İbrahimbəyov Bakıdakı son günündə kimlərlə görüşəcək? - ANLAŞMA DETALLARI

Milli Şuraya üz çevirən yazıçıya "yaşıl işıq" yandırıldı

Milli Şuranın 2013-cü il prezident seçkilərində prezidentliyə namizədi olmuş, tanınmış yazıçı Rüstəm İbrahimbəyov hələ də Bakıdadır.

Bu barədə BakuPost.az-a İbrahimbəyovun yaxın dostu Eldəniz Quliyev məlumat verib. 

O bildirib ki, uzun illər sonra yenidən Bakıya dönən yazıçı Azərbaycanda daha bir sıra görüşlər keçirəcək. R.İbrahimbəyovun sabah Moskvaya qayıdacağı bildirilir. 

Qeyd edək ki, 7 ilə yaxındır Azərbaycana gəlməyən İbrahimbəyovun anidən Bakıda görünməsi və böyük bir məclis təşkil etməsi ictimai-siyasi məkanda sensasiyaya səbəb olmuşdu. Tanınmış yazıçının Bakıda Milli Şura rəhbərlərindən heç kimlə təmasa keçməməsi, təşkil etdiyi məclisə onlardan heç kimi dəvət etməməsi belə yozuma səbəb olmuşdu ki, o, siyasətdən çəkilib və müxalifətlə bütün münasibətlərini bitirdiyini elan edib. 

Həqiqətən də İbrahimbəyovun keçmiş siyasi müttəfiqlərindən heç kimlə görüşməməsi bu arqumentləri gücləndirir və onun siyasi hakimiyyət tərəfindən artıq əfv edildiyini deməyə əsas verir. 

BakuPost-un əldə etdiyi məlumata görə, İbrahimbəyovun Bakıdakı son günündə görüşəcəyi şəxslər də elə hakimiyyətin yuxarı siyasi eşelonuna aid simalar olacaq. Tanınmış yazıçı bu "barışıq anlaşmasının" digər detallarını, razılaşmanın şərtlərini aydınlaşdırmaq üçün Bakıdakı son günündə bəzi görüşlər keçirəcək və daha sonra yenidən Moskvaya qayıdacaq. 

Mənbəmizin bildirdiyinə görə, İbrahimbəyova bundan sonra Bakıda görəcəyi işlərlə bağlı heç bir qadağa qoyulmayacağı, maneçilik törədilməyəcəyi ilə bağlı da qarantiya verilib və bildirilib ki, siyasətə bir daha qarışmamaq şərtilə Bakıda istədiyi işlə məşğul ola bilər. 

Önümüzdəki günlər və aylarda prosesin necə cərəyan edəcəyini müşahidə edə, İbrahimbəyovun Bakıdakı işlərini qaldığı yerdən davam etdirib-etdirməyəcəyini görə biləcəyik.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31