Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Bakı Atatürk Liseyində olub
21 Fevral 2019 17:13 SiyasətTürkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir. "OLAYLAR" xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti bu gün Türk Dünyası Araşdırmaları Vəqfi (TDAV) Bakı Atatürk Liseyində olub. Qonaqlar siniflərə baş çəkib, Liseydə yaradılan şəraitlə maraqlanıb, təhsil ocağının rəhbərliyi ilə görüşüblər. Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoralın da iştirak etdiyi görüşdə Liseyin müdiri Eylem Gültəkin rəhbərlik etdiyi təhsil ocağının yaranma tarixi, fəaliyyəti və qazanılan uğurlar barədə ətraflı məlumat verib. TDAV qurucu başqanı rəhmətlik Turan Yazqan tərəfindən yaradılan bu Liseyin ötən illər ərzində yalnız və yalnız "Bir millət, iki dövlət" fəlsəfəsinə xidmət edən bacarıqlı, dövlətini sevən və Türk dünyasının inkişafına xidmət amalı ilə böyüyən bir gənclik yetişdirdiyini deyən Eyləm Gültəkin hazırda burada təhsil almaq istəyənlərin sayının çox olduğunu, lakin məktəbin indiki binasının buna imkan vermədiyini bildirib. Liseyin müdiri qonaqlardan Bakı Atatürk Liseyinə yeni binanın ayrılması və digər məsələlərdə yardımçı olmalarını xahiş edib.
Görüşdə çıxış edən Şamil Ayrım öncə növbəti dəfə Azərbaycanda olmaqdan və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Nümayəndə heyətinin rəhbəri qardaş ölkələrimiz arasında əlaqələrin bu gün bütün sahələrdə, o cümlədən təhsil sahəsində ən yüksək səviyyədə olduğunu deyib. Şamil Ayrım eyni zamanda görüşdə iştirak edən nümayəndə heyətinin üzvlərinin Türkiyəyə qayıtdıqdan sonra Turan Yazqanın yadigarı olan Bakı Ataürk Liseyinə lazım olan dəstəyin göstərilməsi üçün müəyyən addımlar atacağını da bildirib.
Qarşılıqlı dialoq şəraitində davam edən görüşün sonunda nümayəndə heyətinin rəhbəri Liseyin müdirinə xatirə hədiyyələri təqdim edib.