"Boltonun zəngi ABŞ-ın Azərbaycanla əməkdaşlığa önəm verməsinin göstəricisidir"
“ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi məzmuna və zamanına görə çox diqqətçəkici hadisədir”. Bu fikirləri “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
30 Yanvar 2019 16:11 Siyasət"ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngi məzmuna və zamanına görə çox diqqətçəkici hadisədir". Bu fikirləri "Bakı-Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.
Boltonun telefon zənginin bir sıra maraqlı geosiyasi hadisələrlə üst-üstə düşdüyünü deyən baş redaktor söyləyib ki, artıq Azərbaycanın dünyada rolu sürətlə möhkəmlənir, ölkəmizin dünyada sülhyaratma əməliyyatlarında iştirakının effekti yüksəlir, regionda və Avropanın enerji təhlükəsizliyinə real töhfələr verir: "Azərbaycan Prezidentinin səyləri ilə Dağlıq Qarabağ probleminin həllinin real mərhələyə çıxması, ölkəmizin regional və qlobal müttəfiqlərinin artması, Azərbaycanın Avrasiyada strateji tranzit məkan kimi daim güclənməsi, İslam və Qərb sivilizasiyalarını yaxınlaşdırmaqda önəmli rolunun artması, dünya üçün çox maraqlı olan post-neft inkişaf modelinin yaradılmasını çox uğurla aparması və digər faktorlar kənardan çox cəlbedici görünür və Azərbaycanın dünya, region üçün nə qədər önəmli ölkə olduğunu daha aydın göstərir".
A.Quliyev vurğulayıb ki, Azərbaycanın sülh və təhlükəsizlik üçün təsirli ölkə olması, ölkəmizin sabit və dinc inkişafı, Azərbaycan Prezidenti kimi etibarlı bir tərəfdaşla mühüm məsələlər ətrafında işbirliyinə getmək ABŞ-ın siyasətinə uyğundur: "Con Boltonun Azərbaycan Prezidentinə zəngi ABŞ-ın Azərbaycanla əməkdaşlığı davam etdirməyə çox önəm verməsinin göstəricisidir. ABŞ-ın Dağlıq Qarabağ probleminin dinc yolla həllində maraqlı olduğu bir sıra tutarlı arqumentlərə görə şəksizdir. Bu istiqamətdə ABŞ-Azərbaycan əməkdaşlığının daha da dərinləşməsinin regionda ümumi təhlükəsizlik üçün çox vacib olmasına ABŞ da lazımı dəyəri verir".
Ötən il ABŞ dövlət müşavirinin Ermənistana səfəri zamanı Azərbaycan torpaqlarının mütləq qaytarmalı olduğu barədə açıq mesajlar verməsini xatırladan siyasi ekspert qeyd edib ki, bu gün Boltonun Prezident İlham Əliyevlə Qarabağ problemini telefonda məxsusi müzakirə etməsi Azərbaycanın Qarabağ diplomatiyasının və bütünlükdə təhlükəsizlik siyasətinin ABŞ tərəfindən dəstəklənməsinin göstəricisidir.
A.Quliyev əlavə edib ki, bu zəng regionda Azərbaycana və Prezident İlham Əliyevə həm şəxsi, həm də geosiyasi kontekstdə etibarlı və perspektivli tərəfdaş kimi baxıldığının aşkar ifadəsidir.
SİA