İrandan qeyri-obyektiv yanaşma- Geosiyasət
25 Fevral 2019 12:02 SiyasətSon vaxtlar cənub qonşumuz İran İslam Respublikasının işğalçı Ermənistanla əlaqələrində müşahidə edilən hədsiz dərəcədə yaxınlaşma, yüksək səviyyəli qarşılıqlı səfərlər Tehrana qarşı Bakının incik düşməsini şərtləndirib. Düzdür, rəsmi Bakı bütün hallarda qonşuları ilə münasibətləri yüksək səviyyədə saxlamaq, qarşılıqlı faydalı əməkdaşlıq etmək istəsə də, lakin heç də əksər hallarda Azərbaycanın bu cür humanist mövqeyinə qarşı adekvat münasibət ortaya qoyulmur. Bu günlərdə cənub qonşumuzda ölkəmizlə bağlı ərazi iddasının baş qaldırması da deyilənlərin sübutudur. Məlumat üçün qeyd edək ki, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin İslam inqilabının 40 -cı ildönümü ilə bağlı keçirilən bayram tədbirində çıxışı zamanı qonşularına qarşı ərazi iddiası irəli sürüb. O, nitqində qonşu dövlətlərə qarşı, xüsusi ilə Azərbaycana ərazi iddiası irəli sürüb. Məsələ ilə bağlı fikirlərini bölüşən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Həsən Ruhaninin bu açıqlaması İranın rəsmi surətdə Azərbaycana qarşı ərazi iddiası kimi qiymətləndirilməlidir: "Həsən Ruhaninin tarixə səyahət edərək, Persiyanı gündəmə gətirməsi, bu ölkənin öz qonşularına qarşı aqressiv siyasətini göstərmiş oldu. Bununla göründü ki, Fars rejimi İslam adından yalnız, öz işğalçılıq siyasətini həyata keçirmək üçün istifadə edir. Yaxın Şərqdə məzhəbçilik, inqilab ixrac etmə doktrinası İranın işğal siyasətinə hesablanıb. Bir məsələni qeyd edim ki, ölkə rəhbəri rəsmi dövlət tədbirində belə bir yanaşma ortaya qoymamalı, əksinə sülh və qonşu ölkələrlə təhlükəsiz və qarşılıqlı etimad mühitində əməkdaşlığı qeyd etməli idi. İrana qarşı sanksiyaların genişlənməsini nəzərə alsaq Tehranın bu aqressiyası yalnız özünü qorumaq instinkidir. Təbii ki, bu da digər ölkələrin ərazi bütövlüyünə qəsd cəhdidir. Həsən Ruhani bu çıxışı ilə Birləşmiş Ştatların bəyan etdiyi "Yaxın Şərqdə İran təhlükəsizlik üçün əsas təhdiddir" mesajına bəraət verir. Bu çıxış bir daha İranın işğalçı və necə təhlükəli bir ölkə olduğunu göstərmiş oldu".
Politoloq bildirib ki, 1828 -ci il fevralın 10-da Azərbaycan iki yerə parçalanmış, İran və Rusiyanın işğalına məruz qalmışdı: "1918-ci ildə Şimali Azərbaycan öz istiqlalına qovuşmasına baxmayaraq, cənub torpaqları hələ də İranın işğalındadır. Ruhani çox gözəl bilir ki, işğalda saxladıqları Cənubi Azərbaycan mütləq azad olacaq, şimalla bütövləşəcək. İran prezidenti artıq Cənubi Azərbaycanda milli azadlıq məfkurəsinin oyandığından narahatdır və bu tezisi deməklə, hesablayır ki, Cənubi Azərbaycanda milli azadlıq ideyasının heç bir nəticəsi olmayacaq. Amma, unudur ki, Abbas Lisani kimi milli azadlıq mücahidlərimiz fars-molla rejiminə qarşı öz prinsipial etirazını bildirir. İşğal altında olan bir xalqın mənafelərini müdafiə edir". Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycan rəsmi şəkildə Türkmənçay müqaviləsini tanımadığını gələcək perspektivdə elan edəcək və Cənubi Azərbaycanın birləşdirməsini beynəlxalq müstəviyə çıxaracaq: "Hazırda proseslər Qarabağ cəbhəsinə yönəlib. İran rejimi unutmasın ki, Persiya imperiyası heç vaxt bərpa edilməyəcək, Yaxın Şərqdə apardıqları silahlı mübarizə mütləq məğlubiyyətə uğrayacaq. Göründüyü kimi, Birləşmiş Ştatlar və İsrailin İranı region üçün təhlükəli ölkə olduğunu qeyd etməsi, öz təsdiqini tapdı. Həmişə şərhlərimdə qeyd etmişəm ki, İranın Yaxın Şərqdə güclənməsi birbaşa Azərbaycan üçün təhlükə vəd edir. Həsən Ruhaninin bu açıqlaması, artıq təhlükənin qapıda olduğunu göstərdi. Birləşmiş Ştatların İranın nüvə texnologiyasını hədəfə alması məhz Tehranın işğalçılıq siyasətinin qarşısını almasına yönəlib. Ona görə də Amerika və İsrailin İrana qarşı siyasəti regionumuzun xüsusi ilə, İranın qonşu ölkələrinin təhlükəsizliyi üçündür. Təsəvvür edin ki, İran nüvə silahı əldə edir, İraqda, Suriyada, Yəməndə qələbə çalır. Bilirsiniz növbəti hədəf hara olacaq? Azərbaycan olacaq. Azərbaycan İran prezidentinin çıxışına rəsmi şəkildə nota verməli, istənilən situasiyada Türkmənçay müqaviləsinin tanımayacağını xatırlamalıdır. Əgər, rəsmi şəkildə İran rəhbərliyi ölkəmizə qarşı bu iddianı səsləndirirsə, biz nədən çəkinməliyik?".
