Moskva-Ankara-Tehran müttəfiqliyi yeni mərhələdə

Birləşmiş Ştatlar və onun Avropadakı müttəfiqləri Polşada Yaxın Şərqlə bağlı bir araya gəldikləri halda, regionda ciddi maraqları olan və Polşa toplantısına qatılmaqdan imtina edən Rusiya, Türkiyə və İran üçlüyü Soçidə sözügedən region ətrafında fikir mübadiləsi aparıb. Hər üç ölkənin liderlərinin Soçi görüşündə müzakirə edilən məsələlər və bundan sonra müttəfiqlərin atacağı addımlarla bağlı müxtəlif fikirlər, versiyalar səslənməkdədir.

Müstəqil ekspert Rusif Məmmədsoy bildirib ki, ötən gün Soçi şəhərində gözlənilən Zirvə görüşündə iştirak edən Rusiya, Türkiyə və İran liderlərinin əsas müzakirə predmeti Suriyanın gələcək taleyi və xüsusilə də İdlib bölgəsi olub: "Əvvəlcə onu qeyd edim ki, bu məsələdə bir irəliləyiş gözləmək üçün hələ tezdir. Çünki, hər üç ölkənin regionla bağlı öz maraqları var və bu maraqlar təəsüüf ki. heç də üst-üstə düşmür. Bunun üçün hər birinin də obyektiv səbəbləri var. Suriyada uzun zamandır başlamış bu münaqişənin əsas iştirakçıları fərqli maraqlar güdür. Suriya digər ərəb ölkələri kimi neft və ya digər yeraltı sərvətlərlə zəngin deyil. Lakin, olduqca strateji əhəmiyyətli bir məkanda yerləşir ki, bu da münaqişə iştirakçılarını daha da cəlb edir".

Ekspert deyir ki, Rusiyanın bu bölgədə marağı məhz güc göstərisidir: " Belə ki, Kreml  öz sərhədinə yaxın bölgələrdə baş vermiş bütün münaqişələrdə söz sahibi olmaq və son sözü deyən bir ölkə kimi nüfuzunu qorumaq istəyir. Lakin, bu mənada Birləşmiş Ştatlarla qarşı-qarşıya gəlir ki, bu zaman da Türkiyə müttəfiqliyi ön plana çıxır.  Bu zaman belə bir sual ortaya çıxır. Bəs, bu müttəfiqlik üçün hansı güzəştlər edilir? Hesab edirəm ki, hazırda Rusiya və Türkiyə münasibətləri artan xətt üzrə inkişaf etməkdədir. Bunun əsas səbəblərindən biri də məhz Türkiyədə inşasına başlanmış Atom Elektrik Stansiyasıdır. Buraya S-400 Hava Hücumundan Müdafiə sistemini və İdlibdəki güzəştli təklifi də aid edə bilərik. Türkiyə isə Suriyada stabilliyin bərpa edilməsi üçün çalışır. Çünki, uzun illərdir terrorla mübarizə aparan Türkiyə bu bölgədəki bütün terror qruplaşmalarını təmizləyərək sərhədləri boyunca təhlükəsiz zona yaratmaq istəyir. Bundan əlavə Suriyada növbəti çaxnaşma yenidən Türkiyəni qaçqın axını ilə qarşı-qarşıya qoyacaq ki, bu da Türkiyə üçün daxili problemlər yaradacaq. Bu səbəbdən də bu tipli görüşlərdə Türkiyə sərhəddinə yaxın əraziləri terrorçulardan təmizləməklə bunun qarşısını almağa çalışır. Həmin ərazilərdən isə Mənbiç və İdlib bölgəsini göstərə bilərik. Suriyada vəziyyət o qədər qarışıqdır ki, ölkənin şimal hissəsində yerləşən Mənbiçdə nəzarət ABŞ-a, qərbində yerləşən İdlibdə isə Rusiyaya məxsusdur. Bu səbəbdən də Türkiyə hər iki cəbhədə mübarizə apararaq razılıq əldə etmək istəyir. Bu zaman isə Türkiyə-Rusiya müttəfiqliyi yenidən gündəmə gəlir. Hesab edirəm ki, Türkiyə bu istiqamətdə irəliləyişə nail ola bilməyəcəyini başa düşür və əvvəlcə İdlibi təmizləyib digər bölgələrə keçmək istəyir. Lakin, nə qədər müttəfiq kimi çıxış etsələr də Rusiya Türkiyənin bu qədər rahatlıqla hərəkətinə imkan vermək istəmir. Baxmayaraq ki, Türkiyəyə İdlibdəki terror qruplaşmalarını təmizləmək üçün vaxt da vermişdi. Hərçənd Türkiyə bundan istifadə edə bilmədi. Çünki, İdlib Fəratın qərbində YPG/PYD-nin son qalasıdır və bu bölgədə ağır silahlar yerləşdirilib. Bundan əlavə iki ölkə arasındakı maraqların toqquşmasının əsas səbəblərindən biri də Bəşər Əsədlə bağlıdır. Belə ki, Türkiyə Suriyada yeni hökumətin qurulmasını istəyir, Rusiya isə əksinə öz vassalı olan Bəşər Əsədin qalmasının tərəfdarıdır".

Rusif Məmmədsoy deyir ki, İran da bölgədəki əsas aktorlardan biridir.  Onun sözləırinə görə, İranın vəziyyəti digərlərindən fərqlidir: "Çünki, İran yaxşı başa düşür ki, Suriya İran üçün "red line" dır. Belə ki, əgər Suriya düşərsə bu regionda "domino effekti" verəcək. Yəni, sıra İrana gələcək. Hansı ki, hazırda ABŞ və İran münasibətləri ən çətin dövrlərindən birini yaşayır. Bu səbəbdən də bölgədə əsas canfəşanlıq göstərən də məhz İrandır. Bundan əlavə bu bölgədə İran-İsrail münaqişəsi də səngimir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, üç ölkənin maraqlarının üst-üstə düşməsi üçün zaman lazımdır. Soçi görüşünə gəldikdə isə ciddi bir irəliləyiş baş vermədi. İran prezidenti Həsən Ruhani Birləşmiş Ştatlara qarşı müxtəlif fikirlər səsləndirdi və.s. Ümumilikdə isə əsas müzakirə obyekti olan İdlibdə yenidən Türk Silahlı Qüvvələri genişmiqyaslı hərbi əməliyyatlara başlaya bilər. Çünki, zaman daralır və İdlibdə olduğu kimi, Mənbiçdə də müdafiə sistemləri möhkəmləndirilir. Bu səbəbdən də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da yaxşı anlayır ki, İdlibi təmizləmək əsas vəzifədir".

Süleyman.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31