“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”
13 Fevral 2019 13:31 Siyasətİlham Əliyev: "Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq"
Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət vətəndaşların rifah halının yüksəldilməsinə hesablanıb. Prezident İlham Əliyev tərəfindən yürüdülən sosial siyasətin fəlsəfəsini ölkə vətəndaşlarının güzaranının günü-gündən yaxşılaşması təşkil edir. Etiraf edilməlidir ki, Azərbaycanda həyata keçirilən sosial siyasətdə əsas yeri əhalinin sosial müdafiəsi mexanizmi tutur. Ölkəmizdə yaradılan sosial müdafiə sistemi vətəndaşların, ilk növbədə əhalinin imkansız təbəqəsinin inflyasiyadan, işsizlikdən müdafiəsinə hədəflənib. Dövlət tərəfindən tətbiq olunan tədbirlər kompleksinin xüsusiyyəti əhalinin həyat və əmək fəaliyyətinin ağırlaşmasının, işsizliyin və yxsulluğun güclənməsinin qarşısının alınması ilə bağlıdır. Buna görə də əhalinin sosial müdafiəsinin problemlərindən biri də yoxsulluğun qarşısının alınmasıdır. Məhz bu ustiqamətdə həyata keçirilən tədbirlər nəticəsində ölkədə yoxsulluğun səviyyəsi minimuma endirilib. Prezident İlham Əliyev Real TV-yə müsahibəsində deyib ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət başçısı bildirib ki, şahid ailələrinə 11 manat məbləğində birdəfəlik maddi yardımın verilməsi analoqu olmayan məsələdir: "Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm və bizim atdığımız addımlar dediklərimi sübut edir. Bizim imkanlarımız artdıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Son illər bu istiqamətdə çox böyük işlər görülmüşdür. Baxın, köçkünlər üçün 100-dən çox şəhərcik tikilmişdir. Yəni, mən bilmirəm, hansı başqa ölkədə buna rast gəlinir. Mən bilirəm ki, bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar həmişə Azərbaycanı nümunə kimi göstərirlər. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilmişdir. Mən eşitməmişəm, hansı ölkədə bu kateqoriyadan olan insanlara bu qədər dəstək göstərilir. Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. Bu da dünya praktikasında analoqu olmayan bir yanaşmadır. Yəni, bütün bunlar bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır. Eyni zamanda, dediyiniz kimi, bu yanaşma daha böyük yanaşmanın tərkib hissəsidir - dövlət-vətəndaş münasibətlərinin. Hesab edirəm ki, bu münasibətlər Azərbaycanda sağlam zəmində qurulub. Vətəndaş bu gün bilir ki, dövlət güclü olarsa, onun da həyatı təhlükəsiz olar, risksiz olar, rahat olar və ildən-ilə artan maddi rifah daha da çoxalar".
Dövlət başçısı əlavə edib ki, Azərbaycan vətəndaşı çox yaxşı bilir ki, biz hələ müstəqilliyimizin ilk illərindəyik. Bizim müstəqilliyimizin cəmi 27 yaşı var. Ona görə hər bir vətəndaş öz işi, əməyi, dövlətə olan sədaqəti ilə dövlət müstəqilliyini möhkəmləndirməlidir. Hesab edirəm ki, Azərbaycan bu sahədə də nümunəvi ölkədir. Çünki Azərbaycanda vətənpərvərlik hissləri, dövlətçiliyə bağlılıq çox yüksək səviyyədədir. Ona görə vətəndaş dövlət qarşısında öz vəzifə borcunu yerinə yetirir və yetirməlidir. Eyni zamanda, dövlət də həmişə vətəndaşın yanında olmalıdır. Yəni, bizim prinsiplərimiz bundan ibarətdir və dövlət ən ağır vəziyyətdə olan vətəndaşın yanında olmalıdır. Gətirdiyim misallar buna əyani sübutdur. Bütün çətin anlarda dövlət vətəndaşın yanındadır. Təbii fəlakət baş verdiyi zaman dövlət vətəndaşın yanındadır. Bu yaxınlarda Şamaxıda zəlzələ baş verdi. İlk növbədə, dövlət qurumları mənim tapşırığımla öz dəstəyini göstərirlər və göstərəcəklər. Bundan əvvəl şimal-qərb bölgəsində bundan daha böyük zəlzələ olmuşdur. Daşqın olmuşdur, minlərlə sakin evsiz-eşiksiz qalmışdır. İnkişaf etmiş ölkələrdə belə olan hallarda nə baş verir? Vətəndaş hansı ki, öz evini sığortalayıb, gedir sığorta şirkətindən uzun prosesdən sonra pulunu alır, - əgər ala bilsə, - və o pulla özü üçün yeni ev tikir. Yəni, aylarla, bəlkə də illərlə vətəndaş öz məişət problemini həll edə bilmir. Azərbaycanda nələr baş verir?! Dərhal bütün dövlət qurumları səfərbər olunur, dövlət maliyyə vəsaiti ayırır və evini itirmiş vətəndaşa dövlət xətti ilə ev tikilir. Hansı başqa ölkədə bunlar var?! Bunu deməklə mən öyünmək istəmirəm, sadəcə olaraq, həqiqətləri demək istəyirəm. Dövlət-vətəndaş münasibətləri sağlam zəmində qurulub. Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq. Dövlət isə tam əmindir ki, vətəndaş hər zaman dövlətin arxasında olacaq".
