən məhrum edir, BMT-nin məqsəd və vəzifələrinə, ümumbəşəri dəyərlərə tamamilə ziddir və dünya birliyi tərəfindən pislənir. Genosid cinayətinin əlamətləri BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul olunmuş "Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında" Konvensiyada müəyyən edilmişdir. Xocalı soyqırımı zamanı baş vermiş cinayət əməllərinin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların kütləvi şəkildə məhv edilməsi niyyəti ilə törədilməsi onun genosid aktı olduğunu sübut edir. Azərbaycana qarşı təcavüz zamanı adı çəkilən Konvensiyada təsbit olunmuş genosid cinayətini təşkil edən bütün əməllər tətbiq olunub. Lakin təəssüf ki, Azərbaycanda dinc əhaliyə qarşı belə dəhşətli soyqırımı aktları həyata keçirilməsinə baxmayaraq, bu faktlar, o cümlədən Xocalı soyqırımı beynəlxalq aləmdə hələ də öz hüquqi-siyasi qiymətini almayıb, bu hadisəni planlaşdıranlar, təşkil edənlər və törədənlər məsuliyyətə cəlb edilməyib, layiqli cəzalarını almayıb və bu istiqamətdə hər hansı bir tədbir görülməyib.

Bəşəriyyət  əlehinə cinayət

İşğal edilmiş Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. Bunu beynəlxalq hüquq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli məlum 822, 853, 874 və 884 saylı Qətnamələri, BMT Baş Məclisinin "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı 14 mart 2008-ci il tarixli Qətnaməsi, AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı rejimi tərəfindən idarə olunmasını təsdiq edən 2005-ci il tarixli 1416 saylı qətnaməsi və 1690 saylı tövsiyəsi bir daha sübut edir. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşərək əsas hüquqları kobudcasına pozulub. Həmçinin Avropa Parlamentinin Dağlıq Qarabağla bağlı 23 oktyabr 2013-cü il tarixli qətnaməsi də beynəlxalq birliyin ölkəmizin haqlı mövqeyini dəstəkləməsini və işğal faktının tanımasını təsdiqləyir. Həmin sənəddə bir daha Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin vacibliyi qeyd olunub və işğalçı qüvvələrin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tam çıxarılması tələb edilib. Təəssüf ki, bununla bağlı da heç bir tədbir görülməyib və Azərbaycanın zəbt olunmuş əzəli torpaqları hələ də işğal altındadır.

Cinayət cəzasız qalmayacaq

Bu arada qeyd edək ki, Azərbaycan Milli Məclisi, "Qüdrətli Azərbaycan Naminə" İctimai Birliyi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə həyata keçirdikləri "Soyqırımı və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi" layihəsi çərçivəsində hazırlanan "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsi rəy alınması məqsədilə həm beynəlxalq dairələrə, həm də ölkənin müvafiq qurumlarına göndərilib.

Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib ki, layihə üzərində məsləhətləşmələr davam edir: "Təbii ki, Prezident Administrasiyası, Xarici İşlər Nazirliyi, hüquq-mühafizə orqanlarının bu qanunun tətbiqi zamanı meydana çıxa bilən problemlərlə bağlı rəyləri bizim üçün çox əsasdır. Ona görə də layihə rəylərin alınması üçün həmin qurumlara göndərilib. Rəylər alındıqdan sonra yəqin ki, layihəni parlamentdə müzakirəyə qəbul edə biləcəyik. Bunun nə vaxt olacağı artıq rəy verən təşkilatların öz işlərini nə zaman başa çatdıracağından asılıdır. Biz də maraqlıyıq ki, həmin layihəni daha tez qəbul edək". B.Muradova qeyd edib ki, "Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında" qanun layihəsi ilə bağlı çoxsaylı ictimai müzakirələr keçirilib: "Bu qanun beynəlxalq standartlara və sənədlərə, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə hazırlanıb". Milli Məclisin sədr müavininin sözlərinə görə, layihə cinayətləri törədən dairələrin cəzasız qalmaması üçün hüquqi bazanın yaradılması istiqamətindəki tələbləri özündə ehtiva edir: "Qanun layihəsi qəbul olunduğu zaman Azərbaycan xalqına qarşı cinayət törədənlər mütləq şəkildə bu qanunun təsir dairəsinə düşəcəklər". O,əlavə edib ki, Xocalı soyqırımı Azərbaycana və Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətli səhifəsidir. Lakin qanun layihəsi yalnız Xocalı soyqırımı ilə bağlı deyil: "Təbii ki, bu qanun qəbul olunub tətbiq olunduğu zaman həm Xocalı faciəsini törədənlər, həm buna qədər, həm də ondan sonra Azərbaycan xalqına qarşı vəhşilikləri, insanlıq əleyhinə cinayətləri törədənlər mütləq şəkildə bu layihənin təsir dairəsinə düşəcəklər. Bu qanunun ictimai müzakirələrində bildirilirdi ki, Qarabağ hadisələri üzərindən Ermənistanda hakimiyyətə gələrək özünün təhlükəsizliyini təmin edənlər bir gün bunu itirəcəklər. Bu gün o şəxslərin bir çoxu öz ölkəsində cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmə ittihamları ilə üzə-üzədirlər. İndki halda onlar öz vətəndaşlarına qarşı törətdikləri cinayətlərə görə ittiham olunurlar. Amma həmin insanlara qarşı ittihamların üzərinə insanlıq əleyhinə cinayət törədicisi kimi ittiham da əlavə olunacaq və onlar törətdikləri cinayət əməlinə görə məsuliyyət daşıyacaqlar". B.Muradova vurğulayıb ki, bu cinayət təkcə müəyyən qrup şəxslərin və daha sonra Ermənistan hakimiyyətini idarə edən rəsmi şəxslərin cinayəti kimi ortaya çıxmır, eyni zamanda, söhbət onların təhrikçiliyi və təşkilatçılığı ilə bütöv bir xalqın - Ermənistan xalqının bu cinayətə şərik olmasına səbəb olmaqdan gedir: "Ona görə də düşünürəm ki, Ermənistan xalqı, bugünkü Ermənistan iqtidarı bu cinayətlərə şərik olmadığını sübut etmək və insanlıq əleyhinə cinayət törədə biləcək bir iqtidarda olmadıqlarını göstərmək istəyirlərsə, bu ittihamı da əvvəlki hakimiyyətdə təmsil olunan cinayətkarlara qarşı irəli sürməlidirlər və öz xalqlarını belə bir ittiham qarşısında qoymamalıdırlar. Hesab edirəm ki, indi onların bu barədə düşünmək, qərar vermək və addım atmaq üçün vaxtları var".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31