İki dost və müsəlman toplumu arasında nifaq toxumu səpmə cəhdi

Və tərəflərin siyasi iradəsi nəticəsində puça çıxan məkirli planlar

Hələ Çeçenistanın lideri Ramzan Kadırov bir müddətəvvəl  Bakıya gələndə və Azərbaycan Prezidenti Cənab İlham Əliyevlə görüşəndə belə bir ehtimal irəli sürülmüşdü ki, Çeçenistan-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi üçüncü bir qüvvənin ciddi narahatçılığına səbəb olacaq və çox keçmədən iki qardaş xalq arasında ziddiyyət yaratmağa hesablanmış cəhd göstəriləcək. Təəssüflər olsun ki, o zaman səslənən ehtimallar özünü doğrultdu və bir neçə gün əvvəl Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində azərbaycanlılarla çeçenlər arasında arzuedilməz bir insdent yaşandı. Düzdür, qısa müddət ərzində hər iki ölkənin ortaya qoyduğu siyasi iradə və qarşılıqlı anlaşma mühiti problemin yoluna qoyulmasına imkan verdi və həm Azərbaycan, həm də Çeçenistan tərəfi yaşanan olayları birmənalı olaraq təxribat kimi qiymətləndirdi. Bəs görəsən Azərbaycanla Çeçenistan arasında problem, iki qardaş xalq arasında ziddiyyət yaratmaq kimlərə sərf edir və burada əsas maraq nədən ibarətdir? Əslində sualın cavabı bəllidir. Azərbaycanın inkişafını sevməyən qüvvələr və xüsusilə də erməni lobbisi. Qətiyyətlə demək olar ki, baş vermiş təxribatın arxasında məhz erməni lobbisi dayanır. Məqsəd isə azərbaycanlıların vəhşi, qaniçən obrazını yaratmaqdır. Belə bir fikir formalaşdırılmağa çalışılır ki, Azərbaycan xalqı eyni dinin daşıyıcısı olan çeçenlərlə belə yola getmədiyi halda, Dağlıq Qarabağ problemi həll ediləcəyi təqdirdə ermənilərlə necə bərabər, sülh şəraitində yaşayacaqlar. Elə məlum hadisənin indi baş verməsi də təsadüfi deyil. Çünki son aylar Qarabağ probleminin həlli istiqamətində bir diplomatik hərəkətlilik müşahidə edilir. Hətta yaxın vaxtlarda işğal altında olan ərazilərimizin geri işğaldan azad olunacağı və Dağlıq Qaranağda referendum keçiriləcəyi, nəticəyə uyğun olaraq isə azərbaycanlılarla ermənilərin əvvəlki illərdə olduğu kimi yenə də Qarabağda birgə yaşayacağı barədə fikirlər səsləndirilir. Ona görə də indiki halda azərbaycanlılarla çeçenlər arasında qarşıdurmanın yaradılması təsadüfu deyil və bu planlı şəkildə həyata keçirilib. Qeyd etdiyimiz kimi məqsəd azərbaycanlıların vəhşi obrazını yaratmaq. Burada digər bir məqsəd isə Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə maneçilik yaratmaqdır. Elə əksəriyyət ekspertlər də belə qənaətdədirlər.

Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, piolitoloq Məhəmməd Əsədullazadə deyir ki, Azərbaycan xalqı ilə Çeçen xalqı tarix boyu dost və qardaşlıq əlaqələrinə malik olub. Onun sözlərinə görə, çeçen xalqının milli azadlıq mübarizəsində Azərbaycan dost çeçenlərin yanında olub, onları dəstəkləyib: "Çeçenlərlə Azərbaycanı birləşdirən əsas amal daima işğalçılara qarşı birgə mübarizədə bir yerdə olmalarıdır. Çeçen xalqının mübariz övladları Cövhər Dudayev, Yandarbayev, Aslan Məshədov daima Azərbaycanın dəstəyin hiss ediblər. Çeçenistanın 90 -cı illərdə işğalçılara qarşı dirənişində, soyqırımında Bakı onlar üçün doğma şəhər idi. Həmçinin Qarabağ döyüşlərində Şamil Basayev öz qüvvələri ilə ermənilərə qarşı döyüşərək bizlərlə bir yerdə olub. Göründüyü kimi, iki dost və müsəlman toplumu olan xalq arasında nifaq toxumu səpənlər daima fürsət gözləyirlər".

Politoloq deyib ki, azərbaycanlılar çeçenlərin böyük qardaşıdı və daima onların çətin günlərində, xoş günlərində onların yanında olub: "Bu konfilikti yaradanlar təbii ki, Rusiyadakı bəzi qüvvələrdir. İki dost xalq bu kimi təxribata getməməlidir. Azərbaycan və Çeçen rəhbərliyinin birbaşa müdaxilələri bu təxribatların qarşısını vaxtında almış oldu. Yoxsa, bu kütləvi şəkildə Rusiyada etnik münaqişəyə çevrilib, milli zəmində problemlərə yol aça bilərdi. Moskva baş verənlərdən Azərbaycan əleyhinə maksimum şantaj xarakterli siyasətə əl atacaqdı".

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay da deyir ki, son günlər, Rusiyadakı soydaşlarımızla oradakı çeçenlər arasında ədavət yaradan hallar ortaya çıxıb. O. bildirib ki, hər iki xalq arasında düşmənçilik toxumu səpmə təxribatı və hər iki xalqın düşmənlərinin əl işləri açıq görünür: "Artıq, təxribatın ilk fəsadlı qurbanları, xeyli zərərli nəticələri də var. Və bu gedişatın da ağır nəticələri ola bilməsini proqnazlaşdırmaga əsaslar vardır. Bunu analiz-təhqiqatçı kimi, xüsusilə narahatçılıqla qeyd edirəm. Bəlkə, bu məsələ ilə əlaqədar, aidiyyətli dövlət orqanları vəzifə borclarını yerinə yetirib, Rusiya, Azərbaycan və Çeçenistan xalqı, cəmiyyətləri, mətbuatını narahatedici və təhlükəli prosesə bir az diqqət ayıralar? Çeçenistan rəhbərliyi, icma sədrləri, ağsaqqalı, tanınmış ictimai xadimləri ilə bizim dövlət rəhbərliyi, Rusiyada səfirliyimiz, əlaqədar dövlət və ictimai orqanlarımız bəlkə təcili kontakt və mübadilələr aparalar?"

Müstəqil ekspert Rovşən Məmmədli deyib ki, qardaş Çeçen xalqı və Rusiyada yaşayan soydaşlarımız.ehtiyatlı olmalı, təxribata uymamalıdırlar: "Çeçen xalqı ilə Azərbaycan xalqının qardaş xalq olmasını,çətin günlərdə biri-birilərinə dayaq olmasını, son tikələrini biri-biriləri ilə bölüşməyə hazır olmaları hər kəsə bəllidir.  Niyə susur ziyalılar.Ümumiyyətlə bu ziyalılar özlərini hansı xalqın ziyalısı sayırlar?.Əgər onlar bizim xalqın ziyalılarıdılarsa bu gün xalqımızın yanında olmalı, Azərbaycan- Çeçen qarşıdurmsını qardaşlıq nəğmələri ilə əvəz etməli, təxribatçıları, şaiyə yayanları qınamalı, hər iki xalqı daha mehriban,daha səmimi olmağa səsləməlidir. Çeçen- Azərbaycan qardaşlığını tərənnüm edən əsərlər ortaya qoymalıdırlar".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31