“Ordu Paşinyanı devirə bilər” – Boltondan kritik zənglər
30 Yanvar 2019 12:14 Siyasət"ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Tvitterdə Ermənistan baş naziri və Azərbaycan prezidenti, eləcə də Gürücstanın baş naziri ilə telefonda danışdığını yazıb".
Bunu politoloq Erkin Qədirli deyib.
Onun sözlərinə görə, Bolton Ermənistan baş naziri ilə danışığı barədə yazıb ki, Nikol Paşinyanı seçkilərin nəticələri münasibətilə təbrik edib və uğurlar diləyib:
"Başqa heç nə... Erməni şərhçilərinin yazdığına görə, Boltonla Paşinyan arasında telefon danışığının mövzusu İran olub. Görünür, Bolton Paşinyandan, Ermənistan üçün çox çətin, hətta mümkünsüz sayılan məsələyə - İrana qarşı sanksiyalara qoşulmağa münasibətini soruşub.
Azərbaycan prezidenti ilə telefon danışığından yazan Bolton üç mövzunu açıqlayıb: enerji, təhlükəsizlik, Dağlıq Qarabağ... Erməni şərhçilərinin yazdıqlarına qayıtsaq, Boltonun Qarabağı anacaq İlham Əliyevlə müzakirə etməsi, Paşinyanla isə bu haqda danışmaması və ya danışıbsa, bu haqda heç nə yazmaması, xüsusi diqqət cəlb edir".
Erkin Qədirli qeyd edib ki, Paşinyanın durumu çox çətindir:
"Ermənistandakı hakimiyyətiçi gedişatın nəylə nəticələnəcəyini hələ də aydın demək olmur. Məsələn, o gün Ermənistanda Ordu Günü qeyd olundu, mərasimə general Xaçaturov da qatılmışdı. Paşinyan həmin generalı həbs etmək istədi, hələ də istəyir. Amma Rusiyadan çəkindiyinə görə edə bilmir.
Xaçaturovun Paşinyanın da işitrak etdiyi tədbirə açıq gəlməsi önəmli problemlərdən xəbər verir. Güman ki, Xaçaturovun Ermənistan ordusunda nüfuzu və təsiri yetərincə yüksəkdir və Paşinyan ona bata bilmir. Elədirsə, onda Paşinyanın ciddi yanlışı olarsa, ordu onu devirə də bilər. Bu isə öz növbəsində Paşinyanın Qarabağla bağlı danışıqlarda mövqeyini önəmli dərəcədə zəiflədir".
TELEQRAF.COM