"Ölkə başçısı özünün əməli, işi ilə bunu sübut edir”

"Cənab Prezident İlham Əliyev prezident seçildiyi ilk gündən dedi ki, "Mən hər bir azərbaycanlının Prezidentiyəm və onun yanındayam". Ölkə başçısı özünün əməli, işi ilə bunu sübut edir". Bunu millət vəkili Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, cənab Prezident təkcə təbii fəlakətlər zamanı yox, hərbi əməliyyatlar zamanı da, həmçinin əmin-amanlıq dövründə də xalqın yanınadır və onların qayğıları ilə yaxından maraqlanır: "Bu yaxınlarda ölkə rəhbərimizin şəhid ailələrimizlə, əlillərimizlə, məcburi köçkünlərimizlə bağlı görüşləri, hərəkətləri bunu sübut edir. Bu günlərdə də təbii fəlakətlə bağlı cənab Prezidentimizin operativ qaydada verdiyi göstərişlər, sərəncamlar, özünün Şamaxı şəhərinə səfəri, xalqın içində olması onu göstərir ki, ölkə başçımızın bütün fəaliyyəti, siyasəti insanlarımızın, vətəndaşlarımızın təhlükəsizliyinə, əmin-amanlığına, sosial durumunun, maddi-rifahının yaxşılaşmasına yönəlib. Bu bu gün də belədir və sabah da belə olacaq. Yəni cənab Prezidentimiz bu dediklərimizi özünün fəaliyyəti, hərəkətləri, əməlləri ilə sübut edib. Təbii ki, bütün xalqımız da bunu alqışlayır".

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıya gəlib. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov dövlətimizin başçısına fevralın 5-də və 6-da təbii fəlakətin törətdiyi fəsadlar barədə yerində məlumat veriblər.

Prezident İlham Əliyev zəlzələdən zərər çəkən tikililərə baxdı, sakinlərlə söhbət edib.

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31