"Boltonun zəngi Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə təsir göstərə bilər"

"ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun prezident İlham Əliyevə zəngini, eləcə də ABŞ - Azərbaycan münasibətlərinin xarakteristikasını qiymətləndirdikdə, son illər ABŞ-ın regionda apardığı siyasətin prioritetlərinin dəyişdiyini deyə bilərik. Artıq ABŞ öz siyasətini praqmatik reallıqlar əsasında qurmaq niyyətindədir ". Bu fikirləri politoloq İlqar Vəlizadə deyib.

O bildirib ki, ABŞ onun maraqlarını təmin edə biləcək ölkələrlə münasibət qurmağa üstünlük verir: "ABŞ prezidenti Trampın siyasətini xarakterizə etsək burada mənfəət qazanmaq niyyəti ön planda dayanır. Siyasi, iqtisadi mənfəətləri yalnız uğurlu, inkişaf edən ölkələrlə əməkdaşlıq etməklə qurmaqla əldə etmək olar. Azərbaycanın regionda dinamik inkişaf edən uğurlu ölkə olduğunu nəzərə alsaq, o zaman ABŞ-ın ölkəmizlə əməkdaşlıq etməsi bu ölkə üçün də faydalıdır. Çünki, ölkəmiz ABŞ-dan kredit istəyən ölkə deyil və əksinə həmin ölkəyə iqtisadi dividentlər qazandırmaq imkanlarına malikdir".

ABŞ-ın regionda maraqlarına gəlincə politoloq söyləyib ki, Əfqanıstanda siyasi hərbi maraqları olan ABŞ nəqliyyat xətti ilə burada dayaqlarını möhkəmləndirmək istəyir: "Nəqliyyat xətti Qara dəniz hövzəsindən Gürcüstan və Azərbaycandan keçir. Azərbaycan isə burada qovşaq rolunu oynayır. ABŞ Azərbaycanla münasibətlərini saxlamaqla bu nəqliyyat xəttini işlək vəziyyətdə saxlamış olur".

İ.Vəlizadə qeyd edib ki, ABŞ-ın regionda digər marağı enerji məsələləri ilə bağlıdır ki, ABŞ öz neft və qazını Azərbaycan vasitəsilə həyata keçirmək niyyətindədir: "Boltonun və ABŞ-ın əsas məqsədi regionda olan maraqlarını risk altından çıxarmaqdır və Vaşinqton Azərbaycanla münasibətlərini sıxlaşdırmaqla buna nail olmuş olur".

ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlindəki maraqlarına gəlincə, politoloq vurğulayıb ki, son aylar ərzində münaqişənin həlli istiqamətində danışıqların aktivləşməsi ABŞ-ın marağındadır: "Görünür Bolton problemin həlli istiqamətində baş verənləri və tam dolğun məlumatları birinci şəxsin dilindən eşitmək istəyib. Çox maraqlıdır ki, Bolton Azərbaycan Prezidenti İlham Əliyevə zəng etsə də, Ermənistanın baş nazirinə zəng etməyib. Bu o deməkdir ki, Azərbaycan ABŞ üçün daha etibarlı mənbə sayılır. Ümumiyyətlə, münaqişənin həli istiqamətində ABŞ-la Azərbaycanın mövqeyi bir çox hallarda üst-üstə düşür. ABŞ nümayəndələri, eləcə də Bolton özü də bildirmişdi ki, işğal altında torpaqlar qeydi-şərtsiz boşaldılmalıdır. Çox təəssüf ki, bunu yalnız Ermənistan başa düşmək istəmir".

Son həftələr ərzində münaqişənin həlli istiqamətində nikbin məlumatların gəldiyini dilə gətirən İ. Vəlizadə bildirib ki, bu məsələ ABŞ-ın da diqqətini cəlb etməyə başlayıb: "ABŞ Minsk qrupunun həmsədridir. Onların mövqeyi məsələnin həllində mühüm rol oynayır. Əgər ABŞ tərəfi danışıqlarda Azərbaycanın mövqeyini dəstəkləyərsə, o zaman bu, fevral ayında Azərbaycan və Ermənistan XİN başçılarının arasında keçiriləcək görüşə də öz təsirini göstərəcək".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31