“ABŞ-ın Azərbaycanla bağlı strateji maraqlara sahib olduğu qətiyyən şübhə doğurmur”
31 Yanvar 2019 16:26 SiyasətSiyasi ekspert: "Con Boltonun Azərbaycan Prezidenti ilə telefon danışığının əsas məğzi Dağlıq Qarabağ münaqişəsinə dair mövcud vəziyyətin dəyərləndirilməsindən ibarət olub"
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və Azərbaycan prezidenti İlham Əliyev arasında telefon söhbəti zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.
Con Bolton şəxsi Twitter səhifəsində prezident İlham Əliyevlə telefon danışığı barədə yazıb.
"Bu gün mən Azərbaycan prezidenti İlham Əliyevlə danışmışam. Biz enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dəstəyini müzakirə etmişik", Con Bolton Twitter mesajında bildirib.
Olaylar.az-a mövzunu şərh edən siyasi ekspert Ceyhun Əhmədli bildirib ki, ümumiyyətlə son vaxtlar biz ABŞ-ın Cənubi Qafqazda siyasi baxımdan möhkəmlənmək cəhdlərini müşahidə edirik: "Ermənistanda baş verən proseslər bunun nəticəsidir. Aydındır ki, Dağlıq Qarabağ münasişəsinin həlli prosesində fəallıq nümayiş etdirmədən ABŞ Cənubi Qafqaza nüfuz edə bilməz. Çünki bu münaqişə regionun təhlükəsizliyi və inkişafına başlıca təhdid mənbəyi kimi qəbul olunur. Bu təhdidin aradan qaldırılmasına dəstək olmaq regionda fərqli geosiyasi mənzərənin yaranmasına rəvac verə bilər. Bu baxımdan, ABŞ münaqişənin həllinə öz töhfəsini verməklə Cənubi Qafqazda möhkəmlənə bilər. Ötən il Donald Trampın Azərbaycan Prezidentinə məktublarında münaqişə ilə bağlı əks olunan qeydlər, Con Boltonun region turnesi, onun İrəvanda ifadə etdiyi fikirlər ABŞ-ın fəallaşdığını göstərən faktlardır. Dünyaca məşhur "Stratfor" beyin mərkəzinin 2019-cu il hesabatında da qeyd olunmuşdu ki, ABŞ-Rusiya toqquşmasının cari il ərzində əsas meydanlarından biri də Cənubi Qafqaz olacaq. Həmin hesabatda xüsusi olaraq vurğulanırdı ki, ABŞ Ermənistan ərazisindən Rusiyaya qarşı geosiyasi platsdarm kimi istifadə edə bilər".
Ekspert qeyd edib ki, ABŞ-ın Azərbaycanla bağlı strateji maraqlara sahib olduğu qətiyyən şübhə doğurmur: "Həm Azərbaycanın coğrafi mövqeyi, həm də Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin oynadığı rol ABŞ tərəfindən yüksək qiymətləndirilir. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan enerji layihələrinə rəsmi Vaşinqtonun dəfələrlə dəstək olması bu reallıqlardan xəbər verir. Azərbaycan Prezidentinin Boltonla telefon danışığında söz yox ki, bu məsələlər də müzakirə olunub. Amma fikrimcə, telefon danışığının əsas məğzi Dağlıq Qarabağ münaqişəsinə dair mövcud vəziyyətin dəyərləndirilməsindən ibarət olub. Xatırlayırsızsa, Davosda Ermənistan və Azərbaycan liderlərinin görüşündən dərhal sonra Boltonla Paşinyan arasında telefon danışığı olmuşdu. Görünür, ABŞ münaqişə tərəflərinin mövqelərini dəqiqləşdirib daha ciddi təmaslar ortaya qoymağa hazırlaşır. Bu xüsusda, Paşinyanla Prezident İlham Əliyev arasında Amerika tərəfinin moderatorluğu ilə bir görüşün keçiriləcəyini istisna etmirəm. ABŞ-ın məqsədi Cənubi Qafqaz regionunda Rusiyanın təsir dairəsini maksimum şəkildə məhdudlaşdırmaqdır. Nəzərə alaq ki, ABŞ regionda lider oyunçu olaraq Azərbaycanı görür. Bu baxımdan, regionda möhkəmlənmək üçün Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan dövlətinin maraqları çərçivəsində həlli labüddür. Bunu Ağ Ev rəhbərliyi də çox yaxşı bilir".
Nigar Orucova