Con Boltonun Azərbaycan Prezidentinə zəngi nədən xəbər verir?

Olaylar.az ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan Prezidentinə telefon zənginin əsas məğzi ilə bağlı Tətbiqi Politologiya Mərkəzi ekspertlərinin fikirlərini öyrənib. “Con Boltonun Azərbaycan Prezidenti ilə telefon danışığının əsas məğzinin regional məsələlərlə bağlı olduğunu düşünürəm”.

Olaylar.az ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan Prezidentinə telefon zənginin əsas məğzi ilə bağlı Tətbiqi Politologiya Mərkəzi ekspertlərinin fikirlərini öyrənib.

"Con Boltonun Azərbaycan Prezidenti ilə telefon danışığının əsas məğzinin regional məsələlərlə bağlı olduğunu düşünürəm".

Ekspert Zeynal Əmrəliyev bildirib ki, Con Bolton ABŞ-da siyasətin əsas simalarından biridir. Çox güclü siyasi manevr imkanlarına malik şəxsdir. Xüsusilə ABŞ-da böyük nüfuzu olan beyin mərkəzləri ilə çox sıx təması var: "Boltonun cənab prezidentə zəngi şübhəsiz ki, mühüm və düşündürücü addımdır. Bildiyimiz kimi Donald Tramp hakimiyyətə gələn kimi Şərqə qarşı yeni siyasi xətt götürdü. Son dövrlər baş verən hadisələri yaxından analiz etdikdə aydın olur ki, bu siyasətin əsas icraçısı prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltondur. Son dövrlər bir Azərbaycan-ABŞ münasibətlərində yaxınaşma müşahidə edilirdi. Bu zənglə deyə bilərik ki, biz ABŞ-ın regional məsələlərdə Azərbaycanla məsləhətləşmələr aparır. Son dövrlər ölkəmizin həyata keçirdiyi uğurlu lahiyələr, Azərbaycanı beynəlxalq aləmdə söz sahibi ölkəyə çevirib. Con Boltonun Azərbaycan Prezidenti ilə telefon danışığının əsas məğzinin regional məsələlərlə bağlı olduğunu düşünürəm. Onu da qeyd edim ki, yaxın zamanda hansısa bir yüksək rütbəli ABŞ dövlət xadimin ölkəmizə səfərinin şahidi ola bilərik".

"Con Boltonun Azərbaycan prezidentinə zəngi iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyindən xəbər verir".

Ekspert Kənan Paşayev qeyd edib ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun prezident İlham Əliyevə zəngi bir daha Azərbaycanın Amerika üçün önəmini sübut etdi: "Bundan bir neçə ay əvvəl Con Boltonun Azərbaycan səfərini xatırlayaq. Telefon danışığı zamanı bir neçə mövzu müzakirə edilsə də ən önəmli danışıqlar Qarabağ problemi və enerji təhlükəsizliyi məsələləri oldu. Bundan bir neçə gün əvvəl Con Bolton Ermənistanın baş nazirinə də zəng edib, bir sıra məsələləri müzakirə etmişdir. Çox güman ki, onunla da münaqişə haqqında müzakirələr aparıb. Düzdür, Nikol Paşinyan bu faktı danır, lakin ola bilməz ki, Bolton Paşinyana zəng etsin amma Qarabağ problemi məsələsinə toxunmasın. Görünən odur ki, ikisi arasında keçən söhbət ölkədəki vəziyyəti Paşinyanın rəqiblərinin xeyrinə dəyişə bilər və bu səbəbdən Paşinyan danışıqların əsl mahiyyətini gizlətməyə çalışır. Azərbaycanla danışıqlara gəldikdə isə söhbət bizim üçün çox müsbət oldu. Hətta mən deyərdim ki,  enerji təhlükəsizliyi ilə Qarabağ problemi haqqında aparılan danışıqlar bir-biri ilə sıx əlaqəlidir. Azərbaycanın müharibə şəraitində inkişaf edən ölkə olması ABŞ-ın maraqlarına da uyğun deyil. Çünki, bir çox layihələrimiz var ki, biz o layihələr də Qərblə sıx əməkdaşlıq edirik. Bu səbəbdən də ABŞ münaqişənin ən qısa zamanda həllinə maraqlıdır. Ümumiyyətlə bütün bu əməkdaşlıqlar və Con Boltonun Azərbaycan prezidentinə zəngi iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyindən xəbər verir".

"Con Boltonun ölkə başçısı İlham Əliyevlə telefon danışığı ABŞ və Rusiya mübarizəsinin bir elementidir".

Ekspert Rusif Məmmədsoy vurğulayıb ki, Con Boltonun ölkə başçısı İlham Əliyevlə telefon danışığı ABŞ və Rusiya mübarizəsinin bir elementidir: "Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, Con Boltonun telefon danışığı zamanı Rusiya xarici işlər nazirinin müavini Ermənistanda olub və bir sıra fikirlər səsləndirib. Hansı ki, bu fikirlər bizlər üçün yaxşı heçbir şey vəd etmir. Düşünürəm ki, iki güclü dövlətin digər regionlarda olduğu kimi Cənubi Qafqazda da maraqları üst-üstə düşür. Daha dəqiq desək ABŞ Rusiyanın bu bölgədə təsirini azaltmağa çalışır. Bu mənada ABŞ və Azərbaycan münasibətlərində daha da yaxınlaşma müşahidə edə bilərik. Təbii ki, bu güclü qonşumuzu razı sala bilməz. Bunun üçün Dağlıq Qarabağ məsələsinin həllində daha aktiv olmalıdır. Əks təqdirdə Azərbaycan tərəfi alternativ yollara müraciət etməsi də tamamilə doğrudur. Davos görüşündən sonra məsələnin həllinə dair az da olsa ümid yaranmışdır. Lakin, Paşinyan dünən Dağlıq Qarabağı boşaltmayacaqlarını dilə gətirdi. Təbii ki, bu da başa düşüləndir. Çünki, Paşinyan digər anti qüvvələr tərəfindən sıxışdırılır və Ter Petrosyanın taleyini yaşamaq istəmir. Bu səbəbdən də bu cür fikirlər səsləndirməyi gözlənilən idi. Digər maraqlı məqam isə Con Bolton daha əvvəl məhz Paşinyanla telefon danışığı aparmışdı.
Hesab edirəm ki, ABŞ və Azərbaycan münasibətlərində yeni bir səhifə açılacaq. Bu isə birbaşa Rusiya maraqlarına zidd şəkildə təşkil ediləcək ABŞ tərəfindən. Azərbaycan tərəfinin isə bir qayəsi var. O da ki, Dağlıq Qarabağ məsələsinin bu ilin sonuna kimi həll edilməsidir. Düşünürəm ki, danışıqların davam etdirilməsi bizə heç nə vəd etmir. Təbii ki, Paşinyanın son çıxışından sonra ölkə başçısı İlham Əliyev də bunu bilir. Zənnimcə, bu ili "Aprel döyüşləri " nin davamı kimi də xarakterizə edə bilərik !

Daha dəqiq desək iki ölkənin kəsişən maraqları məhz Cənubi Qafqaz regionudur. Bu məsələdə erməni lobbisinin də ABŞ- a təsir edə biləcəyini düşünmürəm.

Lakin, məsələnin digər tərəfi də ondan ibarətdir ki, qonşu ölkələrdə də ABŞ-ın yaxınlığının şahidi olmuşduq və sonrakı taleyləri də göz önündədir. Hesab edirəm ki, Azərbaycan tərəfi doğru olan, balanslaşdırılmış siyasətə üstünlük verəcək".

Nigar Orucova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31