Hüquqşünas Alim Hüseynli bildirib ki, Azərbaycan dövləti sosial yönümlüdür və bu sahə daim diqqət mərkəzində saxlanılır: "Bu fakt əməli işdə o həddə sübutunu tapıb ki, artıq aksiomaya çevrilib. Ötən illərin inkişaf prosesini izləyəndə məsələ daha qabarıq şəkildə görünür. Belə ki, hər il ölkə başçısının sərəncamları ilə minimum əmək haqqının səviyyəsi, minimum pensiya, minimum istehlak səbətinin dəyəri artırılır. Etiraf edilməlidir ki, müharibə şəraitində yaşayan ölkədə belə bir sürət tempini saxlamaq elə də asan məsələ deyil. Üstəlik, dünyanın neft bazarında neftin qiymətinin düşməsi nəticəsində yaranmış problemlər fonunda sosial layihələrin həyata keçirilməsi gərgin zəhmət və qətiyyətli iradə tələb olunur. Buna baxmayaraq Azərbaycan dövləti bu maniələri dəf etməyi bacarır, əhalinin güzəranının səviyyəsini saxlamaq üçün problemləri sosial yanaşma metodu ilə aradan qaldırmağa səy göstərir. Etiraf edilməlidir ki, prezident İlham Əliyev tərəfindən davam etdirilən sosial siyasətin mahiyyətində Azərbaycan vətəndaşı, onun sosial rifah halının yaxşılaşdırılması durur".
Onun sözlərinə görə, dövlətin sosial siyasəti cəmiyyətin həyat fəaliyyətinin sosial iqtisadi şərtlərinin tənzimlənməsinə yönəldilən tədbirlər kompleksindən ibarətdir: "Azərbaycanda həyata keçirilən sosial siuasət gəlirlərin bölgüsündəki bərabərsizliyin azaldılmasına, bazar iqtisadiyyatında gəlirlər və mülkiyyət sahəsində fərqlərin zəiflədilməsinə, iqtisadi fəaliyyətin iştirakçıları arasında ziddiyyətlərin yumşaldılmasına yönəldilib. Nəticədə ölkədə bazar iqtisadiyyatı sistemində sosial siyasət vasitəsi ilə əhalini əmlak sahəsində mövcud olan bərabərsizliyin müəyyən dərəcədə aradan qaldırılmasını nəzərdə tutan və əhalinin bütün təbəqələri üçün eyni başlanğıc şərtlərini təmin edən sosial ədalət prinsipləri reallaşıb". Hüquqşünas əlavə edib ki, əhalinin sosial-mədəni ehtiyacları ildən-ilə artır ki, bu da ölkədə həm sosial sahələrin, həm də sosial infrastrukturunun inkişafına, əhalinin sosial müdafiəsinin gücləndirilməsinə maliyyə vəsaitinin artırılmasını zəruri edir: "Prezident İlham Əliyev tərəfindən bu hal nəzərə alınaraq müvafiq tədbirlər görülür. Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əmək pensiyalarının indeksləşdirilərək artırılması təmin edilib. Dövlət başçısının bununla bağlı imzaladığı sərəncam 1,3 milyon pensiyaçının təxminən 94 faizinə şamil olunub. Təkcə bu fakt deməyə əsas verir ki, dövlət başçısının həyata keçirdiyi sosial siyasətin mahiyyətində vətəndaş amili durur".
Zəka