Qarabağda müharibə qaçılmaz olacaq

"Ermənistan baş naziri Nikol Paşinyan Azərbaycana heç bir güzəştə getməyəcəyini və Azərbaycandan ilk kompromis gözlədiklərini qeyd edir. Danışıqların intensivləşdiyi bir vaxtda, ABŞ-ın prosesdə fəal rol oynadığını nəzərə alsaq, Paşinyanın bu məntiqsiz açıqlaması, danışıqların gedişini heçə endirir". Belə bir açıqlama ilə çıxış edən politoloq Məhəmməd Əsədullazadə "OLAYLAR"-a bildirib ki,  bu ay ərzində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü gözlənilir və bu görüşdə liderlərin rəsmi görüşü planlaşdırılacaq. Belə olan təqdirdə Paşinyanın hazırkı açıqlaması danışıqlar prosesini pozmağa yönəlib: "Hansı danışıqların aparılmasından söhbət gedə bilər?! Əgər, Paşinyan Sarkisyanın siyasətini davam etdirəcəksə müharibə qaçılmaz olacaq. Görünür, Paşinyanı danışıqlardan yayındıran Rusiyanın bu ölkəyə vəd verdiyi S-35 çox funksiyalı dördüncü nəsil təyyarələri və hərbi yardımıdı. Rusiya Paşinyana bu silahları ondan xoşu gəlmək üçün vermir. Ona görə verir ki, erməni tərəfli güzəştə getməsin. Rusiya Qarabağın ədalətli həllini öz regional maraqlarına ciddi təhlükə hesab etdiyindən Ermənistana silah verir. Təbii ki, Rusiya rəhbərliyi nə qədər Paşinyanı xoşlamasa da, ABŞ-ın vasitəçiliy ilə başladılan Qarabağ danışıqlarını öz geosiyasi maraqlarına zidd hesab edir".

Politoloq deyib ki, Rusiya ümumiyyətlə, Qarabağ münaqişəsinin  özünün şərtləri xaric həllini qəbul etmir: "Münaqişə ətrafında çox mürəkkəb bir vəziyyət yaranıb. Davosda Azərbaycan və Ermənistan liderlərinin apardığı danışıqların detalları Rusiyaya bəlli olduğu üçün çalışır ki, status-kvonun dəyişməsinə əngəl yaratsın. Rusiya və daxildə Kremlə bağlı müəyyən qüvvələr Paşinyanın Qarabağ danışıqlarına ciddi təzyiq göstərirlər. Vaşinqton prosesi görək hara kimi aparcaq. Fevralda nazirlərin görüşü hazırkı məsələlərə aydınlıq gətirəcək. Azərbaycan mütləq şəkildə öz hərbi imkanlarını yenidən cəbhəyə yönləndirməyi hazırlamalıdır. Qarabağ münaqişəsi ABŞ və Rusiya arasında geopolitik savaş meydanına çevrilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31