Kərimlinin yalan maşını- SİYASİ BAXIŞ

Və xalqı aldatmaq "texnologiyası"

20 ildən artıqdır ki, xalqa yalan vədlər verən, həm Azərbaycan cəmiyyəti, həm də xaricdən ona maddi dəstək verən qüvvələri aldadan Əli Kərimli yenə də öz ampluasındadır.  Həyat fəlsəfəsi yalan və şər-böhtan üzərində qurulan bu adamın yaşlandıqca ağılı da itir desək yanılmarıq. Hər halda Kərimlinin son günlər 19 yanvar mitinqi və ondan sonra ölkədə baş verən proseslərlə bağlı verdiyi açıqlamalar belə deməyə əsas verir. Son mitinq uğursuzluğunu ört-basdır etmək üçün müxtəlif bəhanələr axtaran Kərimli ənənəsinə uyğun olaraq bu dəfə də növbəti yalan uydurub. Kərimli iddia edir ki, dövlət başçısının son günlərdə minimum əmək haqqı, pensiyaların sığorta hissəsi, tələbələrin təqaüdlərinin artırılması ilə bağlı imzaladığı sənədlər guya 19 yanvar mitinqinin "möhtəşəmliyi" ilə bağlıdır. Kərimlinin uydurmasına görə, hakimiyyət son aksiyadan qorxduğu üçün xalqın sosial rifah halının yaxşılaşdırılması istiqamətində addımlar atıb. Gülməlidir deyilmi? Əlbəttə. Çünki əhalinin sosial rifah halının yaxşılaşdırılması hər zaman dövlət başçısının diqqətində olan məsələdir və Cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 15 il ərzində dəfələrlə bu kimi fərman və sərəncamlar imzalayıb.  Ona görə də Əli Kərimlinin söydəlikləri yalan və böhtandan başqa bir şey deyil. Bununla AXCP sədri özünü ciddi bir fiqur, hakimiyyətə təsir göstərə biləcək lider kimi qələmə verməyə çalışır. Bu isə daha çox xaric üçün hesablanıb. Çünki daxildə Kərimlinin nəyə qadir olduğu, hansı fəaliyyətlə məşğul olduğu hır kəsə bəllidir. Elə əksər ekspertlər də bu qənaətdədirlər və qeyd edilir ki, Əli Kərimlinin söylədiyi fikirlər cəfəngiyyatdan başqa bir şey deyil. Millət vəkili Sahib Alıyev qeyd edir ki, son günlər minimum əmək haqqının, əmək pensiyalarının, ali məktəbdə təhsil alanların təqaüdlərinin artırılmasının arxasında iki faktor durur. Onun sözlərinə görə, bunun birincisi iqtisadi faktordur: "Əgər Azərbaycan iqtdisadiyyatının indiki durumu imkan verməsəydi, ildə təqribən 600 milyon manatdan çox xərc tələb edən bu artımlar olmazdı. Amma artımların daha bir mənbəyi də var ki, bu, bəlkə, iqtisadi faktordan da önəmlidir. Diqqət yetirmişdinizsə, Prezident İlham Əliyev Real TV-yə müsahibəsində bu ilin birinci ayında "məhz şəffaflıq, düzgün yanaşma hesabına" əlavə gəlirlərin əldə olunduğunu vurğuladı. Ardınca da bildirdi ki, həmin gəlirlərin müxtəlif məsələlərin həllinə sərf edilməsi təklifləri səslənsə də, o, vətəndaşların rifah halının yaxşılaşmasına yönəldilməsinə üstünlük verib.  Cənab Prezident niyə məhz bu məqamı açıqlamağa ehtiyac duydu? Fikrimcə, burada məqsəd aparılan islahatların, cəmiyyətin şəffaflaşdırılması yolunda atılan addımların təkcə makroiqtisadi göstəricilərin yaxşılaşmasına, ölkədə mənəvi durumun saflaşmasına xidmət etmədiyini, həm də vətəndaşların dolanışığına da birbaşa müsbət təsir göstərdiyini çatdırmaq idi.  Mən bunu bir neçə dəfə demişəm və bir daha vurğulayıram ki, hazırda Azərbaycanda yeni- daha təkmil, daha ədalətli, daha şəffaf cəmiyyətin quruculuğu prosesi gedir. Biz bunu vergi, gömrük və bir çox başqa sahələrlə bağlı qanunvericilik aktlarına edilən dəyişikliklər, aparılan institutsional islahatlardan tutmuş kadr siyasətindək hər yerdə görürük.  