Müstəqil ekspert Əhəd Məmmədli isə deyib ki, İran prezidenti Həsən Ruhani İran-Türk padşahı Qacar xanı xain anlandırıb. Onun sözlərinə görə bu tipik fars yanaşmasıdır: "İran yüz özünü İslam respublikası adlandırsın, Ruhaninin bu açıqlaması indiki İranın fars respublikası olduğunu bir daha göstərdi. Ruhani deyir ki, Qafqaz və Körfəz İranın olub. Körfəz İranın olmayıb, Ruhani yalan danışır, Körfəz əsrlərdir ki, Osmanlının əraziləri olub. Ümumiyyətlə, ərəb coğrafiyasının böyük nüfuzu əsrlərdir ki, son İslam xilafəti Osmanlının tərkibində olub. Qafqaz və ələxsus də, Azərbaycana gəldikdə biz onların deyil, onlar bizim olub. Böyük İran-Türk hökmdarları Nadir şah, Qacar xan özlərini türkmən, türk elinin padşahları adlandırıblar. İran hökmdarı Nadir şah Əfşar Osmanlı sultanına məktubunda özünü türkmən elinin hökmdarı adlandırıb. Türk hökmdarı Nadir şah Əfşarın dönəmində İran-Türk imperiyasının hüdudları şimalda Rostov, cənubda isə Hindistana qədər gedib çıxır. Tarixdə Əfqanıstanın yeganə fəthi məhz Nadir şah Əfşarın hökmranlığı dövründə olub. Nadir şah Napaleon səviyyəsində sərkərdə, imperator olub və bu böyük fateh Azərbaycan türkü olub. Qacar xan da Azərbaycan türkü olub. Nadir şah, Qacar xan satqın farslar tərəfindən öldürülməsəydi, ruslar heç vaxt Qafqaza girə bilməzdilər. İngilislərin köməyi ilə hakimiyyətə gətirilən xain fars sülaləsi Pəhləvilərin dövründə İran geriləməyə başlayıb. Britaniya və Rusiyanın yarımkaloniyasına çevrildi. İranın fars prezidenti Ruhani düz demir və İranın şanlı türk keçmişinə iftira atır". Əhəd Məmmədli deyib ki, Təbriz də, Tehran da, İran da, Turan da bizimdir: "Turanla İran bir ata və ananın iki oğlu, doğma qardaşdılar. Necə ki, Anadolu türkləri Səlcuqlu, Osmanlı, Özbək türkləri Əmir Teymur, Qazax türkləri Qızıl Orda, Göy-Türk imperiyası keçmişlərinə biz Azərbaycan türkləri də Nadir şah Əfşar, Qacar xan keçmişimizə sahib çıxmalıyıq. Azərbaycan müstəqilliyini bərpa etsə də, hələ də Sovet Rusiyası dövründə yazılan tarixi öyrənir, bu kökündən yanlışdır. Rusun bizə aşıladığı, özünə sərf etdiyi "tariximizdən" imtina edib əsl tariximizi öyrənməliyik və dünyaya təbliğ etməliyik. Bəyənmədiyimiz İslam Kərimov zamanında Özbəkistan paytaxtı Daşkəndin mərkəzində Əmir Teymura böyük heykəl ucaltdırıb və bu böyük türk imperatoruna sahiblənib. Azərbaycan da böyük türk padşahları Nadir şaha, Qacar xana sahiblənib, bu böyük oğullarına Bakının mərkəzində nəhəng heykəllər ucaldılmalıdır. Biz İranın deyilik, İran bizimdir, türkündür".
Füzuli