Qazaxıstan siyasi dəyişiklik astanasında- Geosiyasət
25 Fevral 2019 11:59 SiyasətNazarbayev postunu kimə etibar edəcək?
Qazaxıstanda son illərdə cərəyan edən daxili siyasi proseslər və gələcək üçün atılan addımlar qazaxları nə dərəcədə düşündürürsə, eləcə də Astananın yaxın qonşularını, xüsusilə də Moskvanı bir o qədər maraqlandırır. Söhbət Orta Asiyanın siyasi cəhətdən nəhəngi, təcrübəli dövlət adamı Nursultan Nazarbayevin varisinin kim olacağından gedir. Hələlik Nazarbayevin varisinin kimliyi məlum olmasa da, lakin qazax liderinin bu barədə düşündüyü, hətta varis müəyyən etdiyi də bildirilir. Sadəcə Nazarbayevin bəzi problemlərdən dolayı varisinin adını açıqlamaqda ehtiyat etdiyi bildirilir. Bunun başlıca səbəbi xarici amillər, xüsusilə Rusiya təsiridir. Belə ki, Kreml ciddi cəhdlə Nazarbayevdən sonra Qazaxıstana rəhbərlik edəcək şəxsin ona yaxın olmasını arzulayır. Ancaq Qazaxıstan liderinin son aylarda atmış olduğu bəzi addımlar deyəsən heç də Rusiyanı razı salmır və Moskva Astananın siyasətindən ciddi narazı görünür. Elə "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da deyir ki, Nursultan Nazarbayev Rusiyaya maraqlı mesajlar göndərir. Onun sözlərinə görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevin son addımları Kremli narahat etməyə bilməz: "Nursultan Nazarbayev sözdə Rusiyanı müttəfiq dövlət adlandırır, ancaq son vaxtlar əlindən gələni edir ki, bu dövlətdən asılı olmasın. Doğru da edir. Rusiya ilə müttəfiqlik kimə xeyir gətirib ki? Nursultan Nazarbayev son çıxışlarında türkçülükdən və türk etnosunun böyüklüyündən çox danışır, gənclərə bununla bağlı öyüd-nəsihət verir. Nazarbayev sanki bununla əlaqədar bir neçə il əvvəl "vaxtilə Qazaxıstan adlı dövlət olmayıb" deyən rusiyalı həmkarı Vladimir Putinə mesaj göndərir ki, "biz böyük xalqıq və qazax türkləri ilə hesablaşmalısan".
Politoloq deyir ki, Qazaxıstanın şimalında rusların sayı çoxdur və Nazarbayev son illərdə həmin bölgələrdə qazaxların artımına ciddi diqqət yetirir: "Üstəgəl Nazarbayevin bugünlərdə hökuməti istefaya göndərməsi də Kremldə bu sualı gündəmə gətirib: "Nazarbayev nə etmək istəyir, beynindəki plan nədən ibarətdir?". Məsələ burasındadır ki, yaşlı Nazarbayev özünə varis seçməlidir və Kreml ehtiyat edir ki, bu seçim Rusiyanın maraqlarına uyğun olmaya da bilər. Nazarbayevin son qərarı da diqqəti çəkir. Qazaxıstan milli pul vahidinin üzərindən rus dilindəki yazılar çıxarılıb. Digər tərəfdən Nazarbayev dönə-dönə deyir ki, qazaxlar 3 dildə danışmağı bacarmalıdırlar: qazax, rus və ingilis. Halbuki, əvvəllər yalnız iki dilin vacibliyindən danışılırdı. Nursultan Nazarbayev hökumətin və parlamentin iclaslarının qazax dilində aparılması tələbini də qoyub. Bir sözlə Nazarbayevin başçılığı ilə Qazaxıstanda milli oyanış prosesi gedir".
