“Müsahibə zamanı ən diqqət çəkən məqam dövlət başçısının xarici siyasətlə bağlı qeyd etdikləri oldu”
13 Fevral 2019 16:50 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Real TV-yə geniş müsahibə verib.
Olaylar.az bununla bağlı Tətbiqi Politologiya Mərkəzi ekspertlərinin fikirlərini öyrənib.
Kənan Paşayev bildirib ki, cənab prezident İlham Əliyevin Real tv-ə verdiyi geniş müsahibə dövlət başçısının mediaya verdiyi dəyərin bariz nümunəsidir: "Müsahibə zamanı ən diqqət çəkən fakt dövlət başçısının xarici siyasətlə bağlı qeyd etdikləri oldu. Sitat: "Bəzi xarici mətbu orqanlarda, ekspert cəmiyyətlərində belə bir fikir söylənilir ki, Azərbaycan balanslaşdırılmış, tarazlaşdırılmış siyasət aparır və elə bil ki, bu regionda balans axtarır. Bu, belə deyil. Biz balans axtarmırıq. Biz, sadəcə olaraq, xarici siyasətimizlə öz milli maraqlarımızı qoruyuruq və mümkün olan riskləri azaldırıq". Prezidentin bu sözlərindən o qənaətə gəlmək olar ki, bu gün Azərbaycan dünyada və regionda söz sahibi olan güclü dövlətlər sırasındadır. Azərbaycanın yeni müstəqillik qazandığı illərdə balanslaşdırılmış xarici siyasətə ehtiyacı ola bilərdi. Lakin, vəziyyət bu gün belə deyil. Hal-hazırda Azərbaycan nəhəng dövlətlərinin iqtisadi və siyasi maraqlarının təminatı rolunu oynayır. Bir sıra Qərb və Avropa ölkələri ilə böyük iqtisadi layihələrimiz var. Bu gün həmin dövlətlərin enerji təhlükəsizliyi birbaşa Azərbaycandan asılıdır. Yəni, bizimlə əməkdaşlıq və dostluq münasibətlərinə bizdən çox digər xarici dövlətlərin ehtiyacı var."
Ekspert qeyd edib ki, bu gün Azərbaycanın bu cür güclü mövqedə çıxış etməsini ilk öncə ulu öndərimiz Heydər Əliyevə, daha sonra isə onun siyasi kursunun davamçısı cənab prezident İlham Əliyevə borcluyuq.
Zeynal Əmrəliyev bildirib ki, müsahibə zamanı diqqətimi ən çox çəkən cənab prezidentin balanslaşdırılmış siyasətlə bağlı fikrə düzəliş edərək bunun balanslı siyasət deyil, milli maraqlara söykənən siyasət olduğunu qeyd etməsi oldu: "Bu məsələ ilə bağlı fikir bildirməmişdən qabaq əlavə edim ki,bir müddət əvvəl dövlət məmurlarının yerli televizyalara müsahibə verməsinin vacibliyini,bunun ictimai fikrin formalaşmasına kömək edəcəyini bildirmişdim. Çünki vətəndaşlar məsələlərin mahiyyətini səlahiyyətli insanlardan öyrənmək istəyir. Hətta xarici işlər naziri Elmar Məmmədyarovun Qarabağ münaqişəsi ilə bağlı müsahibəsinin vacib olduğunu da bildirmişdim.Çox yaxşı oldu ki, ilk addım dövlət başçısından gəldi."
Ekspert qeyd edib ki, Cənab prezidentin milli maraqlara söykənən siyasətlə bağlı fikri həm də bəzi dairələrə çox önəmli bir mesaj idi: "Azərbaycançılıq,millilik hər şeydən üstündür. Hansı əqidəyə malik olmasından asılı olmayaraq Azərbaycan əlehinə təbliğat aparmaq,öz milliliyini inkar etmək heçdə yaxşı bir hiss deyil. Düşünürəm ki, dövlət başçısının verdiyi mesajda bu qəbildəndir.Ən düzgün gələcək, ən düzgün yol milli yoldur."
Nigar Orucova