Əslində bu, dövlət quruculuğundan da çətin prosesdir, ancaq indiki sabitliyin, əmin-amanlığın dayanıqlı olmasını, ölkənin daim irəli getməsini istəyiriksə qaçılmazdır. Təbii ki, Azərbaycanın daha da güclənməsinə yönələn bu yeni cəmiyyət quruculuğu prosesi ölkəmizi gözü götürməyən qüvvələri qane etmir, edə də bilməz. Həmən çevrələr ona görə də saxta hesabatlar hazırlatdırır, burada qrantla bəsələdiklərini hərəkətə gətirir, ölkədə qarşıdurma, xaos yaratmağa cəhd edirlər. Bir zamanlar Rüstəm İbrahimbəyovdan "milli lider" düzəldən Milli Şuradakıların mitinqləmə sifarişini də elə həmin çevrələrdən alırlar.  Amma açığını deyək ki, belə bir sifariş, sifarişlə yanaşı bəlli muzd olmasa belə Milli Şurada da cəmləşənlərin çoxu mitinqləməyə həvəslidirlər. Çünki başladılan bu islahatlar Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da vurğuladığı kimi onları əbədi müxalifət statusalarını da itirmək perspektiviylə üz-üzə qoyur. Bəs onda necə dolanacaqlar? Axı bunların üzdə olanlarının əksəriyyəti son 25 ildə boş-boş danışmaq, demaqoqluq etmək, bir sözlə mitinqləməkdən başqa heç bir iş görməyiblər. Görmədiklərindən də ali məktəblərdə öz ixtisaslarıyla bağlı oxuyub öyrəndikləri nə vardısa unudulub. Ona görə də hörmətli Əli Həsənov tam haqqına deyir ki, bunların "ASAN xidmət"in bircə filialını idarə edəcək qədər belə kadrları yoxdur. Göründüyü kimi mitinqləmək həvəsləri isə var. İnsanları mitinqə cəlb etmək üçün təzə "tutalqa" da tapıblar. Guya bunların yanvarın 19-da keçirdikləri aksiyanın "möhtəşəmliyi" hakimiyyəti minimum əmək haqları, pensiya və təqaüdləri qaldırmağa vadar edib. Onların sözlərindən çıxan məntiqə görə əgər keçən dəfə mitinqə gələn bir adam növbətisində yanına üçünü də salıb gətirsə, maaş və pensiyalar əvvəlkindən 3 dəfə çox qaldırılacaq. Əlbəttə, cəfəngiyyatdır. Əli Kərimli və yaxın çevrəsini maaşların, pensiyaların deyil, aldıqları qrantların artması düşündürür. Və ola da bilər ki, onlar yanvarın 19-dakından 3 dəfə böyük mitinq təşkil etdikləri halda qrantları da 3 dəfə artırılsın. Amma bundan yanına 3 nəfər salıb mitinqə gətirənlərə nəsə çatacaqmı, ümumiyyətlə, onların anonsladıqları mitinq baş tutacaqmı? Təcrübə göstərir ki, yox". Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş şöbə müdiri, müstəqil jurnalist Elman Babayev isə deyib ki, Kərimli hakimiyyətin hazırkı və gələcək islahatlarını Milli Şuranın adına çıxmaq taktikası götürüb. Onun sözlərinə görə. Əli Kərimli sakitləşmək bilmir: "Milli Şuranın gələcək aksiyalarının da uğursuz nəticələnəcəyi xofu, az-çox ətrafına topladığı tərəfdarlarının yenidən ümidsizliyiə qapılcağı qorxusu onu  hər çür metodlara əl atmağa vadar edir. Bu metodlardan daha çox nəzərəçarpanı hakimiyyətin son vaxtlar həyata keçirdiyi və gerşəkləşdirəcəyi ehtimal olunan addımlarını öz adına, öz "xidmətləri"nə  çıxmasıdır. Söhbət ondan gedir ki, prezident İlham Əliyevin icrasına başladığı geniş islahatlar, əsasən aztəminatlı təbəqənin problemlərinin tam çözülməsinə, əhalinin sosial-rifah halının yaxşılaşmasına hədəflənib. Bu o təbəqədir ki, müxalifət uzun illərdir, məhz həmin təbəqəni öz tərəfinə çəkmək ümidi ilə yaşayır. Hakimiyyətinsə hər il bu təbəqəni bazar iqtisadiyyatının doğurduğu müəyyən çətinliklərdən qorumaq üçün atdığı addımlar müxalifərin radikallıq planlarına təsir göstərir. İlham Əliyev bu yaxınlarda elan etdi ki, yaranan yeni maliyyə resursları aztəminatlı təbəqənin problemlərinin həllinə dəstək imkanı yaradacaq, təqribən 5 faiz çivarında olan yoxsulluğun ölkə gündəmindən çıxarılması mümkünləşəcək.  