Müstəqil ekspert Zeynal Əmralıyev də hesab edir ki, Nursultan Nazarbayev varis axtarışındadır. O, bildirib ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev bu yaxınlarda hökuməti istefaya göndərib. Ekspertin sözlərinə görə, Nazarbayev Nazirlər Kabinetini əhali ilə yaxşı işləyə bilməməkdə ittiham edib: "Prezident iqdidardakı "Nur Otan" Partiyasını növbəti qurultayında əhalinin sosial rifahı üçün yeni təkliflərlə çıxış edəcəyini deyib. Nazarbayev kimi 30 ildir hakimiyyətdə olan qocaman siyasətçinin komanda dəyişikliyi etməsi təsadüfi deyil. O, artıq yaşlanıb, hakimiyyətin ötürülməsi prinsipi üzərində çalışır. Ancaq onun yerini kim dolduracaq sualı ətrafında müəmallar dolaşmaqdadır. Qazaxıstanda qəbul edilən qanunla Nazarbayev Təhlükəsizlik Şurasının ömürlük sədri seçilib. Görünən odur ki, "Elbası" Qazaxıstanda yenə əsas söz sahibi olaraq qalacaq.Onun belə bir addım atacağı gözlənilən idi. Bunun da bir neçə səbəbi var. Çünki hakimiyyət Özbəkistanda olduğu kimi fərqli şəxsə ötürülərsə həm də onun ailəsi üçün təhlükə yarana bilər. Necə ki, Özbəkistanda İslam Kərimovun ailəsi təqib edilir, ikinci bir məsələ də yeni liderin zəif fiqur olacağı təqdirdə ölkənin milliyətci güclər tərəfindən parçalanması ehtimallıdır.Təbii ki, illərdir başını dövlətin başında ağartmış Nazarbayev kimi təcrübəli bir siyasətçi özünə zəif varis seçməz, ancaq nə qədər də olsa onun varisi ondan güclü olmayacaq. Yəni "ikinci Nursultan" olmayacaq. Bu isə potensial təhlükədir. Çünki zaman-zaman bir çoxları iddia edir ki, Qazaxıstandakı etnik rusların baş qaldırmamasının səbəbi "Elbası" nın şəxsi nüfuzudur. Ölkənin yeni rəhbəri yuxarda da dediyim kimi Nursultan olmayacaq, ancaq Nazarbayev ola bilər, daha doğrusu Nazarbayeva". Zeynal Əmralıyev deyir ki, prezident postuna bir neçə şəxsin adı çəkilir ki, bunlardan biri də prezidentin böyük qızı Dariqa Nazarbayevadır: "Prezidentlik uğrunda ümümi dörd fərqli yerdən namizədlər gösdərə bilərik. Birincisi, Prezidentin ailəsi, ikincisi, hakim komanda, üçüncüsü, Nazarbayev hakimiyyətinin əsas dayağı olan yerli biznes dünyası və dördüncüsü, təbiki Rusiyaya bağlı qüvvələr. Gələcək prezidenti hakim ailənin içində axdarsaq ağıla ilk gələn yuxurda da qeyd edildiyi kimi dovlət başçısının böyük qızıdır. Dariqa Senatın deputatıdır.Prezident qızının nöqsanı bundadır ki, onun dövlət idarəçilik təcrübəsi yoxdur. Onun Senatın sədri olacağı barədə iddiaalar dolaşsa da bu, öz əksini tapmadı. Onun mübahisəli edən digər bir maraqlı məqamı isə şəxsi ailə münasibəti, daha doğrusu 1983-2007-ci illərdə evli olduğu Rahat Əliyevin məruz qaldığı qalmaqallar və onun müəmmalı ölümüdür. Rahat Əliyev Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədr müavini, ölkənin Avstriyadakı səfiri kimi mühüm vəzifələrdə çalışmışdı. 2007-ci ildə o, özünün səhmdarı olduğu "Nurbank"ın idarə heyətinin sədri Əbilmajin Gilimov və onun birinci müavini Joldas Timirəliyevin oğurladılaraq qətlində ittiham olunur. Qazax məhkəməsi onun barəsində qiyabi olaraq 40 il həbs cəzası kəsir. Özü isə Avropada gizlənilirdi. 