Gürcüstanın boz kardinalının Azərbaycanın maraqlarına zidd siyasəti
Erməni maliyyəsi indi də Bakı ilə Tiflis arasında münasibətlərə zərbə vurmağa sərf edilir
1 Fevral 2019 12:17 SiyasətErməni maliyyəsi indi də Bakı ilə Tiflis arasında münasibətlərə zərbə vurmağa sərf edilir
Zaman-zaman Azərbaycanla onun qonşuları arasında olan münasibətlərə zərbə vurmaq, ikitərəfli əlaqələri gərginləşdirmək məqsədilə müəyyən maraqlı qüvvələr tərəfindən cəhdlər edilir. Ayrı-ayrı zamanlarda həm Rusiya, həm Gürcüstan, hətta qardaş Türkiyə ilə münasibətlərdə gərginlik yaratmaq məqsədilə məkirli plaların ortada olduğunun şahidinə çevrilmişik. Onu da qeyd etmək lazımdır ki, bu kimi cəhdlərdə hər zaman erməni barmağı özünü daha qabarıq şəkildə göstərib və bu gün də ermənilər eyni fəaliyyələrini davam etdirirlər. Amma bəzi hallarda qeyd etdiyimiz ölkələrdə, xüsusilə Rusiya və Gürcüstandakı müəyyən siyasi dairələr, hətta hakimiyyətdə təmsil olunan bəzi qüvvələr belə Azərbaycanla münasibətlərdə gərginlik yaratmaqda maraqlı görünürlər. Baxmayaraq ki, rəsmi Bakı ilə münasibətləri gərginləşdirmək ilk növbədə həmin ölkələrin ziyanına işləyir. Çünki Azərbaycanın regiondakı nüfuzu, siyasi çəkisi və malik olduğu imkanlar, eləcə də bir sıra qlobal və regional layihələrin təşəbbüskarı olması həmin ölkələrin rəsmi Bakı ilə yaxından əməkdaşlıq etməsini zərurətə çevirir.
Ancaq qeyd etdiyimiz kimi bu reallığı dərk etməyən adıçəkilən ölkələrdə fəaliyyət göstərən bəzi siyasi qüvvələr bilərəkdən və ya bilməyərəkdən Azərbaycanın maraqlarına zidd addımlar ataraq strateji tərəfdaşlıq münasibətlərinə zərbə vurmuş olurlar. Necə ki, eyni situasiya, mənfi tendensiya bu günlərdə Gürcüstanda müşahidə edildi. Belə ki, bir müddət əvvəl qonşu ölkədə erməni terrorçunun adı əbədiləşdirildi və onun abidəsi ucaldıldı. Hansı ki, həmin erməni terrorçu Azərbaycan ərazilərinin işğal edilməsində, azərbaycanlılara qarşı vəhşiliklərin törədilməsində yaxından iştirak edib. Qonşu Gürcüstanda baş verən bu hadisə haqlı olaraq Azərbaycanın rəsmi və qeyri-rəsmi dairələrində etiraza səbəb oldu. Vəziyyət o həddə çatdı ki, rəsmi Bakı adekvat addım olaraq Gürcüstana satdığı qazın qiymətini artırdı. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyir ki, Azərbaycanın Gürcüstana satdığı qazın qiymətinin qaldırması, son aylar Tiflisin Ermənistana reveranslarına cavabdır. Onun sözlərinə görə, bu, rəsmi Bakının müsbət addımıdır: "Azərbaycan daima Gürcüstana güzəştli qiymətlərlə qaz satıb, öz iqtisadi siyasəti ilə bu ölkənin iqtisadiyyatına milyardlarla dollar sərmayə qoyub. Belə olan təqdirdə, rəsmi Tiflisin Ermənistana yaxınlaşması, hətta Gürcüstanın separataçı ərazisi olan Cənubi Osetiyadan keçən yolu Ermənistan üçün istifadəyə verməsi, ölkəmizə qarşı demarşı kimi qiymətləndirirəm. Bundan əlavə, ölkəmizə qarşı işğalçı müharibədə iştirak etmiş Gürcüstan vətəndaşı olan erməniyə abidə ucaldılmasına razılıq verməsi, amma Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəriman Nərimanovun abidəsinin götürülməsinə göz yumması bu ölkənin rəsmi siyasətdir. Göründüyü kimi Gürcüstan hakimiyyəti öz xələflərinin ziddinə siyasət apararaq Şevarnadze və Saakaşvilidən sonra ölkəmizlə əlaqələri pozmaqla özlərində guya "təzyiq"siyasəti apardıqlarını düşünürlər. Amma Gürcüstan rəhbərləri anlamır ki, enerji və nəqliyyat layihələrində Azərbaycanın digər alternativləri olduğu halda Gürcüstanı seçdi". Politoloq deyir ki, bu gün Gürcüstan Türkiyə və Azərbaycanın dəstəyi ilə inkişaf yolundadı: "Gürcüstana faktiki rəhbərlik edən Bidzina İvanaşvili ölkəsində anti-demokratik siyasət apararaq, Azərbaycanla əlaqələri korlamaqla, Ermənistanla inkişaf etdirməyə dəyişir. Rəsmi Bakı qazın qiymətini bir neçə dəfə qaldırmalı, öz investisiyasının bir hissəsini Gürcüstandan geri çəkməlidir. Qeyd edim ki. Gürcüstan Rusiya ilə əlaqələrində dərin uçurm var, İranla enerji siyaəti Birləşmiş Ştatların hədəfinə gəlmək deməkdir. Azərbaycanla münasibətləri pozmaq, Türkiyə ilə əlaqələrə zərbə endirməkdir. Ermənistan Gürcüstana nə verəcək?! Yayda ərik verəcək, ermənilərin ərikləri ilə dolanarlar". Məhəmməd Əsədullazadə onu da deyib ki, Bidzina İvanaşvili erməni lobbisnin təsiri altındadır. Rusiyada erməni lobbisi ilə İvanaşvilinin güclü bağları var: "Azərbaycanın Gürcüstana təzyiq etmək üçün kifayət qədər əlində rıçaqları var. Onları mütləq işə salmalıyıq ki, İvanaşvili erməni rüşvəti hesabına Gürcüstan- Azərbaycan əlaqələrinə zərbə endirməsin".
Süleyman