"ABŞ münaqişənin həlli ilə əlaqədar ikinci həmləsini edir"

"ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun prezident İlham Əliyevə zəngi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar ikinci həmləsi adlandırıla bilər". Bu fikirləri politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, ilk həmlə 2000-ci ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə ATƏT-in zirvə toplantısı zamanı olmuşdu: "Həmin dövrdə də proseslərdə böyük irəliləyişlər var idi. Hətta sülh sazişinin imzalanmasına dair fikirlər mətbuata yol açmışdı. Lakin, həmin dövrdə Ermənistan parlamentinin gülləbaran edilməsi, spikerin, baş nazirin və deputatların öldürülməsi bu prosesi yarımçıq qoydu. Əgər zamanında bu reallaşsa idi, indi Ermənistan bəlkə də Azərbaycanın təşəbbüsü ilə keçirilən böyük layihələrə qoşularaq, çox geniş imkanlar qazanmış olardı. Amma Ermənistan təcavüzkar və danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutmaqla bu layihələrdən kənarda qaldı, iqtisadi vəziyyəti daha da ağırlaşdı. Bu da təbiidir. Çünki, təcavüzkar dövlət bu cür də cəzalandırılmalıdır".

Hazırda ABŞ-ın regiona xeyli diqqət ayırdığını deyən politoloq söyləyib ki, burada məqsəd Rusiyanın təsirlərini zəiflətməkdir.

Onun sözlərinə görə, ABŞ-ın regionda maraqları təkcə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı deyil, həm də enerji dəhlizinin, resurslarının Qərbə təhlükəsiz daşınmasının təminatı ilə bağlıdır: "Amma sözsüz ki, məsələnin mahiyyətində Dağlıq Qarabağ problemi dayanır. Boltonun zəngini tərəflərə - Azərbaycan və Ermənistana üçüncü bir dövlətin təsirinin, bəzən də təzyiqinin azaldılması, tərəflərin sülhə meylləndirilməsi ilə bağlı zəng də hesab etmək olar".

Q.Hüseynli bildirib ki, ABŞ Azərbaycanın regionda böyük və xüsusi çəkiyə malik dövlət olduğunu anlamağa başlayıb: "ABŞ başa düşür ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bu bölgədə azad münasibətlərin formalaşması, strateji maraqların reallaşmasına böyük köməklik göstərə bilər. Zənnimcə Bolton ABŞ prezidenti tərəfindən xüsusi bu işlərin həyata keçirilməsinə təhkim edilərək bu işdə fəallıq nümayiş etdirilməsi tapşırıq verilib".

Politoloq əlavə edib ki, Ermənistan tərəfinin hazırkı mövqeyi uzun müddət davam edə bilməz: "Əgər ABŞ sona qədər siyasi iradə nümayiş etdirərək, Ermənistana təsir etsə, o zaman düşmən ölkə konstruktiv mövqe nümayiş etdirə bilər. Hesab edirəm ki, ABŞ öz həmləsini sona qədər davam etdirəcək".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31