"Qərb təşkilatları Ermənistandakı prosesləri çox yaxşı görür, amma susur" - İkili standart

"Ermənistanda bu cür hadisələr ilk dəfə baş vermir. Yeqizaryanla yanaşı, digər onlarla şəxs siyasi rejimin basqısı altında, hüquq-mühafizə orqanlarının təsiri nəticəsində həyatlarını itiriblər".

Bunu  Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

M.Ələsgərli bildirib ki, Ermənistanda qətlə yetirilən şəxslər siravi vətəndaşlar olmayıblar, üzdə olan, cəmiyyətdə tanınan şəxslər olublar: 

"Məsələn, 2001-ci ildə Ermənistanın İctimai Televiziyasının rəhbəri Tiqran Naqdalyan qətlə yetirildi. 2008-ci ildə Parlament bombalandı, 2012-13-cü illərdə cinayətlər baş verdi. Yəni daimi olaraq bu cür hadisələr Ermənistanda baş verməkdədir. Yeqizaryanın ölümü də bu olayların davamıdır. Hətta ictimai nüfuz və sambal baxımından Yeqizaryandan daha çox tanınmış insanlar qətlə yetiriliblər.

Amma məsələ ondadır ki, jurnalistin qətli kimi ona olan münasibət də ənənəvidir. Bu yaxınlarda araşdırma apardıq və məlum oldu ki, nə Avropa Parlamentinin nə də qitənin başqa qurumlarının heç bir bu məsələ ilə bağlı münasibət bildirməyib. Bu da onu göstərir ki, Ermənistanda belə hadisələr, yəni insanların qətli və ona verilən reaksiya artıq ənənə halını alıb".

MŞ sədr müavini deyib ki, əslində Qərb təşkilatları Ermənistandakı prosesləri çox yaxşı görür. Sadəcə bilərəkdən susqunluq yaradırlar: 

"Bu da ikili yanaşmanın nəticəsidir. Həmin dairələr Ermənistanın demokratik dəyərlər baxımıdan Azərbaycandan "öndə" olduğunu təmin etmək üçün düşmən ölkədə baş verən hadisələrə göz yumurlar. Amma əksinə, Azərbaycanda nəinki olan, hətta olmayan hadisələri uyduraraq onun haqqında bəyanatlar verir, qətnamələr qəbul edirlər. 

Bu yaxınlarda cənab Prezident çıxışı zamanı bildirdi ki, "erməni konyak diplomatiyası" sayəsində Avropalı diplomatlara təsir edirlər, onları rüşvətlə ələ alırlar. Məhz həmin satılmış adamlar da Ermənistandakı hadisələri görməzdən gəlirlər. 

Uğurumuz ondadır ki, beynəlxalq təşkilatların ermənilərə bilərəkdən biganə yanaşdıqlarını isbat edə bilirik. Azərbaycan artıq o gücdədir ki, belə məsələləri beynəlxalq təşkilatlarda qaldıra bilir. O təşkilatlar vasitəsi ilə Ermənistanda baş verənləri ifşa edir. Azay Quliyev bu məsələdə tək deyil, bizim başqa təşkilatlarda təmsil olunan nümayəndələrimiz də dünya ictimaiyyətini ayağa qaldırırlar və ortaya fakt qoyurlar".

sherg.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31