"Paşinyan sanki özünü bu zərbələrdən uzaq tutur"

"Paşinyan hökuməti böyük təzyiq (həm daxili, həm də xarici) altındadır. Təzyiq nədən ibarətdir. Son danışıqlar prosesində əldə olunmuş nikbin bəyanatlar onu göstərir ki, əslində tərəflər şifahi şəkildə müəyyən razılığa gəliblər. Bu razılıqların nədən ibarət olması ilə bağlı biz ancaq müxtəlif fərziyyələr irəli sürə bilərik. Amma xalqların sülhə hazırlanması prosesi özü-özlüyündə pozitiv bir şeydir". Bunu politoloq İlqar Vəlizadə deyib.

Politoloqun sözlərinə görə, görünür müəyyən əsaslar var ki, tərəflər bu cür bəyanatla çıxış edir: "Bundan təşvişə düşən erməni xarici diasporası, daxili siyasi dairələr, "Qarabağ klanı"nı dəstəkləyən qüvvələr Paşinyana qarşı müəyyən təzyiqlər etməyə başladılar. Biz bu təzyiqləri müxtəlif KİV-lərdə müşahidə edə bilərik. Fikirlər yayılıb ki, Paşinyan təxminən mart-iyun aylarında 5 rayonu Azərbaycana təhvil verəcək və bununla bağlı hazırlıq gedir və s. Əlbəttə ki, bu Paşinyanın reytinqinə, nüfuzuna təsir göstərir. Xalqı hələ sülhə hazırlamamış bu cür bəyanatlar, açıqlamalar verməsi sözsüz ki, prosesi özü-özlüyündə pozur. Ona görə də Paşinyan sanki özünü bu zərbələrdən uzaq tutmaq üçün bu cür ziddiyyətli ifadələr işlədir. Hal-hazırda danışıqlar prosesinin gələcək taleyi həll olunur. Bu ay Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü gözlənilir. Amma Ermənistan hakimiyyəti danışıqlar prosesində yenə də güclü mövqe sərgiləməsə, ortalığa vahid bir görüntü qoymasa bu onların özlərinə çətin olacaq".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31