"Bu, Fransadakı erməni lobbisinə güclü zərbə olacaq"

“Fransanın elə bir prezidenti yoxdur ki, Ermənistana və ermənilərə simpatiya ilə yanaşmasın”. Bunu politoloq Elxan Şahinoğlu deyib.

"Fransanın elə bir prezidenti yoxdur ki, Ermənistana və ermənilərə simpatiya ilə yanaşmasın".

Bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə görə, bunun iki əsas səbəbi var: "Birinci səbəb odur ki, Fransa ilə erməni arasında tarixi bağlılıq var. Fransa Birinci Dünya Müharibəsində Osmanlı Türkiyəsinin zəiflədilməsi üçün bu ölkədə yaşayan ermənilərdən istifadə edib. Fransa Türkiyədə yaşayan erməniləri Türkiyənin o zamankı hakimiyyətinə qarşı qiyama həvəsləndirib. Bunun nəticəsində Türkiyədə qarşıdurmalar olub və ölənlər içərisində türklər, kürdlər və ermənilər də olub. Sonradan ermənilər bu hadisələri "erməni soyqırımı" kimi qiymətləndirdilər və ölənlərin sayını dəfələrlə artırdılar.

İkinci səbəb odur ki, Fransada güclü erməni lobbisi fəaliyyət göstərir. Erməni lobbisi siyasi zəmində çox fəaldırlar. Ona görə də ABŞ və Fransa kimi dövlətlərdə bir qrup siyasətçi erməni lobbisinin dəstəyini qazanmaq üçün ermənilərə xoş olan açıqlamalar verir, qərarlar qəbul edirlər. Fransanın keçmiş prezidenti Nikola Sarkozi erməniləri fransızların bacısı adlandırmış və ölkəsində "erməni soyqrımının" tanınmasını qanuniləşdirmişdi. Sarkozi hətta "erməni soyqrımının" inkarına görə cəzanı nəzərdə tutan qanuna imza atmışdı. Fransa Konstitusiya Məhkəməsi həmin qanunu təsdiq etmədi. İndi isə Emmanuel Makron "erməni soyqırımını" aprelin 24-də Fransada xatirə günü kimi qeyd etməyi qərara aldı.

Beləliklə, Fransanın prezidenti kim olursa-olsun, erməni lobbisinin dəstəyini qazanmağa çalışır. Makronun bu qərarı obyektiv olaraq həm Türkiyədə, həm də Azərbaycanda narazılıqla qarşılandı. Fransa ATƏT-in Minsk Qrupunun 3 həmsədr dövlətindən biridir. Fransa neytral olmaq əvəzinə erməni lobbisini istəklərini yerinə yetirir. Bu isə Fransanın münaqişənin həllində neytarllığına gölgə salır. Çünki həmin erməni lobbisi Dağlıq Qarabağın işğalına dəstək verirlər.

Emmanuel Makronun qərarına və türkiyəli rəsmilərin sərt açıqlamalarına baxmayaraq Ankaranın və Bakının Parislə münasibətlərinə yenidən nəzərdən keçirəcəyini düşünmürəm. Türkiyənin və Azərbaycanın Fransa ilı sıx iqtisadi və ticarət əlaqələri var. Fransa-Türkiyə və Fransa-Azərbaycan iqtisadi əlaqələri Fransa-Ermənistan iqtisadi əlaqələrini dəfələrlə üstələyir. Ona görə də əgər Bakı və Ankara Parislə əlaqələrini zəiflədərsə bu erməni lobbisinin və Ermənistan hakimiyyətinin maraqlarına xidmət edəcək.

Avropanın bir sıra ölkəsinin parlamenti "erməni soyqırımını" tanıyan qətnamələr qəbul ediblər. Rusiya parlamenti də istisna deyil. Buna rəğmən, həm Türkiyənin, həm də Azərbaycanın bu dövlətlərlə, o cümlədən Rusiya ilə sıx münasibətləri var. Makronun "erməni soyqrımını" tanıması və ya xatirə kimi anması o demək deyil ki, Türkiyə və Azərbaycan buna görə yas saxlamalıdır. Biz Makronun yanlış qərar verdiyini deməli, bunu əsaslandırmalı, eyni zamanda da bu ölkə ilə əlaqələri zəiflətməməliyik. Erməni lobbisinin sevincinə əsas verən intuitiv qərar verməyən əleyhinəyəm. Əksinə, çalışmalıyıq ki, Fransa şirkətlərinin Azərbaycana yatırımları artsın. Mümkündür ki, gələcəkdə Azərbaycan Fransadan hərbi texnika alsın. Əgər bu baş verərsə, bu elə Fransadakı erməni lobbisinə güclü zərbə olacaq. Ermənilərə xoş görünən qətnamələr kağı parçasıdır, əsas real rəqəmlərə dayanan iqtisadi və ticari əlaqələridir".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31