“Dağlıq Qarabağ münaqişəsini həlli ABŞ-ın nüfuzunu artıra bilər”
30 Yanvar 2019 16:31 Siyasət"Son dövrlərdə ABŞ-Azərbaycan münasibətlərində proseslərin fəallaşdığını müşahidə edirik. İki ölkə arasındakı rəsmi şəxslərin ünsiyyəti ən yüksək səviyyədə intensivləşir. ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəngi və bir sıra vacib məsələləri müzakirə etməyi də bu proseslərə misal ola bilər. Bundan əvvəl də bir çox hadisələr baş verib. Bolton regiona səfər edib, ABŞ prezidenti Donald Tramp Azərbaycan Prezidentinə və Ermənistanın baş nazirinə göndərdiyi təbrik məktublarında Dağlıq Qarabağ məsələsinə önəm verdiyini hər zaman qeyd edib, münaqişənin yaxın zamanlarda həllinin ümidverici olduğunu bildirib".

Bu fikirləri Beynəlxalq münasibətlər üzrə mütəxəssis, politoloq Nəzakət MəmmədovaAzərbaycan-ABŞ münasibətlərində Dağlıq Qarabağ münaqişəsinin həllinin rolu barədə danışarkən deyib.
O bildirib ki, Boltonla Azərbaycan dövlət başçısı arasında telefon danışığında enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib: "Amerikanın Dağlıq Qarabağ məsələsinə 2 nöqteyi-nəzərdən yanaşmasını müşahidə edirik. Birincisi, Cənubi Qafqazdakı sabitlik baxımından Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın gündəmindədir və planlarına daxildir. Tramp Administrasiyası son dövrlərdə Cənubi Qafqaz regionuna öz diqqətini çox artırıb. Bunun da səbəbləri var. Çünki bizim yerləşdiyimiz bölgə Çin Rusiya, Türkiyə, İran kimi böyük dövlətlərin diqqət mərkəzində olan və kəsişdiyi bir regiondur. Bu baxımdan ABŞ-ın burada mövqelərini möhkəmləndirməsi və Dağlıq Qarabağ münaqişəsini həll etməsi Amerikanın nüfuzunu və bölgədə sabitliyi artıra bilər. Bundan başqa, bu, ABŞ-a şərait yaradar ki, həm geosiyasi planlarını, həm də enerji layihələrini uğurla həyata keçirsin. Bir də var stuativ, yəni mövcud durumla bağlı olan yanaşma. Ermənistanda Paşinyanın rəhbərliyi altında ABŞ-ın dəstəklədiyi qüvvələr hakimiyyətə gəlib. ABŞ-ın Azərbaycanla təmaslara can atmasında məqsəd iki ölkəni yaxınlaşdırmaq, Rusiyanın proseslərə müdaxiləsini minimuma endirmək və onu proseslərdən təcrid etmək, həmçinin Azərbaycan tərəfindən müharibənin başlamağına icazə verməməkdən ibarətdir. Azərbaycan öz torpaqlarını güc yolu ilə azad etməyə çalışsa bu zaman Paşinyanın vəziyyəti çox gərginləşəcək, münaqişə alovlanacaq və Ermənistanda təbii ki, sabitlik pozulacaq. ABŞ-ın hakimiyyətə gətirdiyi qüvvələr orada möhkəmlənə bilməyəcəklər. Ona görə də Amerika çalışır ki, münaqişədə atəşkəsin pozulmasının qarşısını alsın".
"Bolton bundan öncə yanvarın 23-də Paşinyana zəng edib", - deyən politoloq əlavə edib ki, onun prezident İlham Əliyevə zəngi ilk növbədə Dağlıq Qarabağ məsələsi ilə bağlıdır: "Amerika iki dövlət arasında düşmənçiliyə son qoyulmasını, torpaqların işğaldan azad edilməyini və sülhün yaranmasını istəyir. ABŞ başa düşür ki, təkcə Ermənistanda möhkəmlənməklə olmaz. Eyni zamanda Azərbaycanla da yaxınlaşmalıdır ki, Cənubi Qafqaz regionunu öz nəzarəti altına ala bilsin. Azərbaycanın da ürəyinə gedən yol Qarabağdan keçir. Amerika problemin həllinə kömək etsə əlbəttə, Azərbaycan dövlətinin və xalqının rəğbətini qazanacaq. Bu yəqin ki, Ermənistanda da yaxşı qarşılanacaq. Çünki Ermənistan Azərbaycanın layihələrinə qoşula bilər, gəlirləri artar, rifah halı yaxşılaşar. Amerika buna can atır, amma Rusiya münaqişənin nə müharibə, nə də sülh yolu ilə həllinə çalışmır, vəziyyətin indiki kimi qalmasında maraqlıdır. Yəni hər iki ölkə ondan asılı olsun. Amerika isə bunun qarşılığında münaqişənin həllini istəyir ki, bu yolla da Rusiyanı regionda sıxışdıraraq onun nüfuzunu azaldıb öz təsirini gücləndirsin"
N.Məmmədova hesab edir ki, hər bir halda ABŞ-ın planı Azərbaycana daha çox uyğundur: "Çünki biz münaqişədə irəliləyiş istəyirik. Düşünürəm ki, bu il belə zənglər, təmaslar intensivləşəcək. Həmçinin 2019-cu ildə münaqişənin həllində hər hansı bir irəliləyiş gözləmək olar".
azadinform