“Dövlət başçısı Azərbaycan mediasına inamını bir daha göstərdi”
13 Fevral 2019 16:15 Siyasət"Prezident İlham Əliyevin Real TV-yə müsahibəsi tarixi əhəmiyyətli bir hadisədir. Dövlət başçısı müsahibəsində cəmiyyəti maraqlandıran mühüm məsələlərə aydınlıq gətirdi və əhəmiyyətli mesajlar verdi. Burada Azərbaycanın 26 ildir apardığı islahatların sistemləşdirilməsi, Dağlıq Qarabağ probleminin həll olunması, eləcə də sosial sahədə görülən işlər, gənc nəslin milli mənəvi ruhda tərbiyə edilməsi, ölkədə innevativ sahədə həyata keçirilən tədbirlər baradə çox qiymətli fikirlər səsləndi.Cənab prezident müsahibəsində Azərbaycan mediası ilə əməkdaşlığa mühüm dövlətçilik məsələsi kimi baxdığını bir daha nümayiş etdirdi."
Bu fikirləri Olaylar.az-a açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
O bildirib ki, xaricdə Azərbaycanın əleyhinə məlumatlar dərc edən, ölkəmizin qazandığı nailiyyətlərə kölgə salıb,beynəlxalq uğurlarımıza qara yaxmaq istəyən qüvvələr hələ də mövcuddur: " Bu qüvvələrin fəaliyyətlərinin vurduğu ziyanlı təsirlərini neytrallaşdırmaq üçün cənab prezidentin xarici media ilə tərəfdaşlığının demək olar ki, alternativi yoxdur. Dövlət başçısı faktiki olaraq xarici medianın imkanlarını Azərbaycanın reallıqlarını qaralamaq istəyən qüvvələrin zərərsizləşdirilməsinə yönəltdiyini çox aydın şəkildə ifadə etdi. Bununla yanaşı prezident səsləndirdiyi fikirlərdə yerli media ilə əməkdaşlığa ölkənin daha səmərəli idarə olunmasında çox mühüm tərəfdaş kimi yanaşdığını ortaya qoydu. Dövlət başçısının bəzi məsələləri Azərbaycan mediasından öyrəndiyini və dərhal reaksiya verdiyini deməsi olduqca əhəmiyyətlidir.
Bu yerli medianı daha obyektiv və ədalətli olmağa çağırışdır. Artıq Azərbaycan mediası üzərinə daha yeni və daha artıq məsuliyyət düşür, çünki yayımlanan xəbərlər ölkəmizin inkişafına təsir göstərən qərarların verilməsində mühüm rol oynayır. Bununla da cənab prezident Azərbaycan mediasına inamını bir daha göstərdi."
Ekspertin sözlərinə görə, Azərbaycanın xarici siyasətinin məhz dövlətimizin xalqımızın milli maraqları üzərində qurulduğu bir həqiqətdir. Dövlət başçısının Azərbaycanın xarixi siyasətinin balanslı olması ilə bağlı səsləndirdiyi fikirlər yeni və qiymətlidir. Fikrimcə ölkənin xarici siyasətinin ehtiva olunmasında bundan tutarlı fikir ola bilməz.
A.Quliyev vurğulayıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə toxunan zaman cənab prezidentin 2019-cu ildə bununla bağlı mühüm nailiyyətlərin əldə olunmasına inamını ifadə etdi: "Paşinyan Dağlıq Qarabağ probleminin həlli üzrə danışıqlar prosesini pozan onu təxribata çəkən açıqlamalar verməklə məşğuldur. Azərbaycan prezidenti isə səsləndirdiyi fikirlərlə danışıqlar prosesinə nə qədər sadiq olduğunu bir daha nümayiş etdirdi. Beynəlxalq dairələrin bu məqama xüsusi önəm verəcəklərini düşünürəm.
Bu konsepsual bir çıxış idi. Müsahibədə Azərbaycanda daxili sabitliyin qorunması, ölkənin inkişafında xalq-iqtidar birliyinin önəmi vurğulandı. Azərbaycanın tolerantlıq prinsipi həmçinin ölkədə dini və milli siyasətin düzgün qurulması bugünki sabitliyimizin səbəblərindən biridir."
Baş redaktor onu da əlavə etdi ki, cənab prezidentin könüllülər hərakatı ilə bağlı dedikləri də olduqca əhəmiyyətlidir: "Könüllülərin ölkədə yeni kadrlar ordusuna çevrildiyini eşitdik. Eyni zamanda ASAN Xidmətin Azərbaycanda vətəndaşların təfəkkürünü dəyişdiyi sistem olduğunu eşitdik. Cənab prezidentin dediyi kimi ASAN xidmətdə korrupsiya, rüşvətxorluq, kobudluq, bürokratiya sıfırdır.
2019-cu ildə aparılan islahatlar ölkəmizin bir çox problemlərinin həll olunmasında yeni mailiyyə və vəsait mənbələrinin yaradılmasında böyük rol oynayacaq."
Nigar Orucova