Ölkəmizi gözdən salmaq cəhdləri heç bir nəticə verməyəcək
Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu davam etdiriləcək
8 Fevral 2019 12:45 SiyasətAzərbaycanda hüquqi, demokratik dövlət quruculuğu davam etdiriləcək
Zaman-zaman ölkəmizə qarşı qərəzli münasibəti ilə seçilən təşkilatlardan olan Freedom House yenə də ənənəvi davranışına sadiq qalıb. Belə ki, növbəti dəfə illik hesabatını yayımlayan təşkilat yenə də Azərbaycanı sonuncu sıralarda qeyd edib. 195 ölkənin yer aldığı hesabatda ölkəmiz ənənəyə uyğun olaraq bu dəfə də "qeyri-azad" ölkələr sırasında "yer alıb". Hesabatda ictimai narazılığa səbəb olan əsas amil isə guya Ermənistanda vəziyyətin Azərbaycandan yaxşı olduğunun qeyd olunmasıdır. Belə məlum olur ki, Azərbaycanı "qeyri-azad" hesab edən təşkilat bu dəfə də Ermənistanı "qismən azad" ölkə kimi təqdim edib. Belə ki, Freedom House demokratiya və insan haqları təşkilatının fevralın 5-də açıqladığı Dünyada Azadlıq 2019 (Freedom in the World 2019) hesabatında yenə də qərəzli fikirlər öz əksini tapıb. Xüsusən, hesabatda Azərbaycanla bağlı sadalananlar qərəz və ikili standartlardan kənara çıxa bilməyib. Sənəddə Özbəkistan və Ermənistanda gedən demokratikləşmə prosesiləri təqdir olunur, Rusiya və Azərbaycan isə hesabatın bir neçə yerində tənqid edilir. Hesabata görə Azərbaycan 2019-cu ildə də azad olmayan ölkələr kateqoriyasında qalır. Onun Cənubi Qafqazdakı iki qonşusu - Ermənistan və Gürcüstan qismən azad ölkələr hesab olunub. Təbii ki, təşkilatın qərəzli davranışı hər zamankı kimi ictimaiyyət tərəfindən qınaqla qarşılanıb.
Xatırladaq ki, Freedom House təşkilatı həmişə böhtan atmaqla, qara yaxmaqla dünya ictimaiyyətində Azərbaycan haqqında mənfi imic formalaşdırmağa çalışıb. Çünki həmin təşkilatın heyətində kifayət qədər erməni əsilli şəxslər yer alıb. Elə bu səbədən də sözügedən təşkilat erməni lobbisi tərəfindən maliyyələşdirilir. Ona görə də Freedom House-nin hər hansı bir ölkə haqqında verdiyi şərhlər artıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmur. Məhz bu kimi amillər təşkilatın Azərbaycana qarşı hiyləsinin fiaskoya uğramasını təmin edib. Lakin fakt ondan ibarətdir ki, Freedom House təşkilatı Ermənistanı daha "yaxşı ölkə" göstərməyə çalışmaqdan yorulmur. Azərbaycanı isə aşağılamaq və işğalçı ölkədən pis durumda olduğunu təbliğ etməyə cəhd edir. Xatırladaq ki, bir müddət əvvəl təşkilatın rəhbəri olmuş şəxs sonradan Azərbaycan haqqında etikadan kənar fikirlər söyləmişdi. Təkcə bu fakt bir daha göstərdi ki, təşkilatın Azərbaycana qarşı münasibəti qeyri-sağlam və qərəzlidir. Çox təəssüf ki, özünü beynəlxalq təşkilat, demokratiya və insan haqlarını dəyərləndirən təşkilat kimi təqdim etməyə çalışan Freedom House öz fəaliyyətində bütün beynəlxalq hüquq normalarının ziddinə gedir. Həmçinin təşkilatın hesabatlarında hər zaman qeyri-peşəkarlıq, qeyri-obyektivlik, qərəzlilik faktı özünü göstərir. Elə bu səbədən də təşkilatın hazırladığı hesabat beynəlxalq ictimaiyyət tərəfindən qeyri-ciddi hesab olunur.
