“Ermənistanın yeganə çıxış yolu kimdənsə pul qopartmaqdır”

"Ermənistanda hazırkı hakimiyyətin həyata keçirdiyi siyasət demək olar ki, keçmiş hakimiyyətin yürütdüyü siyasətin davamıdır. Bunlar xaricə sadəcə olaraq maliyyə yardımı üçün gedirlər".

Bu fikirləri Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

O bildirib ki, Ermənistanın yeganə çıxış yolu kimdənsə pul qopartmaq, maliyyə yardımı almaqdır: "Çünki nə təbii resursları var, nə də başqa bir gəlir mənbələri. Ermənistan bütün layihələrdən təcrid olunmuş vəziyyətdədir. Nikol Paşinyan Almaniya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı bir sıra ziddiyyətli bəyanatlar verib. Guya ki, bu məsələnin həlli üçün uzun müddət tələb olunur. Angela Merkel də bunu təsdiqlədi. Bəs indiyə kimi uzun müddət deyildimi? 25 ildən artıqdır ki, bu məsələ uzanır, kifayət deyil? Paşinyanın bəyanatları o qədər ziddiyyətlidir ki, Ermənistanda da onun özünə, çıxışlarına qarşı narazılıqlar müşahidə olunur. Hətta xarici işlər naziri parlamentə çağırılıb ki, gəlib bu prosesin nə vəziyyətdə olduğunu, indiki hakimiyyətin bu bəyanatlarla nə demək istədiyini məruzə etsin. Əslində bu bir reallıqdır. Heç də düşünmürəm ki, Almaniya bu məsələdə Ermənistana hər hansı bir yardımçı rol oynasın".

azadinform

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31