Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqində Türkiyə təcrübəsi öyrənilir
18 Fevral 2019 17:46 SiyasətFevralın 18-də Dövlət Gömrük Komitəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin tətbiqində Türkiyə Respublikasının təcrübəsinin öyrənilməsi məqsədilə təlim başlayıb. Komitədən "Olaylar"a bildirilib ki, tədbirdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov vurğulayıb ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dayanıqlı inkişaf strategiyasının əsas istiqamətlərindən biri də beynəlxalq ticarətdə Azərbaycanın rolunun artırılmasıdır. İsmayıl Hüseynov tarixi İpək Yolu üzərində hər zaman strateji mövqeyə sahib olan Azərbaycanın günümüzdə beynəlxalq ticarətdəki rolunu səciyyələndirən əsas amillərdən birinin tranzit olduğunu qeyd edib.Bildirilib ki, Azərbaycan iqtisadiyyatının əsas komponentlərindən biri olan tranzitin inkişaf etdirilməsi üçün ölkədə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarəti limanı və digər layihələr reallaşdırılıb ki, bu da Şərq-Qərb ticarət dəhlizində mültimodal yüklərin asan və sürətli şəkildə daşınmasına münbit şərait yaradıb.
Türkiyə Respublikası Ticarət Nazirliyinin idarə rəisi Burak Serkan Yaşar Yeni Kompüterləşdirilmiş Tranzit Sistemi ilə bağlı Türkiyənin təcrübəsini paylaşmaqdan məmnunluğunu ifadə edib. Azərbaycanın sistemə üzvlük məsələsini bütün sahələrdə dəstəklədiklərini bildirən türkiyəli mütəxəssis, Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin Azərbaycanın beynəlxaq ticarətdəki rolunun artmasına və mövqeyinin daha da möhkəmlənməsinə şərait yaradacağını vurğulayıb.