Bunun davamı olaraq əməkhaqqı, təqaüd artımları üçün addımlar atılıb, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə dair  mühüm qərarlar verilib". O, bildirib ki, belə bir situasiyada Əli Kərimli çəmiyyət tərəfindən məmnunluqla qarşılanan bütün bu və digər müsbət qərarların onun əməyinin nəticəsi olduğunu açıq şəkildə iddia etməyə başlayıb: "Kərimlinin düşüncəsinə görə, 19 yanvar olmasaydı, bütün bunlar da olmayacaqdı. Məgər 19 yanvarda nə baş vermişdi ki?! Hər zamankı sönük aksiyanın bəlkə 100-110 adam fərqi ilə davamından başqa, ortaya ciddi heç nə çıxmayıb. Müxalifət xəyallar qanadında süzüb, qəhrəmanlıq imitasiyası üçün dəridən-qabıqdan çıxır, sadəcə.        Hazırda 10 milyona yaxın əhalinin heç olmasa 1 faizi bu aksiyaya qoşulmuşdumu? Rəsmi məlumatlara görə, sayı 3 minə çatmayan mitinq heç vaxt kütləvi adlandırıla bilməz, deməli kütləvi olmayan aksiyanın  hakimiyyəti ciddi narahat etməsi mülahizəsi tamamən yanlışdır.   Yadımıza salaq ki, müxalifətin 2005-ci ildə keçirdiyi aksiyalar, 19 yanvar mitinqi ilə müqayisədə daha kütləvi idi.  Amma heç həmin vaxt "hakimiyyət bizdən qorxdu, ona görə əməkhaqqı və pensiyanı artırdı" kimi gülünc iddialar ortada yox idi. Göründüyü kimi, bu, Kərimlinin yeni taktikasıdır. Digər tərəfdən, diqqəti bir məqam üzərinə salmaq lazımdır: məgər 19 yanvar mitinqi sosial tələblərlə keçirilmişdi? Mitinqin əsas şüarı açlıqla gündəmə gəlib, sonradan toxluqla gündəmdən çıxan blogger Mehman Hüseynovun azadlığa buraxılması məsələsi idi. Bunun da bütün təfərrüatları hamıya məlumdur. Yəni, dövlət başçısının verdiyi sosialyönümlü qərarların həmin mitinqlə bağlanılması tamamilə əsassız iddiadır. Sən Mehman Hüseynovun azadlığını tələb edirsən, hakimiyyət sosialyönümlü islahatlar həyata keçirir-hardadır, burada bağlılıq? Məhz hakimiyyətin son qərarlarından sonra Kərimli sosial məsələlərdən məruzə hazırlayıb sosial şəbəkələri, sosial medianı bir az da artıq zəbt etməyə başladı. Utanmadan hakimiyyətin  hazırkı və gələcək islahatlarını indidən Milli Şuranın adına çıxır. O, çox gözəl görür ki, İlham Əliyev cəmiyyətin bildiyi və hələ bilmədiyi yaxşı islahatlara hazırlıq aparır. Ona görə də indidən dolayısı ilə bəyan edir ki, nə müsbət addım olsa, Milli Şuranın "əməyinin" bəhrəsi kimi anlamaq lazımdır. Az qalsın deyir ki, siz gəlin bizim aksiyalara, həmin gündən sonra bütün çətinliklərinizi həll edəcəyik. Gülünc iddialar, ikrahdoğurucu yalvarış deyilmi?. Bir iddianın ki, arxasında real proqramlar dayanmır, həmin iddia populist bəyanatdan başqa bir şey deyil və  bu qüsurlu taktikanın uğur qazanacağının mümkünsüzlüyünü, süni yolla tərəfdar ovlamaq cəhdlərinin puça çıxacağını göstərir".

Göründüyü kimi Əli Kərimlinin yalan "maşını" öz fəaliyyətindədir. Durmadan yalan ixrac edən bu siyasətçinin yaxın vaxtlarda daha hansı "yeniliklər" uyduracağı maraqlıdır. Yaşayarıq, görərik.

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31