Azərbaycan ədliyyəsi islahatlar aparılmaqla təkmilləşir

Ədliyyə Nazirliyinin geniş kollegiya iclası keçirilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, kollegiyada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına dair iclasında verdiyi tapşırıqlardan, həmçinin dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsinə dair 17.01.2019-cu il tarixli Fərmanından və digər göstərişlərindən irəli gələn ədliyyə orqanlarının vəzifələri müzakirə olunub. Ədliyyə naziri Fikrət Məmmədov ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirildiyini, Azərbaycanın 2018-ci ildə sürətli tərəqqisinin, sabitliyinin və təhlükəsizliyinin təmin edildiyini, qarşıya qoyulan bütün strateji inkişaf hədəflərinə nail olunduğunu vurğulayıb. Qeyd olunub ki, aparılan genişmiqyaslı islahatlara uyğun olaraq dövlət orqanlarının fəaliyyətinin müasirləşdirilməsi, büdcə vəsaitlərinə qənaət edilməklə idarəetmənin təmin edilməsi üzrə ardıcıl tədbirlər görülür. Azərbaycan ədliyyəsi də islahatlar aparılmaqla təkmilləşir, vətəndaşlara daha operativ, rahat və şəffaf xidmətlərin göstərilməsi, əlçatanlığın asanlaşdırılması məqsədilə müasir texnologiyaların və innovasiyaların tətbiqi genişləndirilir. Kollegiyada ötən il ədliyyə orqanları tərəfindən görülmüş işlər əyani təqdimat keçirilməklə ətraflı təhlil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31