Paşinyan Qarabağ reallığını bilir: yeganə yol budur!
4 Fevral 2019 14:50 SiyasətPaşinyan yaxşı dərk edir ki, Ermənistanın hazırkı çətin sosial-iqtisadi vəziyyətdən yeganə çıxış yolu Azərbaycan torpaqlarını azad etməkdir. Bunun başqa variantı yoxdur.
Bu sözləri politoloq Fikrət Sadıqov deyib. O bildirib ki, Paşinyan demokratik inqilab dalğasında hakimiyyətə gəlib:
"Onun bütün hərəkətləri, şüarları, bəyanatları demokratik görüntü xarakteri daşıyır. Bu gün o, keçmiş Qarabağ klanından fərqli olaraq, danışıqlardan hansısa nəticə əldə edilməli olduğunu başa düşür. Bundan başqa, Paşinyan Prezident İlham Əliyevlə Davosda saat yarım danışırsa, bu, Ermənistanda bir sıra dairələrdə qıcıq yaratmaya bilməz. Onlar narahatdır ki, Paşinyan Qarabağ məsələsində müəyyən güzəştlərə gedəcək. Hazırda Ermənistan bütün beynəlxalq layihələrdən məhrumdur, faktiki olaraq Cənubi Qafqazda təcrid vəziyyətdə qalıb. Onların vəziyyəti getdikcə də ağırlaşmağa davam edir".
Politoloq bildirib ki, onun Almaniyaya səfər etməsi, İrana səfər etmək istədiyini bildirməsi təsadüfi deyil:
"Bütün bu səfərlərin bir məqsədi var. O da yalvarıb xaricdən investisiyalar, kreditlər almaq və bunun hesabına da xalqını müəyyən müddət dolandıra bilməkdir. Amma bütün bunlar əbədi deyil. Paşinyan yaxşı başa düşür ki, Azərbaycan getdikcə güclü oyunçuya çevrilir və Azərbaycanla müəyyən dil tapmaq lazımdır. Bu reallıqdır və bu reallığın yaranmasının səbəbkarı bizik. Amma bu, heç də o demək deyil ki, Paşinyan bu gün, ya sabah bütün torpaqları könüllü şəkildə azad edəcək və bütün məsələlər həll olunacaq. Biz buna nail olmaq üçün Ermənistana bundan sonra da güclü təzyiqlər edərək, onu təcrid vəziyyətində saxlamalıyıq".
axar.az