Konkret Azərycanla bağlı fikirlərə gəldikdə birmənalı şəkildə qeyd etmək olar ki, ölkəmizə qarşı qeyd olunmuş iradlar reallıqdan uzaqdır və qətiyyən həqiqəti əks etdirmir. Əslində sənəddə əksini tapmış fikirlər erməni lobbisinin maraqlarına xidmət edir. Bəllidir ki, Azərbaycan dünyada tolerantlığın carçısı olmaqla söz və internet azadlığına, QHT-lər və siyasi partiyaların sərbəst fəaliyyətinə dövlət dəstəyi ilə yaradılan şəraitinə, sərbəst və azad mətbuatın inkişafına görə nəinki Cənubi Qafqazda, hətta, dünyada öncül yerlərdədir. Azərbaycana qarşı həqiqətə uyğun olmayan iddialar irəli sürən Freedom House çox təəsüflər olsun ki, Qərbdə, Avropada baş verən özbaşınalıqları, yurnalistlərə qarşı olan təzyiqləri, islamofobiya və ksenefobiya, milli və dini mənsubiyyətinə görə diskriminasiya hallarının aradan qaldırılması istiqamətində nəinki qətnamələr qəbul etmir, heç müzakirələr də aparmır.
Yaxşı olardı ki, Freedom House erməni vəhşilikləri ilə üzləşərək 20 ildən yuxarı daimi yaşayış yerlərindən didərgin düşmüş 1 milyon soydaşımızın pozulmuş hüquqlarının bərpası istiqamətində hər hansı bir addım atardı. Lakin görünən ondan ibarətdir ki, bu təşklatın həzm edə bilmədiyi Avropanın belə xəyallarına gəlməyən bir müsəlman ölkəsində azad, demokratik, inkişaf edən cəmiyyətin olmasıdır. Baş verən proseslər, siyasi oyunlar deməyə əsas verir ki, Avropan Azərbaycandakı xalqla iqtidar birliyini qəbul etmək niyyətindən çox uzaqdır, üstəlik belə vəziyyət onları həddindən artıq narahat edir. Bu isə o anlama gəlməyə əsas verir ki, dövlətimizin uğurlarına sevinən dost ölkələr, müttəfiqlərimiz olmaqla yanaşı, inkişafımıza kölgə salmağa çalışan xarici və daxili qərəzli qüvvələr də yox deyil.
Heç şübhəsiz ki, həmin qərəzli və anti-Azərbaycan qüvvələr erməni lobbisinin təsiri altında olan dairələrdir. Onlar hər vəchlə çalışırlar ki, Azərbaycanın demokratik imicinə xələl gətirsinlər, ölkəmizin, xalqımızın mənafelərinə zərbələr vursunlar. Xüsusilə də, mühüm siyasi yaxud, ictimai-mədəni tədbirlər ərəfəsində fəallaşan anti-Azərbaycan qüvvələri şər, böhtan, reallığı əks etdirməyən fikirlərlə dünya ictimaiyyətini çaşdırmağa çalışırlar. "Amnesty İnternational", "Human Rights Watch", "Freedom House" kimi qərəzli beynəlxalq QHT-lər vasitəsilə qeyri-obyektiv rəy formalaşdırmağa cəhd göstərən qüvvələr müxtəlif kanallar vasitəsilə maliyyə ayırmaqla Azərbaycanın beynəlxalq imiçinə kölgə salmağa cəhd göstərirlər. Daha dəqiq, Azərbaycanın uğurları, beynəlxalq aləmdə artan nüfuzu dost ölkələri sevindirsə də, bəzi antiazərbaycançı şəbəkələri, beynəlxalq təşkilatları "narahat" edir. Dünya ölkələri sırasında öz yerini tutan Azərbaycanda sosial-iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə əldə edilən yüksək göstəricilər onun qüdrətini daha da artırmaqdadır. Demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycan bu istiqamətdə mühüm uğurlara imza atıb. Bundan narahat olan Azərbaycan əlehinə olan qüvvələr ölkəmizdə aparılan islahatları gözdən salmaq yolu tutublar. Bu baxımdan demək olar ki, Freedom Housenin hesabatda əks olunanlar sadəcə olaraq Azərbaycanın inkişafını və onun müstəqil siyasət yürütməsini qısqanan qüvvələrin fəaliyyətinin nəticəsidir. Lakin bütün bunlara baxmayaraq, Azərbaycanda demokratiya inkişaf edir, demokratik institutların fəaliyyəti genişlənir, islahatlar davam etdirilir, xalq-iqtidar birliyi güclənir. Bu baxımdan demək olar ki, ölkəmizi gözdən salmaq cəhdləri həmişə olduğu kimi, bu dəfə də heç bir nəticə verməyəcək. Azərbaycanda hüquqi, demokratik dövlət quruculuğu davam etdirliəcək.
Alim