“Prezident İlham Əliyev ən çətin məqamlarda məsuliyyəti öz üzərinə götürür” – Deputat
8 Fevral 2019 15:34 Siyasət"Cənab İlham Əliyevin zəlzələdən dərhal sonra Şamaxıya gedərək evləri dağılan və zərər görən vətəndaşlarımızla görüşməsini, onların qayğılarına qalmasını yüksək qiymətləndirirəm, amma eyni zamanda da təbii sayıram. Heydər Əliyevin oğlundan, onun məktəbini bitirən, keçən yox, məhz bitirən birindən siz başqa nə gözləyirdiniz? Niyə bunu vurğulayıram? İstəyirəm 90-cı illərdəki vəziyyəti yada salaq. O zaman bütün məmləkət Şamaxının zəlzələdən zərər çəkmiş evlərinə bənzəyirdi, təbii yox, geosiyasi və siyasi fəlakət üzündən hələ ondan da betər hala gətirilmişdi. O vəziyyətdə avantürist, yaxud da təcrübəsiz və məsuliyyətsiz olmalıydın ki, Azərbaycan kimi bir ölkəyə rəhbərliyin də digərlərinə rəhbərlik kimi prestijinin yükündən qat-qat çox olacağını düşünüb buna can ataydın".
Bu fikirləri Azadinform-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.
"Heydər Əliyev qədər təcrübəli, prosesləri dərindən dərk edib qiymətləndirmək bacarığı olan kimsə çətin ki, belə bir missiyaya razılıq verərdi", - deyən millət vəkili əlavə edib ki, o isə verdi: "Nədən bilirsinizmi? Çünki bir şəxsiyyət olaraq fədakarlıq və sədaqət etalonuydu. Yəni əsl Lider idi. Özünü bu məmləkətin, bu xalqın bir parçası sayırdı, biz onun nəhəngliyini görüb "o hara, biz hara" düşünsək də, o özünü bizdən ayırmırdı, ayıra da bilməzdi. Çünki kökünə və soyuna bağlı, dediyim kimi sədaqətli biri idi. Və belə biri olaraq da bilirdi ki, ölkəyə rəhbərlik edəcəyi halda qarşıda onu həyatına qəsdlərdən tutmuş min bir çətinlik və məşəqqət gözləyir. Ona görə də xatırlayırsınızsa, buna razılıq verəndə, "mən ömrümün yerdə qalan hissəsini də xalqıma xidmətə həsr edəcəyəm", - deyirdi. Bütün çətinlikləri göz ardına alaraq elə də etdi. İndi prezident İlham Əliyev də o genin, o tərbiyənin daşıyıcısı olaraq bu missiyanı, vəzifəni yox, məhz missiyanı davam etdirir. Ən çətin məqamlarda sinəsini qabağa verir, məsuliyyəti öz üzərinə götürür, böyük dövlətlərin hər cür kiçiklikliyə əl atdığı bu mürəkkəb və qarışıq dövrdə, iradə, qətiyyət, bacarıq, bir sözlə böyüklük örnəyi göstərir, bizi hər cür təhdid və risklərdən qoruyur".
S.Alıyev bildirib ki, cənab Prezidentin vətəndaşlar fors-major hallarla üzləşdikdə Şamaxıda olduğu kimi onların qapısınadək gedib çıxması, qayğılarına qalması, dərdlərinə şərik olması birinci dəfə deyil: "2016-cı ilin aprel döyüşləri zamanı düşmən cəbhəyanı yaşayış qəsəbələrini vəhşicəsinə atəşə tutaraq nə qədər ev və obyekt dağıtmışdı. Baxmayaraq hələ döyüşlər tam səngiməmişdi, cənab Prezident Mehriban xanımla birgə həmən kəndlərə baş çəkdilər, evləri dağılanların qapılarına getdilər, onlara ürək-dirək verdilər, qayğılarına qaldılar və heç bir il keçməmiş həmən vətəndaşlar əvvəlkindən daha yaxşı evlərlə təmin olundular. Orasını da deyim ki, cəbhə xətti boyunca cənab Prezidentin xanımı ilə baş çəkdiyi qəsəbələrdən birinin - Tərtərin Qapanlı kəndinin cəmisi 200 metrliyindən keçir. Və o zaman həmən kənd hər gün atəş altında idi. Amma buna baxmayaq onlar hər ikisi o kəndə də getdilər. Getdilər, çünki bütövlükdə bu məmləkətə bir ailə kimi yanaşırlar, imkan, eləcə də reallıqlar çərçivəsində bu ailənin hər bir üzvünün qaysına qalmağı özlərinə borc bilirlər".
Deputat qeyd edib ki, Şamaxıda olarkən diqqətini iki səhnə daha çox çəkib: "Onlardan biri cənab Prezidentin əyilərək yaşlı bir qadının əlinin öpməsi, ikincisi isə onun dağılmış evlərdən birinin içində, belə deyək, qayğılı duruşu idi. Məncə, birinci səhnəni görən hər müdrik qadın istərdi ki, onun da İlham Əliyev kimi bu dərəcədə sadə, qayğıkeş və səmimi oğlu olardı. Amma ikinci səhnəni görənlərin onların da oğlunun hazırda İlham Əliyev daşıyan yükü daşımasını arzulaya biləcəklərini düşünmürəm. Çünki bu çox ağır yükdür, bu yükü çiynində daşımaq, həm də şərəflə daşımaq isə təsəvvür edildiyindən də qat-qat çətindir. Biz bir şəxsiyyət, dövlət xadimi kimi miqyasını görüb İlham Əliyevə də Heydər Əliyevə yanaşmada olduğu kimi "o hara biz hara" deyə bilərik. Amma Atası kimi o da özünü bizlərdən biri sayır. Atası kimi o da fədakardır, sadədir, səmimidir, verdiyi sözə, içdiyi anda sədaqətlidir, bir sözlə əsl Liderdir. Qoy Tanrı özü köməyi olsun!".
azadinform.az