Nikol barışığın vacib olduğu mesajını verir?- Təhlil
22 Fevral 2019 13:53 SiyasətMübariz Əhmədoğlu: "Paşinyan Ovannes Tumanyanın ideyalarını Dağlıq Qarabağ ermənilərinə örnək göstərir"
Ermənistanda cərəyan edən proseslər. eləcə də bu ölkənin beynəlxalq aləmdən təcridinin sürətlənməsi Nikol Paşinyan hökumətini bəzi addımlar atmaq məcburiyyətində qoyub. Daha dəqiq desək keçən ilin aprelində inqilab yolu ilə hakimiyyətə gələn Nikol Paşinyanın o zaman aqressiv tərzdə səsləndirdiyi müharibə çağırışları və təxribatçı hərəkətlərini tədricən mülayim ton, kompromissə meyillilik əvəzləyir. Əslində bu da başadüşüləndir. Çünki qeyd etdiyimiz kimi Paşinyan hökuməti nə Qərbdən, nə də Rusiyadan istənilən dəstəyi ala bilmir. Digər tərəfdən Azərbaycanın apardığı təcridetmə siyasətinin getdikcə genişlənməsi və daha geniş spektri əhatə etməsi inqilabçı baş nazirin yumşaq davranışlar sərgiləməsinə gətirib çıxarır. Keçən il Düşənbədə, bu il isə Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşə can atması və onunıa Dağlıq Qarabağ problemini müzakirə etməsi deyilənlərin əyani sübutudur.
Bu günlərdə Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimdə baş tutan daha bir tədbir də deyilənləri təsdiqləyir. Belə ki, fevralın 19-da məşhur erməni şairi Ovanes Tumanyanın 150 illik yubileyi Dağlıq Qarabağda da qeyd edilib. Məlumat üçün qeyd edək ki, Ovanes Tumanyan son 30 ildə ilk dəfədir Dağlıq Qarabağda təbliğ olunur. Baş verən hadisələri təhlil edən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyir ki, Ovanes Tumanyan Ermənistanda anadan olub, Gürcüstanda yaşamış, Moskvada ölmüş və Ermənistanda dəfn olunmuş milliyyətcə erməni yazıçı-şairdir. Onun sözlərinə görə, Gürcüstan, Ermənistan və Azərbaycanda Ovanes Tumanyanı ilk növbədə Cənubi Qafqaz xalqlarının hər üçünün dilində yazıb-yaradan Sayat Novanın davamçısı kimi tanıyırlar: "Ovanes Tumanyan XX əsrin əvvəlində Cənubi Qafqaz regionunda ermənilərin gürcülərə və azərbaycanlılara qarşı apardığı müharibədəki sülhyaradıcı roludur. Ovanes Tumanyan o zaman at belində özü ermənilərinin yanına gedərək
onları gürcülərə və azərbaycanlılara qarşı vuruşmamağa çağırırdı. Bu birmənalıdır ki, Cənubi Qafqaz regionuna münaqişəni Osmanlı imperiyasından qovulan, İran
imperiyasının tərkibindən köçürülən ermənilər gətiriblər.Ovanes Tumanyan da bunu bilirdi və ona görə daha çox öz xalqı arasında təbliğat aparırdı". Mübariz Əhmədoğlu hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan Ovanes Tumanyanın yubileyinin Dağlıq Qarabağda keçirtdirməklə,
xüsusilə qondarma qurumun de-fakto prezidenti Bako Saakyanı o tədbirlərdə oturmağa vadar etməklə barışığın vacib olduğu mesajını
çatdırmaq istəyir: "Silva Kaputikyanın 100 illiyinin Dağlıq Qarabağda qeyd olunmaması diqqət çəkir. Kaputikyanın 100 illiyi Nikol Paşinyanın diqqətində idi. Amma tədbirlər yalnız Yerevanda keçirildi. Bu,
Nikol Paşinyanın Dağlıq Qarabağ tənzimlənməsinə daha bir cəhdi kimi dəyərləndirilə bilər".
Mərkəz rəhbəri bildirib ki, Dağlıq Qarabağ tənzimlənməsinə getməyən Ermənistan tarixi şərəfsizliyə sürüklənəcək: ".Ermənilər bu torpaqlarda qala bilməyəcəklər. Ermənistan müstəqil dövlətçiliyini itirib, iki iri qonşu dövlətdən hansısa birinin tərkibinə girəcəkdir. Dağlıq Qarabağa Ermənistandan Ovanes Tumanyanın
ideyalarının gəlməsi müsbət haldır. Ermənistandan Dağlıq Qarabağa destruktiv ideyalar axını davam edəcəyi təqdirdə Nikol Paşinyan özü Laçın
koridorunu bağlatdıra bilər. Bəlkə də Nikol Paşinyanın xahişi ilə Azərbaycan və Ermənistan ikisi birlikdə Laçın koridorunu bağlasınlar və bununla da
Ovane Tumanyanın ideyalarının Dağlıq Qarabağ erməniləri arasında yayılmasına Ermənistandan heç kəs maneçilik edə bilməsin".
Göründüyü kimi, Ermənistanda cərəyan edən proseslər heç də İrəvanın, xüsusilə də inqilabçı baç nazir Nikol Paşinyanın xeyrinə işləmir. Hadisələri öz xeyrinə dəyişmək üçünsə Nikol Paşinyan Dağlıq Qarabağ probleminin həlli məqsədilə lazımı addımlar atmalıdır. Bu addımlar isə heç şübhəsiz ki, Azərbaycanın işğal edilmiş ərazilərinin işğaldan azad olunmasını özünə ehtiva etməlidir.
Süleyman