Azərbaycanın hərbi qüdrəti artır

İsraillə hərbi əməkdaşlıq yeni mərhələdə

Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlər, qazandığı uğurlar ölkəmizin hərbi sahədə də öz qüdrətini, potensialını artırmasına imkan yaradır. Nəzərə alsaq ki, Azərbaycan 20 ildən artıqdır müharibə şəraitində yaşayır və bu səbəbdən hərbi potensialımızı artırmaq zəruridir, o zaman bu sahədə atılan addımlar da başa düşüləndir və vacibdir. Çünki Ermənistanın işğalçılıq siyasəti hələ də davam edir və ərazilərimizin 20 faizi bu gün də işğal altındadır. Elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair iclasında çıxışı zamanı bu mıəsələyə diqqət ayırmışdı. Dövlət başçısı bildirmişdi ki, hərbi potensialımıza böyük diqqət göstərmişik və bu sahədə böyük nailiyyətlər var: "Bizim ordumuzun döyüş qabiliyyəti artır və Naxçıvan əməliyyatı bunu əyani şəkildə sübut edib. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində biz 11 min hektar torpağa tam nəzarət edirik. Bu, çox uğurlu əməliyyat idi. Eyni zamanda, əldə edilmiş yüksəkliklər strateji xarakter daşıyır. Bu yüksəkliklər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaradır. Yəni, bu hadisə - Naxçıvan əməliyyatı bir daha onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq və öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcək. Sadəcə, danışıqlara ümid olduğu üçün biz danışıqlar yolunu hələ ki, əsas vasitə kimi görürük. Ancaq, eyni zamanda, hərbi gücümüzü də artırırıq".

Ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi günümüzdə də aktual olaraq qalır və ötən illər ərzində bu istiqamətdə atılan addımlar diqqət çəkicidir. Məsələn, uzaqmənzilli "Polonez" və "LORA" raket sistemlərinin alınmasını bu sırada qeyd etmək olar. Burada xüsusi qeyd edilməli məqam ondan ibarətdir ki, bu tendensiya davam etməkdədir və Azərbaycan Ordusu daha müasir silahlarla təchiz edilir. Dövlət başçısının qeyd etdiyi kimi bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və bu il bu istiqamətdə əlavə addımlar atılacaqdır. Bu mənada İsraillə hərbi sahədə əldə olunan razılaşma və bu ölkədən yeni hərbi avadanlıqların alınması qeyd edilən tendensiyanın artan xətlə davam etdiyinin göstəricisidir. Məlumat üçün qeyd edək ki, İsrailin Azərbaycanla 13 milyon dollar məbləğində zərbə PUA-ların alınması barədə müqavilənin imzalanması reallaşıb. Məsələ ilə bağlı fikirlərini bölüşən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunmun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, İsraillə Azərbaycan arasında siyasi-iqtisadi və hərbi-texniki əməkdaşlıq öz dinamikliyi ilə inkişaf edir. Onun sözlərinə görə,  Azərbaycan Cənubi Qafqazda İsrailin strateji tərəfdaşı olaraq regionda mühüm ölkədir: "Buradan İsrail Mərkəzi Asiya ölkələri ilə sıx əlaqələr saxlayır, həmçinin Xəzər regionunda Azərbaycanın maraqlarını tam dəstəkləyir. Bu da İsrailin Azərbaycana nə qədər önəm vediyinin göstəricisidir. Qeyd edim ki, İsrailin Rusiyanın siyasi elitasına təsir qüvvəsi danılmazdı. Məhz Rusiyanın bütün cəhdlərinə baxmayaraq İsrail Suriyada öz hərbi varlığını davam etdirir və Əsəd qüvvələrinə qarşı zərbələr endirir. Moskva Təl-Əvivlə hesablaşır. Bundan əlavə, İsrail Ərəb ölkələri ilə təmasları yaxşılaşdırıb. Belə olan təqdirdə Azərbaycanın manevr imkanları genişlənməklə, İsrail kimi nəhəng siyasi dövlətin dəstəyini qazanacaq". Məhəmməd Əsədullazadə qeyd edib ki, İsrail Qarabağ münaqişəsinin həllində Rusiya ilə müəyyən dərəcədə danışıqlar apara bilər: "Bu Azərbaycanla İsrail rəsmiləri ilə diplomatik danışıqlarından aslıdır. Hesab edirəm ki, bu mümkündür. Artıq regionda yeni siyasi siyasi nizam formalaşır, geostrateji toqquşlmalar baş verir. Ona görə də İrailin regionumuzda sülh yaratma missiyası müsbət nəticələnə bilər. Bu gün İsrail Azərbaycanı silahlandırırsa, demək siyasi dəstəyi mümkündür. Hesab edirəm ki, bu diplomatik danışıqlar üçün zəmin yaranıb. Rəsmi Bakı bunu dəyərləndirməlidir. Hazırda İsrailin regionda ciddi maraqları var. Və, bu maraqlar konteksində Bakıya Qarabağ münaqişəsinin həllində Moskva ilə siyasi təmasları mümkündü və real nəticələrin əldə olunmasına gətirib çıxarar. Ermənistan hazırda İranla siyasi-iqtisadi bağlılığı və İran üçün enerji qapısı təklifini irəli sürməsi, təbii ki, Təl-Əvivdə məmnun qarşılanmır. Ermənistan regionda İsrail üçün əsas problemli ölkədir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31