2014-cü ildə Avstriyada həbs edilir. Avstriya onun Qazaxıstana eksdredisyasından imtina edir. Rahat Əliyev 2015-ci ildə Avstriyadakı həbsxanada rəsmi məlumata görə intihar edir. Ancaq onun Nazarbayevlərin sifarişi ilə öldürüldüyü haqqında iddialar var". Ekspert deyib ki, prezidentlik üçün adı keçən tək prezidentin qızı deyil: "Dövlət başçısının digər qızı Dinaranın əri Timur Kulibayevin də adı ölkənin ali rəhbərliyi üçün keçir. Kulibayev biznesmendir, bir çox dövlət şirkətinə rəhbərlik edib, prezidentin maliyyə və enerji siyasəti üzrə köməkçisi kimi mühüm dövlət vəzifədə çalışıb. Yüksək təhsilə malik olan Timurun da baldızı kimi ailə münasibətlərində bəxti gətirməyib. Belə ki, prezidentin kürəkəni bir müddətdir mediyanın gündəmindən düşmür. KİV-lər onun bir biznes ledi ilə münasibətinin olduğu və hətta bu münasibətdən iki oğul dünyaya gətirdiyini yazır. Bu məlumatlar onun prezident olmaq şansını aşağı endirir. Bunlar birinci qrupdan-ailə daxilindən önə çıxan namizədlər idi. Əgər Nazarbayev də İslam Kərimov kimi öz varisini hakim komandadan seçəcəksə, bu siyahıda Senatın sədri Kasım -Jomart Tokayev, prezident admistirasiyasının rəhbəri Adilbek Casıbekov, Milli Təhlükəsizlik Komitəsinin sədri Kərim Mənsimov kimi nüfüzlu məmurların adını çəkə bilərik. Bu üçlü qrupun içərisində ən şanslısı isə Senatın sədri Tokayevdir. Çünki onun digərlərinə nisbətən idarəçilik təcrübəsi yüksəkdir. Həm də ona hakimiyyətin ötürülməsi daha asandır. Çünki ölkə Konstitutsiyasına əsasən hazırda ölkədə prezidentdən sonra ikinci şəxs Senatın sədridir.Tokayevin adı bu günə qədər demek olar ki, heç bir qalmaqalda hallanmayıb. Ancaq onun da yaşı çoxdur. Spikerin nə az, nə çox, düz 65 yaşı var. Casıbekov kabinet adamdır, müasir siyasi çağrışların qarşısında aciz qalacaq, həm də digərlərinə nisbətən zəif bir fiqur kimi qiymətləndirilir. Kərimov ölkədə kifayət qədər nüfuzu olan bacarıqlı bir məmurdur. Nazarbayev öz yerini ona verə bilər. Ancaq prezident varisinin qeyri-qazax millətinin nümayəndəsi olması ilə razılaşsa. Qazaxıstanda 243 min uyğur türkü yaşayır. Uyğur olmaq təbii ki, nöqsan deyil və onlar ayrı-seçkiliyə məruz qalmırlar. Ancaq söhbət dövlətin ali rəhbəri postundan gedirsə o zaman bura azsaylı millətin nümayəndəsinin gətirilməsi milli cəhətdən həssas yer olan Qazaxıstan üçün gələcəkdə sonsuz problem yarada bilər".
Ekspert deyib ki, üçüncu qrup olan biznes elitasından bu posta gələ biləcək şəxs ölkənin ən zəngin iş adamı hesab olunan Bulat Utemuratovdur: "O, prezidentə çox yaxındır və onun biznes dünyasındakı nümayəndəsi sayılır. Hətta Nazarbayevin Utemuratovla ortaq biznes əlaqələrinin olduğu da deyilir. Dördüncü qrupda-rusmeyilli qüvvələr içərisində gələcək dövlət başçısını axdarası olsaq ağıla gələn ilk şəxs Qazaxıstanın Rusiyadakı səfiri İmanqali Tasmaqambetovdur. Tasmaqambetov yüksək idarəçilik təcrübəsinə malik şəxsdir, səfir olmamışdan əvvəl Alma-Ata və Astana şəhərlərinin meri, prezident admistirasiyasının rəhbəri və son olaraq baş nazir kimi mühüm dövlət vəzifələrində çalışıb. O, Nazarbayevin potensial varisi kimi görünsə də, anidən vəzifəsindən azad edilərək Moksvaya yola salındı. Onun Rusiyaya yaxın olduğu bilinirdi, ancaq Nazarbayevlə də şəxsi dostluq əlaqələrinə malik idi. Tasmaqambetovun siyasi durumu,hakimiyyətin gözündənmi düşüb səfir göndərildiyi, yoxsa Moskvaya xüsusi tapşırıqlamı səfir getdiyi hələ də naməlum olaraq qalır. Çünki Rusiya Qazaxıstan üçün adi bir ölkə deyil, ancaq ölkənin ikinci ən güclüsünü səfir göndərmək də biraz təəccüblü görünür. Daha bir ən güclü variant isə Nursultan Nazarbayevin özündən sonra hakimiyyəti müxtəlif qruplar arasında böləcəyi, özündən sonra zəif prezident qoyacağı ilə bağlıdır. Belə düşünürəm ki, prezident hakimiyyəti konkret bir qrupa verməyəcək, gücü onların arasında bölüşdürəcək. Son konstutusiya dəyişikliyi ilə prezidentin səlahiyyətlərinin böyük hissəsini parlamentə verməsi də bunun sübutudur".
Süleyman