"Ermənistandakı hadisələr Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnəcək" - Şərh
4 Fevral 2019 17:49 Siyasət"Paşinyanın Almaniyada səsləndirdiyi sərsəm bəyanat Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa irəliləyişə gətirib çıxara bilməz".
Bunu siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Analitik bildirib ki, xarici işlər nazirlərinin axırıncı görüşlərindən sonra nəticələrlə bağlı verilən müəyyən nikbin çıxışlardan, eyni zamanda Prezident İlham Əliyevin Davosda Ermənistan baş naziri Nikol Paşinyanla görüşündən sonra erməni tərəfinin təxribatçı açıqlaması intensivləşən prosesə ciddi zərbə vurur:
"Paşinyan deyir ki, "kompramisə Azərbaycan tərəfi getməlidir və yalnız ondan sonra İrəvandan hansısa güzəşt gözləmək mümkündür". Erməni baş nazir anlamır ki, Azərbaycan işğala məruz qalmış ölkə kimi onsuz da uzun illərdir Ermənistan hökumətinə ən böyük kompramisi etməkdədir. Hakimiyyətə gəldikdən sonra Paşinyana verilən vaxt da məhz bu güzəştin tərkib hissəsidir. Rəsmi Bakı istəyir ki, İrəvan hökuməti Dağlıq Qarabağ münaqişəsinin həllində konstruktiv mövqe tutsun. Ancaq təəssüflər olsun ki, ötən müddət ərzində bunun şahidi olmamışıq".
Siyasi şərhçinin sözlərinə görə, Paşinyan xaricdəki dairələrin təzyiqi ilə yanaşı, erməni lobbisinin və "Qarabağ klanı"nın da ciddi basqısına məruz qalmaqdadır:
"Ona görə də zaman-zaman ritorikasını sərtləşdirmək məcburiyyətində qalır. Reallıq isə odur ki, ümumilikdə proseslər Azərbaycanın xeyrinə cərəyan edir. Həm ölkə daxilində, həm də xaricdə yaşananlar baş nazirin xeyrinə işləmir. Vəziyyət belə davam edərsə, Ermənistandakı hadisələr Paşinyanın hakimiyyətdən getməsi ilə nəticələnəcək. Münaqişənin hansı yolla həll edilməsindən asılı olmayaraq, Azərbaycanın ərazi bütövlüyü birmənalı şəkildə bərpa edilməlidir.
Artıq beynəlxalq hüquq da bunu tələb edir. Son zamanlar bir çox Qərb ölkələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə ciddi dəstək verilməkdədir ki, bu da Ermənistana sərt sillədir. Əfsuslar olsun ki, Paşinyan hökuməti prosesdən nəticə çıxarmaq əvəzinə özünü daha da çıxılmaz vəziyyətə salır".
sherg.az