Qaradağlı soyqırımının 27-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlanıb
18 Fevral 2019 18:57 Siyasət"Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyinin Qaradağlı soyqırımının 27-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Təşkilatın sədri Esmira Orucova "OLAYLAR"-a bildirib ki, 1991-ci il oktyabrın 2-də Xocavənd rayonu erməni işğalçıları tərəfindən işğal olunsa da, heç bir silah-sursatı olmayan Qaradağlı kəndinin sakinləri 17 fevral 1992-ci ilə kimi müasir hərbi texnika ilə təhciz olunmuş düşmənə qarşı müqavimət göstərərək, doğma kəndlərini qəhrəmanlıqla müdafiə ediblər: "1992-ci il fevral ayının 15-də Fransa, ABŞ, Livan və bir sıra digər Avropa ölkələrində Türkiyə siyasət adamlarına, ümumən türklərə qarşı terror aktları törətmiş, "ASALA" terror təşkilatının aparıcı fiqurlarından biri sayılan beynəlxalq terrorçu "ASALA-nın inqilabi hərəkatı" adlı qruplaşmanın rəhbəri, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan tərəfindən erməni hərbi quldur birləşmələrinə komandan təyin edilmiş Monte Melkonyanın rəhbərliyi ilə Xocavənd rayonunun ermənilər yaşayan kəndlərinin sakinləri, xarici ölkələrdə xüsusi təlim keçmiş "Arabo" və "Aramo" terror dəstələrinin muzdlu döyüşçüləri, Xankəndində yerləşən Rusiyanın 366-cı motoatıcı alayın hərbçiləri 5 istiqamətdən kəndə hücuma keçiblər".
"Həsrət Yolu" Əsir və Girovlara Kömək İctimai Birliyi müraciəti Qaradağlı soyqırımı zamanı şahid ifadələrinə əsasən əsir və girov götürülmüş şəxslərin qaytarılması, itkinlərin taleyinə aydınlıq gətirilməsi məqsədi ilə regional sülh və təhlükəsizliyi ciddi təhdid altına qoyan işğalçı Ermənistana təsir göstərmək üçün BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İşgəncələrə qarşı Komitəsinin rəhbərinə, BMT baş katibinin münaqişələr zamanı cinsi zorakılıq məsələləri üzrə xüsusi nümayəndəsinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin sədrinə, Avropa Şurasının baş katibinə, Avropa İttifaqının sədrinə, NATO-nun baş katibinə, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının sədrinə, ATƏT-in Minsk qrupunun üzvü olan ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirliklərinə göndərilib.